PDF Oxu

Müxalifət

  • 39

ACP İsa Qəmbəri separatçılıqda ittiham etdi

ACP İsa Qəmbəri separatçılıqda ittiham etdi

"Niyə "Talışi sədo" qəzetinin separatçı redaktorunun azadlığa buraxılması üçün İsa Qəmbər imza ata bilir, amma Rəsul Quliyevin gəlməsi üçün imza atmaqdan imtina edir?"

ACP-Müsavat gərginliyi son həddə çatması ilə yanaşı, qarşı tərəflərin artan ittihamları da kəskin məcraya yönəlməkdədir. Ancaq görünən tərəf budur ki, hər iki partiya arasında yaranmış uçurum digər müxalifət partiyalarına da qığılcım salmaqdadır. Xüsusilə, ACP rəhbərliyinin Müsavatla birgə yerdə qalan müxalifət partiyalarını da ittiham etməsi daha çox nəzərə çarpan amillərdəndir. Artıq Rəsul Quliyev və Sülhəddin Əkbərdən sonra ACP-nin yerdə qalan funksionerləri də müxalifətdaxili hücumlarını artırıb.

ACP sədrinin müşaviri Ramiz Mirzəoğlu: "Axı niyə bir şəxs partiya sədrinin yaxasından yapışıb demir ki, nəyə görə biz 20 ildir müxalifətdəyik?"

Belə ki, ACP sədrinin müşaviri Ramiz Mirzəoğlu mətbuata açıqlamasında deyib ki, müxalifətdəki partiyalar siyasi qurumlardan daha çox biznes qururmları təsiri bağışlayırlar. ACP müşavirinin bu ifadələri bilavasitə partiya "liderlərinin" şəxsi mənfəətləri və siyasi dividendləri naminə onları maliyyələşdirən qüvvələr qarşısında öhdəçiliklər götürmələrinə işarə kimi dəyərləndirilməlidir. Partiya rəsmisi "liderlərin" onlara dəstək verən sıraviləri heçə saymalarını da onlara qarşı xəyanət olduğunu deyib: "İndi partiyalar obyektə çevrilib. Mənim ürəyim illərdir mübarizə aparan sıravilərə görə ağrıyır. Bu insanlar səmimi olaraq fəaliyyət göstərir, mübarizə aparırlar. Sanki qəbul ediblər ki, ayda bir dəfə iclasa gələcəklər, dövlət himnini oxuyacaqlar və sonra bəyan edəcəklər ki, hakimiyyətə gəlirlər. Bununla da məsələ bitəcək. Artıq 20 ildir belə davam edir. Axı niyə bir şəxs partiya sədrinin yaxasından yapışıb demir ki, nəyə görə biz 20 ildir müxalifətdəyik?"

"Bu gün Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı hazırlanan sənədə Lalə Şövkət, Əli Kərimli imza atmasaydı belə, ilk imzanı İsa Qəmbər atmalı idi"

ACP sədrinin müşaviri rəhbərliyi tərəfindən ona verilən təlimata uyğun olaraq, bir daha Müsavat partiyasını və onun başqanını hədəfə alıb. Bu dəfə İsa Qəmbəri daha ciddi ittihamlar atəşinə tutan "açıq cəmiyyətçi" funksioner Müsavat başqanını separatçılıqda suçlayıb. O, sözügedən ittihamlarını fakt və dəlillərə əsaslandırıb: "2003-cü ildə Rəsul Quliyev İsa Qəmbəri dəstəklədi. Bu gün Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı hazırlanan sənədə Lalə Şövkət, Əli Kərimli imza atmasaydı belə, ilk imzanı İsa Qəmbər atmalı idi...Niyə "Talışi sədo" qəzetinin separatçı redaktorunun azadlığa buraxılması üçün İsa Qəmbər imza ata bilir, amma Rəsul Quliyevin gəlməsi üçün imza atmaqdan imtina edir?"

Bəlli olduğu kimi, ACP-Müsavat qarşıdurmasından yoğrulan xəmir hələ çox su aparacaq. Çünki ixtilafların yerdə qalan müxalifət partiyalarına da sıçraması bu kimi qənaətə gəlməyə kifayət qədər əsas yaradır. Eyni zamanda, proqnoz etmək mümkündür ki, dağıdıcı düşərgəni seçkilərə qədərki dövr ərzində daha ciddi fəsadlar gözləyir. Çünki istənilən halda irəli sürülən ittihamlar cavabsız qalmayacaq.

Afət TAHİRQIZI

Digər xəbərlər