PDF Oxu

Müxalifət

  • 53

"Azadlıq" radiosunun təxribatçı sualları

"Azadlıq" radiosunun təxribatçı sualları

Və ya ABŞ səfirinin dolayısı etirafları

Ölkənin Baş prokuroru Zakir Qaralovun Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan nümayəndəliyinin fəaliyyətində qanun pozuntularının olması ilə bağlı ABŞ səfirliyinə ünvanladığı və tutarlı faktlarla əsaslandırdığı rəsmi məktubu nədənsə dağıdıcı müxalifətin, eləcə də, siyasiləşmiş QHT rəhbərlərinin narahatçılığına səbəb olub. Lakin maraqdoğurucu məqamlardan biri də ondan ibarətdir ki, düşərgəyə mənsub olan, eləcə də, yaxınlığı ilə seçilən medialarda da həmin narahatçılıq sindromları kifayət qədər aşkar şəkildə görünməkdədir. Bu səbəbdən də, "Azadlıq" qəzetində, "Yeni Müsavat"da və digər bu kimi mətbuat orqanlarında "liderlər" tərəfindən "təmizəçıxarma" kampaniyaları aparılmağa başlanılıb. Ancaq ortada faktın olması qarşı tərəfin çabalarını heçə endirməkdədir.

Qabaqcadan hazırlanmış siyasi oyun

Eyni zamanda, qərəzli informasiyaları ilə daim təxribatçılıq yolunu tutan "Azadlıq" radiosu da Baş prokurorluğun əsaslı sübutlarından ciddi təlaş keçirərək, dərhal ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstardan müsahibə alıb. Ancaq səfirə verilən suallardan və səfirin verdiyi cavablardan da bəlli olur ki, sözügedən müsahibə bilavasitə qabaqcadan hazırlanaraq planlaşdırılmış siyasi oyundur. Bunu ünvanlanan suallardan, həmçinin, verilən cavablardan da görmək mümkündür. Guya MDİ-nin Azərbaycanda "şəffaf" və "uğurlu" (?-R.) fəaliyyət göstərməsini "sübut" edəcəklərini deyən R.Morninqstar bildirib ki, bu fəaliyyətin məqsədi icmaların inkişafından və vətəndaş cəmiyyətini irəliyə daşımaqdan ibarətdir: "Əminəm ki, bütün bu məsələlər aydınlaşandan sonra Milli Demokratiya İnstitutunun Azərbaycanda necə şəffaf və uğurlu fəaliyyət göstərməsi bir daha sübuta yetiriləcək".

Maraqlıdır, necə ola bilər ki, ölkədə fəaliyyət göstərən siyasiləşmiş QHT-lərə, "hüquq müdafiəsi" təşkilatlarına və müxalifət partiyalarına maliyyələr ayıran MDİ həmin maliyyələrini, qrantlarının hansı məqsədlərə xidmət etdiyini hesabat verməməklə gizlədir, ortaya tələb qoyulduqdan sonra isə "şəffaf" olduğunu iddia edir? Yaxud "uğurlu" fəaliyyət deyərkən, R.Morninqstar icazəsiz aksiyaları, küçə yürüşlərini, yaxud məişət problemlərinin siyasiləşdirilməsinimi nəzərdə tutur? Və nəyə görə MDİ-nin "uğurlu" və "şəffaf" fəaliyyəti məhz seçkilər ərəfəsində daha çox nəzərə çarpır? Buradan da görünür ki, ABŞ-səfiri bu kimi ifadələri ilə qeyri-səmimiliyini və "Azadlıq" radiosunun təxribatçı suallarına uyduğunu sərgiləyir.

Məgər həmin təşkilatlardan başqa Azərbaycanda normal fəaliyyət göstərən heç bir qeyri-hökümət təşkilatları MDİ-nin maraqlarına cavab vermirmi?

Bu arada cənab səfirə sual ünvanlamaq lazımdır ki, ölkədə kifayət qədər QHT-lər, icmalar, ictimai birliklər, vətəndaş cəmiyyətinə aid olan qurumlar fəaliyyət göstərdikləri halda hansı səbəbdən MDİ "şəffaf" və "uğurlu" fəaliyyətini ölkədə ictimai sabitliyi pozmağa cəhd göstərən REAL-a, "Eurovision-2012" ərəfəsində Azərbaycan dövlətçiliyi əleyhinə Qərb qüvvələrinə satılan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna, müxalifətyönlü "Turan" İnformasiya Agentliyinə istiqamətləndirmişdir? Məgər həmin təşkilatlardan başqa Azərbaycanda normal fəaliyyət göstərən heç bir qeyri-hökümət təşkilatları MDİ-nin maraqlarına cavab vermirmi? Görünür, bu, həqiqətən də, belədir.

Ona görə də "Azadlıq" radiosunun R.Morninqstara ünvanlanmış daha bir öncədən planlaşdırılmış təxribatçı sualını və ABŞ səfirinin qabaqcadan hazırlanmış cavabını hörmətli oxucularımızın diqqətinə çatdırırıq. Daha dəqiq desək, həmin sualı və cavabı sonradan təhlil etmək üçün ifadələri nəzərə çatırırıq.

"Azadlıq" radiosu - Sizcə, ictimai-siyasi həyata qatılmayan gənclər "NİDA"çıların həbsindən hansı nəticələr çıxaracaqlar?

ABŞ səfiri Riçard Morninqstarın cavabından sitat - ...İnanıram ki, Azərbaycan gənclərinin zəka, istedad və güclü istəkləri (?!-R.) bu ölkənin uğurlu və parlaq gələcəyini (?!-R.) təmin edəcək.

Göründüyü kimi, cənab səfirə ünvanlanmış sualın arxasında hər hansı bir təxribatçı çağırışın olması gün kimi aydındır. Çünki burada səfirin diqqətinə "NİDA"çıların həbsi məsələsi çatdırılır. Eyni zamanda, dağıdıcı müxalifət partiyalarına mənsub bu kimi "gənclər təşkilatlarına" cəlb olunma çağırışları da özünü kifayət qədər büruzə verir. İctimai-siyasi həyata qatılmayan gənclər məsələsinin qabardılması da məhz bu kontekstəndir.

ABŞ səfirinin cavabına gəldikdə isə hörmətli diplomatın nəzərinə çatdırmaq istərdik ki, bu ölkənin uğurlu və parlaq gələcəyi çoxdan təmin olunub. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə uğurlu dövlət siyasəti yürüdülməkdədir. Gənclərin güclü istəkləri (!-R.) isə Azərbaycanın dövlətçiliyinə xidmət etmək, bu ölkəyə yeni-yeni uğurlar qazandırmaqdan ibarətdir. Yaxşı olardı ki, R.Morninqstar öz maraqlarına uyğun "gələcəkdən" danışarkən, ciddi siyasi səhvlərə yol verməsin.

Riçard Morninqstar bu sualın da cavabını verməli olacaq

Bu arada AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ABŞ-a səfər edəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır. Belə ki, F.Qəhrəmanlı okeanın o tayında MDİ rəsmiləri ilə görüşəcəyini də bildirib. Maraqlıdır, "Azadlıq" radiosuna müsahibə verərəkən, R.Morninqstar MDİ-nin siyasi təşkilatlarla, partiyalarla əməkdaşlıq etdiyini inkar edib və deyib ki, bu fəaliyyətin məqsədi icmaların inkişafından və vətəndaş cəmiyyətini irəliyə daşımaqdan ibarətdir. Maraqlıdır, siyasi partiyalarla əməkdaşlıq nə vaxtdan vətəndaş cəmiyyətinin tərkib hissəsi olub? Ümumiyyətlə, AXCP rəsmisinin seçkilər ərəfəsində ABŞ-a gedərək MDİ rəsmiləri ilə görüşünü başqa cür necə anlamaq olar? Milli Demokratiya İnstitutunun Azərbaycanda necə "şəffaf" və "uğurlu" fəaliyyət göstərməsini "sübuta" yetirmək istəyən R.Morninqstar yəqin ki, bu sualın da cavabını verməli olacaq...

RÖVŞƏN

Digər xəbərlər