PDF Oxu

Müxalifət

  • 37

Ermənistan işğal altındakı ərazilərdə iqtisadi terror siyasətini həyata keçirir

Ermənistan işğal altındakı ərazilərdə iqtisadi terror siyasətini həyata keçirir

Elman Nəsirli: "Ermənistan beynəlxalq sanksiyalara məruz qalmadığından daha da şirniklənir və özünün cinayətkar əməllərini davam etdirir"

Ermənistanın hakim rejimi işğal etdiyi Azərbaycan ərazilərində talançılıq hərəkətlərini daha geniş formada davam etdirməyə başlayıb. İşğal altında olan Kəlbəcər rayonunun Heyvalı kəndindəki qızıl yataqlarında qızıl qurtardığı üçün ermənilər 2015-ci ilə kimi Ağdərə rayonundakı iki qızıl yatağının istismarını planlaşdırır. Təbii ki, Azərbaycanın ərazilərinin Ermənistanın hakim rejimi tərəfindən istismarı beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, Ermənistanın qəsbkar siyasətini açıq şəkildə dünya birliyinə nümayiş etdirmək məqsədi daşıyır.

Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli qeyd etdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə, beynəlxalq hüquq normalarının prinsiplərini kobud şəkildə pozub: "Ermənistan işğal altında olan ərazilərin təbii ehtiyatlarını tamamilə mənimsəmək siyasətini həyata keçirir. Uzun müddətdir ki, işğalçı ölkə tərəfindən bu siyasət həyata keçirilir. Bu məlumat 2007-ci il tarixə olan məlumatdır ki, Azərbaycanın icazəsi olmadan Ermənistan dövləti Dağlıq Qarabağ ərazisində 69 xarici şirkət ilə birgə iqtisadi fəaliyyətlə bağlı müqavilə imzalayıb. Bu haqda 2007-ci ilin yanvar ayının 23-də AŞPA-da işğal altındakı Azərbaycan ərazilərində xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti ilə bağlı hesabatda məlumat verilib. Eyni zamanda da, işğal altındakı Azərbaycan ərazilərində 35 faizinin xarici ölkə vətəndaşlarına və şirkətlərinə 20 il icarəyə verməsi haqqında da statistik məlumatlar var. Həmin məlumatlar Azərbaycan tərəfinin AŞPA-da yaydığı sənədlərdə öz əksini tapıb. O cümlədən də, həmin ərazidəki meşələrin 37 faizinin xarici iş adamlarına verildiyi faktı da öz əksini tapıb".

Politoloqun sözlərinə görə, 2006-cı ilin 8 ayı ərzində işğal altındakı 897 hektar meşə sahəsi məhv edilmiş və burada Fransa, Belçika, ABŞ, İran, Yunanıstan, Yaponiya və Almaniya şirkətlərinə məxsus 7 ağac emalı zavodu fəaliyyət göstərməyə başlamışdır: "Erməni mənşəli iş adamı Dağlıq Qarabağ ərazisində ağac emal edən müəssisə açaraq öz biznes sahəsinin inkişafı üçün 2 milyon dollar vəsait sərf edən biznesmen haqqında da məlumatımız var. Azərbaycanın işğal altındakı ərazilərində 90 növ mineralların olması faktı da bəllidir. 1991-ci ildə aparılmış tədqiqatların nəticələrinə görə, Azərbaycan dövlətinin mülkiyyətində olan 3 qızıl yatağında 140 tona yaxın qızıl ehtiyatı olduğu da məlum olub. Bir sözlə, 1998-ci ildə Kanada şirkəti ilə Ermənistanın bağladığı müqaviləyə əsasən, 2002-2003-cü illərdə 3 qızıl yatağına aid olan 1 qızıl yatağından 5 ton qızıl çıxarılıb. Bundan sonra Ermənistanın növbəti ortağı Hindistanın başqa bir şirkətidir ki, onlar da həmin qızıl yataqlarını qeyri-qanuni şəkildə istismar edirlər".

E.Nəsirli onu da bildirdi ki, Ermənistan faktiki olaraq, işğal altındakı ərazilərdə xarici ortaqlar taparaq beynəlxalq hüquq normalarının prinsiplərinə zidd olacaq siyasəti həyata keçirir. Son zamanlar isə bu siyasət getdikcə daha intensiv xarakter almağa başlayıb: "İşğalcı ölkə yeni-yeni qızıl yataqlarının axtarılarını aparır və onlardan da istifadə edilir. Bu istifadə də həmin qızıl yataqlarından qızılın satılması ilə həyata keçirilir və eyni zamanda da, həmin yataqlardan qızılın çıxarılmasında xarici şirkətlərlə əməkdaşlıq edilməsi ilə həyata keçirilir. Bütün bunlar, heç şübhəsiz ki, beynəlxalq hüquq normalarına ziddir. Bir sözlə, Ermənistan işğal altındakı ərazilərdə iqtisadi və ekoloji terror siyasətini həyata keçirir. Bu da onu göstərir ki, Ermənistan dövləti özünün beynəlxalq hüquqa ziddi hərəkətlərinə görə lazımı səviyyədə təzyiqlərə məruz qalmadığına, qınaq obyektinə çevrilmədiyini və beynəlxalq sanksiyalarla üzləşmədiyi üçün daha da şirniklənir və özünün cinayətkar əməllərini davam etdirir".

GÜLYANƏ

Digər xəbərlər