Mais Səfərli: "Həmin gənclərinin çoxunun psixologiyası tam şəkildə formalaşmayıb"
Azərbaycanda gənclərin dünyagörüşünün formalaşmasında, onların istimai-siyasi proseslərdə fəallığının artmasında sosial şəbəkələrin rolu böyükdür. Sosial şəbəkələrdə hər hansı bir məsələyə mövqe bildirmək, ideya və təkliflərlə çıxış etmək mümkündür. Nəzərə almaq lazımdır ki, ölkəmizdə internet istifadəçilərinin sayı çoxaldıqca gənclərimiz də sosial şəbəkələrdə aktivlik nümayiş etdirirlər. Bəzi dağıdıcı qüvvələr sosial şəbəkələrdə aktiv olan gəncləri yalan vədlərlə aldadaraq öz tərəflərinə çəkir və onlardan müəyyən pozuculuq məqsədləri üçün istifadə etməyə çalışırlar. Yəni, dağıdıcı müxalifət sosial şəbəkələr vasitəsilə gənclərdən istifadə edərək, ölkədə gərginlik yaratmaq və pozuculuq aktları törətməyə cəhdlər edir. Amma birmənalı mövqe ondan ibarətdir ki, pozuculuq aktları törətmək cəhdləri iflasa uğrayır.
"Yurddaş" partiyasının sədri Mais Səfərli qəzetimizə açıqlamasında bildirdi ki, hər zaman destruktiv qüvvələr çalışırlar ki, sosial şəbəkələr vasitəsilə gəncləri özlərinə yönəldərək ölkədə xoşagəlməz bir vəziyyət yaratsın. Çünki həmin gənclərin çoxunun psixologiyası tam şəkildə formalaşmayıb. Yəni, sözügedən gənclər hər hansı bir məsələni dərindən dərk edə bilmir. Ona görə də, müxalifət düşərgəsini təmsil edən qüvvələr gənc kadrlardan öz maraqlarını və istəyini həyata keçirmək üçün əllərindən gələni edir: "Bütün bunlara baxmayaraq, gənclərimiz müxalifətin bu cür çirkin əməllərinə uymur. Müxalifət düşərgəsini təmsil edən qüvvələrin gənclərlə bağlı hər hansı bir tələ qurmasından asılı olmayaraq, sonda müxalifətin gənclər siyasəti iflasa uğrayır. Çünki dövlət tərəfindən gənclərimizin təhsil alması, sağlam və vətənpərvərlik ruhunda böyümələri üçün hər cür şərait yaradılıb. Bütün bunların hamısı da gənclərin dövlət tərəfindən qayğı ilə əhatə olunmasını bir daha sübut edir".
"Niyə görə AXCP, Müsavat və digər qurumların əsas hədəfləri hər zaman gəncləri gözdən salmaq və onları ölkədə gedən çox xoşməramlı iqtisadi-siyasi uğurlardan kənarda qoymağa cəhdlər göstərirlər" sualını cavablandıran partiya sədrinin sözlərinə görə, müxalifət partiyalarını təmsil edən qüvvələrin məhz əsas hədəfi gənclər olub: "Onlar xarici qüvvələrdən asılı vəziyyətdə olduqlarından və aldıqları maliyyə yardımı hesabına ölkədə ssenariləşdirilən pozuculuq aktları törətməyə çalışırlar. Bu aktların icraçıları kimi isə gəncləri görürlər".
GÜLYANƏ