Dağıdıcı müxalifət deyilən məxluqlar, sözün həqiqi mənasında, çox əcaib -qəraib işlərlə məşğuldurlar. İş deyəndə ki, günlərini mənasız müzakirələrə, intriqalara sərf edir, xarici maraqlı qüvvələrlə iş birliyi, əməkdaşlıq münasibətləri qurmaq üçün plan üzərində var-gəl edirlər. Bütün bu işlərin kökündə daha çox maliyyə yardımı əldə edib, ölkədəki ictimai-siyasi sabitliyi pozmaq dayanır. Onların 2013-cü ilin oktyabrında keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirak edəcəkləri barədə boyunlarından böyük iddialarla çıxış etmələrinin də əsas məğzi və istiqaməti pul qazanmaqdır. Nəzərə almaq lazımdır ki, yalnız ABŞ-ın Milli Demokratiya İnstitutu "Facebook layihəsi"nə görə müxalifətə 2 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır. Deməli, ilkin mərhələdə 2 milyon əldə edilməsə, sonrakı proseslərdə daha çox qazanmaq olacağını nəzərə alan dağıdıcı müxalifət fəaliyyətini daha geniş spektirdə qurmağa çalışır. Müsavat başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, AXCP sədri Əli Kərimlinin, "Ümud" partiyasının sədri İqbal Ağazadənin, AMİP lideri Etibar Məmmədovun, "EL" hərəkatının sədri Eldar Namazovun və digərlərinin prezidentliyə namizədliklərini irəli sürəcəklərini bəyan etmələri maliyyə yardımı almaq niyyətindən o yana getmir. Bu məxluqlar özləri də açıq şəkildə dərk edirlər ki, seçkilərdə uğur qazanmaq onlar üçün əlçatmazdır. Cəmiyyətdə qəbul olunmur, ictimaiyyət arasında hörmətə, nüfuza malik deyillər. Çıxış yolu yalnız qeyd etdiyimiz kimi, Milli Demokratiya İnstitutu formatında xarici donorlardan, fondlardan maliyyə yardımı almaq dayanır.
Diqqətçəkən məqam ondan ibarətdir ki, dağıdıcı müxalifət partiya sədrləri xarici maraqlı qüvvələrin diqqət mərkəzinə çevrilmək üçün bəzən şou yaradıb, məzhəkə qurmaqdan belə çəkinmirlər. Bu vasitədən daha çox Müsavat başqanı İ.Qəmbərin, AXCP sədri Ə.Kərimlinin, eləcə də, "EL" hərəkatından Eldar Namazovun yararlanmağa cəhd etdikləri müşahidə olunur. Bəzən bu cür primitiv formatlardan istifadədə sözügedən şəxslər bir-birinə güzəştə belə getmək istəmirlər. Deyək ki, İ.Qəmbər hələ bir ay öncədən anlaqsız vəziyyətdə olan gənclərlə görüş keçirəcəyini bəyan etmişsə, Ə.Kərimli onu qabaqlamaq üçün tez-tələsik AXCP-çi gənclərin iştirakı ilə mini-toplantı təşkil etdi. Gözlənildiyi kimi, Ə.Kərimli mini-toplantıda özünün qəhrəmanlığından söhbət açıb, gənclərin küçələrə çıxıb icazəsiz aksiyalar yolu ilə pozuculuq aktları törətməyə çağırışlar etmişdir. İ.Qəmbər də eynilə martın 17-də keçirdiyi görüşdə gəncləri Ə.Kərimli kimi, eləcə də, A.Hacıyev kimi düşüncə tərzinə malik olmağa çağırmışdır.
Toplantıda bəzi gənclər İ.Qəmbərin niyyətinin və məqsədinin sağlam fikirlər daşıyıcısı olan Azərbaycan gəncliyinin prinsiplərinə zidd olduğunu başa düşdüklərindən, ona öz etirazlarını bildirmişlər. Misal kimi, Elçin Məmmədzadə və Mahir Xəlilov adlı gənclərin İ.Qəmbərin dövlətçilik maraqlarına zidd olan çağırışlar olduğunu bildirərək, ona etiraz etmişlər.
İ.Qəmbərin müxalifətin birliyindən, inteqrasiyasından çox hap-gop etdiyini görən bir gənc isə "Əgər doğurdan da müxalifətin birliyində səmimisinizsə, elə isə nə səbəbə Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə bağlı hazırlanan imzatoplama kampaniyasını rədd edib, onu imzalamaqdan imtina etmisiniz" sualı qarşısında çaş-baş qalan İ.Qəmbər "Rəsul Quliyevin müxalifətə aidiyyatı yoxdur" deməklə düşdüyü biabırçı vəziyyətdən çıxmağa çalışmışdır.
Xaqani adlı bir gənci isə "Dövlətə bu dərəcədə qərəzli mövqeyiniz nədən qaynaqlanır" sualına görə Müsavat funksionerləri peşman ediblər. Xaqanini bəhanə ilə dəhlizə dəvət edən funksionerlər onu zor gücünə küçəyə çıxarmışlar. Bu da İ.Qəmbərin demokratik dəyərlərə nə dərəcədə dözümlü olduğunu bir daha təsdiqləmişdir. Dözümsüzlüyü onun rəqibləri ilə apardığı savaşda da özünü göstərməkdədir. Bütün bunlar isə digər müxalifət funksionerləri kimi, İ.Qəmbərin də azad düşüncə tərzinə, demokratik prinsiplərə hazır olmadığını göstərir. Təbii ki, belələri siyasətdə uzunmüddətli fəaliyyət yolu tuta bilməzlər. Son nəticə siyasətdən geri çəkilməkdir ki, bunu da İ.Qəmbərin və digərlərinin fəaliyyət istiqamətlərində açıqca görünməkdədir.
İ.ƏLİYEV