Sosial şəbəkələrdə Müsavat-AXCP qarşıdurması ifrat söyüş həddinədək yüksəlib
AXCP və Müsavat partiyaları arasında artan savaş xətti özünü sosial şəbəkələrdə daha çox büruzə verməkdədir. Belə ki, budəfəki barışmaz münasibətlərə daha biri də əlavə olunub. Hədəf isə AXCP sədri Əli Kərimli və onun bilavasitə nəzarətində olan "Azadlıq" qəzetidir.
Vidadi İsgəndərli: "Azadlıq" qəzetinə müsahibə verməyim üçün Əli Kərimli icazə verməlidir, budurmu demokratiya?"
Onu da qeyd edək ki, az öncə həbsdən azadlığa buraxılan "hüquq müdafiəçisi" Vidadi İsgəndərli onsuz da münasibətləri kifayət qədər soyuq olan "cəbhəçi"-müsavatçı qarşıdurmalarının əsas səbəbkarı kimi göstərilməkdədir. Məsələ isə ondadır ki, V.İsgəndərli prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edib və bununla bağlı "Azadlıq" qəzetinə müsahibə verməyi planlaşdırıb. Lakin qəzet, iddia olunduğu kimi, "demokratik" tərzini nümayiş etdirərək, "hüquq müdafiəçisinin" müsahibə vermək təklifini rədd edib. Nəticədə, V.İsgəndərli həm "Azadlığ"ı, həm də, Ə.Kərimlini təhqir hədəfinə götürüb. ""Azadlıq" qəzetinə müsahibə verməyim üçün Əli Kərimli icazə verməlidir, budurmu demokratiya?"-deyə sosial şəbəkədəki profilində sula edən "hüquq müdafiəçisi" qəfildən Ə.Kərimlinin adamları tərəfindən daha ifrat dərəcədə söyülüb.
"Vidadi yüngüllük etmə, sənin kim olduğunu biz yaxşı bilirik...Çaqqallıq etmək sənə yaraşmır..."Namus"unu da özünə saxla"
Qeyd edək ki, "hüquq müdafiəçisi", həmçinin, "Namus" hərəkatını da elan edib və bununla müxalifətdə baş alıb gedən parçalanmanı sürətləndirib. Ancaq onun Ə.Kərimlini hədəfə götürməsi, eləcə də, prezidentliyə namizədliyini irəli sürərkən, Müsavat başqanı İsa Qəmbər tərəfindən təbrik olunması "cəbhəçilərin" xoşlarına getməyib. Ona görə də V.İsgəndərliyə bu kimi statuslar yazılıb: "Vidadi yüngüllük etmə, sənin kim olduğunu biz yaxşı bilirik...Çaqqallıq etmək sənə yaraşmır..."Namus"unu özünə saxla" və s.Lakin sonradan daha da qızğın hal alan söz və təhqir atışmalarına müsavatçı gənclər də qatılıb. Müsavat rayon təşkilatlarının adıyla "facebook"a daxil olan şəxslər də V.İskəndərlinin Ə.Kərimliyə qarşı statusuna dəstək veriblər.
Qənimət Zahid: "Qurtarın bu meymunluğu..!"
Daha sonra statuslara müdaxilə edən tərəf "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid olub. O da Ə.Kərimlini söyən müsavatçılara, eləcə də, V.İsgəndərliyə "cavab atəşi" açıb. İfadələrində etik sərhədləri keçən Q.Zahid yazıb ki, ya V. İsgəndərlinin profilini əlindən alıblar, ya da ağlını: "Qurtarın bu meymunluğu, hörmətli bəylər! Hərəniz gedib bir-iki il srok yatıb Allahlıq iddiasına düşmək kimi yaramaz xasiyyətlərinizə son qoyun. Özünüz ciddi adam ola bilmirsiniz cəhənnəmə, başqalarına pis nümunə olmayın!"
"Elə faktlar açıqlayaram ki, bir daha "Azadlıq" qəzetini oxuyan olmaz"
Ancaq V.İsgəndərli Q.Zahidin yazısına dair düşündürücü və maraqlı cavab yazıb. "Hüquq müdafiəçisi" qarşı tərəfə hədə-qoxu gələrək, "Azadlıq" qəzeti ilə bağlı faktlara malik olduğunu dilə gətirib. "Qənimət Zahid dava istəyirsə, buyursun. Onu fakt qarşısında qoyaram və elə faktlar açıqlayaram ki, bir daha "Azadlıq" qəzetini oxuyan olmaz" deyən V.İsgəndərli daha sonra bildirib ki, Q.Zahidin türmədə necə yatdığı hər kəsə məlumdur: "Mənim ağzımı açdırmasınlar. Hamı mənim də, Qənimətin də necə "srok" çəkdiyini bilir. Hər şeyi demək istəmirəm. Əlimdə elə faktlar var ki... Qənimət Fransada oturub nağıl danışır, özünü qəhrəman kimi təqdim edir. Qənimətə çatdırın ki, Vidadi çaşmır, çaşdırır".Lakin fakt budur ki, dağıdıcı müxalifətin iç üzünü, demokratik dəyərlərə aid olmadıqlarını, tərbiyəsizlik və həyasızlıqlarını onların özləri ifşa edirlər. Seçkilər yaxınlaşdıqca isə belə qarşıdurma hallarının artması daha real görünür.
R.RƏSULOV