Gənclərdən alət kimi istifadə edilməsi İsa Qəmbərin müxalif gənclərlə görüşündə əsas müzakirə mövzusu olub
Dağıdıcı müxalifət düşərgəsində yaranmış çətin vəziyyət artıq hər kəsə məlumdur. Bütün sosial dayaqlarını itirən dağıdıcı müxalifətin gənclər siyasəti də məhvə məhkumdur. Baxmayaraq ki, vaxtaşırı gəncləri müxtəlif üsullarla aldadıb qanunsuz aksiyalara cəlb edirlər. Özləri isə qanunsuz aksiya öncəsi və sonrası müxtəlif açıqlamalarla guya doğru yolda olduqlarına dair çıxışlar edirlər. Maraqlı məqam ondan ibarətdir ki, indiyə qədər keçirilən qanunsuz aksiyalarda bu düşərgədə təmsil olunan partiya liderləri iştirak etməyib. Yalnız onlar sosial şəbəkələrdə, özlərinə məxsus mətbuat səhifələrində gəncləri belə qanunsuz aksiyalara cəlb etmək və ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün tövsiyyələrlə yadda qalıblar. Artıq reallıq göstərir ki, aldadılmış gənclər özləri də buna etiraz edir və liderləri öndə getməyə səsləyir. Halbuki AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər kimi satqın şəxslər belə qanunsuz aksiyaları internet vasitəsilə izləyir. Dağıdıcı müxalifət daxilində gənclər arasında yaranan etirazda təşvişə düşən düşərgə təmsilçiləri bunun qarşısını almaq məqsədilə gənclərlə görüşlər təşkil edir. Lakin bu addım da heç bir fayda vermir. Çünki görüşə gələn gənclər də eyni insanlardan ibarətdir. Hər iki dağıdıcı partiyanın gənclər təşkilatları sosial şəbəkələrdə müxtəlif çağırışlar etsə də, gənclər belə görüşlərə qatılmaqdan imtina edirlər. Müsavat başqanının gənclərlə 17 mart görüşü də sübut etdi ki, İ.Qəmbərin danışdıqları nağıldan başqa bir şey deyil. Hətta bu görüşdə rəzil anlar yaşanıb.
İsa Qəmbər gənclərlə görüşündə Azərbaycan himninə qarşı hörmətsizlik edib
Məlum olduğu kimi, Müsavat başqanı İsa Qəmbər guya gənclərin suallarını cavablandırmaq məqsədilə görüş keçirib. Hansı ki, görüş başlayanda ilk hörmətsizlik Azərbaycanın dövlət himninə qarşı olub. Nəzərdə tutulub ki, ilk öncə, himn səsləndirilsin. Lakin himni səsləndirmək əvəzinə, başqa bir musiqi səsləndiriblər. Bu zaman İ.Qəmbər yenə də öz rəzil simasını bir daha göstərib. Gülərək, bildirib ki, "budur himn"? Bu biabırçı olay zalda da gülüş doğurub. Göründüyü kimi, bu şəxslərin məqsədi bəllidir. Lakin İ.Qəmbər və onun yaxın ətrafı bilməlidir ki, himn oxunanda, sağlam təfəkkürlü və xalqının milli mənafeyinə xidmət edən şəxslər hər zaman ayağa qalxıb. Özlərini gülünc vəziyyətə qoyan dağıdıcı düşərgə təmsilçiləri bununla kifayətlənməyərək, sonradan bunu sosial şəbəkələrdə "müzakirəyə" çıxarıblar. Daha sonra yerindən ayağa qalxan gənclərdən biri İ.Qəmbərə "bu sənədə imza atın" deyə müraciət edib. Bu isə "ACP" lideri Rəsul Quliyevin mudafiə komitəsinin hazırladığı sənəd olub. İ.Qəmbər isə bildirib ki, "həmin sənədin nə olduğunu bilmirəm, baxarıq və dəyərləndirərik". Halbuki bu sənəd, bir müddət öncə, İ.Qəmbərə şəxsən göndərilib, onunla tanışdır və qol çəkməyəcəyini isə çoxdan bəyan edib. Maraqlı məqam isə ondan ibarətdir ki, həmin şəxs Müsavat partiyasının üzvü deyil. Katalizatorluq məqsədilə AXCP sədri Əli Kərimli tərəfindən göndərilib ki, görüşdə R.Quliyevlə bağlı sual ünvanlamaqla qarışıqlıq yaratsın. O da bu sifarişi layiqincə yerinə yetirib. Bununla yanaşı, gənclər İ.Qəmbərə sual ünvanlayıblar ki, "niyə aksiyalarda partiya liderləri iştirak etmir, niyə aksiyalara məhz həbsxanalarda yatmış sıravi üzvlər gəlir. Bu, biz gəncləri çox narahat edir". Müsavat başqanı isə həmin sualdan yan keçib. Bu fakt bir daha göstərir ki, müxalif gənclər də artıq onlardan alət kimi istifadə edildiyinin fərqindədirlər. İ.Qəmbər gənclərlə görüşə gəldiyi üçün bu sualı da cavablandırmaq məcburiyyətində idi. Lakin görünən dağa, həqiqətən də, bələdçi lazım deyilmiş...
Babək Hacıyev