PDF Oxu

Müxalifət

  • 85

Pənah Hüseyn İsa Qəmbəri "vurdu"

Pənah Hüseyn İsa Qəmbəri "vurdu"

AXP sədri arxasını Müsavata, önünü isə ADP və "Ümid"-ə tərəf çevirməklə həm "İP"-dən, həm də Müsavat-AXCP "cütlüyündən" usandığını göstərdi

Son günlər düşərgə daxilində Müsavat başqanı İsa Qəmbərin təklənməsi prosesləri daha çox müşahidə olunmaqdadır. Belə ki, istər partiyadaxili, istərsə də partiyaxarici müttəfiqləri ilə dil tapmaqda çətinlik çəkən Müsavat başqanı bu dəfə 35 illik dostu olan AXP sədri Pənah Hüseyn tərəfindən "vuruldu". Baş verən prosesi təhlil etsək, ilk olaraq belə nəticəyə gələ bilərik ki, əslində, İ.Qəmbərin "vurulması" məsələsi çoxdankı hazırlığın nəticəsi idi. Çünki bir neçə il öncə P.Hüseynin rəhbərlik etdiyi AXP-dəki sədrlik postundan uzaqlaşaraq siyasi təşkilatın "fəxri lideri" statusuna yiyələnməsi, məhz prezident seçkiləri öncəsi yenidən "fəxri liderlikdən" istefaya gedərək, sədrliyə geri dönməsi sözügedən proseslərin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Çoxdan hazırlanan planın tərkib hissəsi

Bildiyimiz kimi, P.Hüseyn daim Müsavat başqanının yaxın ətraflarından biri kimi onu müdafiə etsə də, sonda İ.Qəmbərin ardıcıl uğursuzluqları AXP rəhbərini ciddi məyis edirdi. Lakin buna baxmayaraq, P.Hüseyn son ana qədər "sadiq müttəfiq" olduğunu nümayiş etdirirdi. Ancaq hər şeyin bir limiti olduğu üçün, P.Hüseyn düşündü ki, artıq İ.Qəmbərə işləməyin də bir sonu olmalıdır. Bu günlərdə onun ADP sədri Sərdar Cəlaloğlu və "Ümid" sədri İqbal Ağazadə ilə gizli görüşünün üzə çıxması göstərdi ki, AXP sədri İ.Qəmbərlə iş birliyindən usanıb və siyasi fəaliyyətində hər hansı yenilik etmək niyyətindədir. Bu səbəbdən, həm də "İctimai Palata"da təmsil olunan P.Hüseyn anidən ADP və "Ümid"-in cəmləşdiyi "Qarabağ" bloku ilə separat danışıqlara gedib. Bu da onu deməyə əsas yaradır ki, AXP sədri prezident seçkilərində gözlənilən kimi, İ.Qəmbərin namizədliyini müdafiə etməyəcək. Eyni zamanda, P.Hüseynin ötən ilin sonlarında anidən sədrlik postuna qayıtması, eləcə də, "İctimai Palata"nın koordinasiya şurasına üzvlüyündən istefası yaxın seçkilər ərəfəsində hadisələrin kökündən dəyişəcəyi proqnozlarını qabartmaqdadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu amil çoxdan hazırlanan planın tərkib hissəsi kimi dəyərləndirilməkdədir.

"Şuşa"da gizli görüş və ya AXP "Qarabağ" blokuna doğru...

Nəticədə, Bakıda fəaliyyət göstərən "Şuşa" restoranında gizli görüş baş tutub. AXP sədri, "İctimai Palata"nın fəallarından olan P.Hüseyn "Qarabağ" blokunun iki aparıcı siyasi fərdi - S.Cəlaloğlu və İ.Ağazadə ilə Müsavat başqanına qarşı qurulan planın ideyavericisi kimi müəyyən fikirlərini irəli sürüb. Qısacası, P.Hüseyn, İ.Ağazadə və S.Cəlaloğlu prezident seçkilərilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Yeri gəlmişkən, daha bir faktı qeyd edək ki, "İctimai Palata"nın inhisarında saxlayan Müsavat partiyası "Ümid" partiyasının iştirakçısı olduğu müxalifətin hər hansı birliyində təmsil olunmaqdan imtina edib. Həmçinin, Müsavat və AXCP "İctimai Palata"nın qərarını nəzərə almadan və bir-birlərinə zidd olan müstəqil addımlar atırlar.

P.Hüseynin 35 illik dostu olduğu İ.Qəmbərin rəqiblərilə (əslində, düşmənləri ilə - R.) "Şuşa" restoranında separat görüşə qatılması də onun məhz Müsavat və AXCP-nin inhisarçılıq siyasətinə etiraz formasının bir əlaməti kimi qiymətləndirilir.

Söz yox ki, "Qarabağ" bloku əlinə düşən bu fürsəti əldən vermək fikrində olmayacaq. Çünki dağıdıcı düşərgədə yağışdan sonra çıxan göbələklər kimi artan "hərəkatlar" və "birliklərə" qarşı mübarizə aparmaqdan ötrü kifayət qədər fəal müttəfiqlərə ehtiyac duyulur. Çünki bu ərəfələrdə reneqat Eldar Namazovun elan etdiyi "El" adlı "hərəkat" da düşərgə mənsublarına ciddi maneə rolunu oynamağa başlayıb. P.Hüseyn isə həm S.Cəlaloğlu, həm də İ.Ağzazadə üçün "göydəndüşmə" fürsət oldu və hər iki partiya sədri AXP-nin düşərgədaxili imtiyazlarından maksimum şəkildə yararlanacaqlar. Əlbəttə ki, Müsavata, AXCP-yə, həmçinin, bu günlərdə elan olunmuş "El" "hərəkatına" qarşı.

RÖVŞƏN

Digər xəbərlər