PDF Oxu

Müxalifət

  • 31

ACP-MÜSAVAT İFRAT QARŞIDURMALAR ŞİDDƏTLƏNİR

ACP-MÜSAVAT İFRAT QARŞIDURMALAR ŞİDDƏTLƏNİR

ACP-Müsavat partiyaları arasında baş verən "liderlərarası" savaş səngimir. Əksinə, qarşılıqlı ittihamlar və təhqirlərlə bol olan bəyanatlar daha da çoxalmaqdadır. Seçkilər ərəfəsində baş qaldıran mövcud vəziyyət isə, bütövlükdə, dağıdıcı müxalifətdə iddia olunan "qələbə" sindromunu puç edir. Belə ki, ACP-Müsavat arasında gedən amansız mübarizədə sonuncu söz Rəsul Quliyevdə qalmışdı. Ancaq gözlənildiyi kimi, qarşı tərəfin -Müsavatın rəsmi cavabı çox gecikməyib. Partiyanın icra aparatının rəhbəri Arif Hacılı növbəti dəfə ACP "liderini" hədəfə alıb və bu dəfə qəti olaraq bəyan edib ki, seçkilərdə Müsavat partiyası ilə ACP arasında heç bir əməkdaşlıqdan söz ola bilməz. Çünki İsa Qəmbər və R.Quliyev arasındakı pərdə aradan qaldırılıb.

Rəsul Quliyev: "Mən çox şad oldum ki, Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu, hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmadı"

Xatırladaq ki, ACP "lideri" Azrbaycana geri dönməsi ilə bağlı sənədə imza atmadığına görə, Müsavat başqanını dolayısı ilə oyunbaz "artist" adlandırıb və əlavə edib ki, Müsavat başqanı bu oyunu ilə onu xeyli feyziyab edib: "İsa bəy bizi xeyli feyziyab etdi".

Lakin bununla yanaşı, R.Quliyev İ.Qəmbərin imzasına da təhqiredici səviyyədə yanaşmış və əslində, Müsavat başqanının onun geri qayıtması istiqamətində aparılan kampaniyada imzasının olmamasına sevindiyini bildirmişdi: "Mən çox şad oldum ki, Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu, hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmadı".

"Onu da bilirəm ki, mənim respublikaya dönməməyimi, o, daha çox istəyir..."

R.Quliyev, eyni zamanda, Müsavat başqanının yalançı və iftiraçı olduğunu vurğulamış və bildirmişdir ki, İ.Qəmbər buna görə xəcalət çəkməlidir. Lakin başqanın buna iradəsi çatmır: "Fikrimcə, yalan danışmaqdan xəcalət çəkmək lazımdır, əgər bu, mümkünsə. O ki qaldı onun qol çəkməməsinə, bəlkə də inanmazsınız, ancaq mən bundan çox məmnun oldum...Onu da bilirəm ki, mənim respublikaya dönməməyimi, o, daha çox istəyir... Qol çəkməməsinə görə də təşəkkürlər, bizi xeyli feyziyab etdi".

ACP sədrinin müşaviri Ramiz Mirzəoğlu: "Sanki qəbul ediblər ki, ayda bir dəfə iclasa gələcəklər, dövlət himnini oxuyacaqlar və sonra bəyan edəcəklər ki, hakimiyyətə gəlirlər"

Yuxarıda qeyd etdiyimiz kimi, ACP-Müsavat gərginliyi son həddə çatması ilə yanaşı, qarşı tərəflərin artan ittihamları da kəskin məcraya yönəlməkdədir. Ancaq görünən tərəf budur ki, hər iki partiya arasında yaranmış uçurum digər müxalifət partiyalarına da qığılcım salmaqdadır. Xüsusilə, ACP rəhbərliyinin Müsavatla birgə yerdə qalan müxalifət partiyalarını da ittiham etməsi daha çox nəzərə çarpan amillərdəndir. Artıq R.Quliyev və Sülhəddin Əkbərdən sonra ACP-nin yerdə qalan funksionerləri də müxalifətdaxili hücumlarını artırıb. Belə ki, ACP sədrinin müşaviri Ramiz Mirzəoğlu mətbuata açıqlamasında deyib ki, müxalifətdəki partiyalar siyasi qurumlardan daha çox biznes qururmları təsiri bağışlayırlar. ACP müşavirinin bu ifadələri bilavasitə partiya "liderlərinin" şəxsi mənfəətləri və siyasi dividendləri naminə onları maliyyələşdirən qüvvələr qarşısında öhdəçiliklər götürmələrinə işarə kimi dəyərləndirilməlidir. Partiya rəsmisi "liderlərin" onlara dəstək verən sıraviləri heçə saymalarının da onlara qarşı xəyanət olduğunu deyib: "İndi partiyalar obyektə çevrilib. Mənim ürəyim illərdir mübarizə aparan sıravilərə görə ağrıyır. Bu insanlar səmimi olaraq fəaliyyət göstərir, mübarizə aparırlar. Sanki qəbul ediblər ki, ayda bir dəfə iclasa gələcəklər, dövlət himnini oxuyacaqlar və sonra bəyan edəcəklər ki, hakimiyyətə gəlirlər. Bununla da məsələ bitəcək. Artıq 20 ildir belə davam edir. Axı niyə bir şəxs partiya sədrinin yaxasından yapışıb demir ki, nəyə görə biz 20 ildir müxalifətdəyik?"

"Bu gün Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı hazırlanan sənədə Lalə Şövkət, Əli Kərimli imza atmasaydı belə, ilk imzanı İsa Qəmbər atmalı idi"

ACP sədrinin müşaviri rəhbərliyi tərəfindən ona verilən təlimata uyğun olaraq, bir daha Müsavat partiyasını və onun başqanını hədəfə alıb. Bu dəfə İ.Qəmbəri daha ciddi ittihamlar atəşinə tutan "açıq cəmiyyətçi" funksioner Müsavat başqanını separatçılıqda suçlayıb. O, sözügedən ittihamlarını fakt və dəlillərə əsaslandırıb: "2003-cü ildə R. Quliyev İ. Qəmbəri dəstəklədi. Bu gün R.Quliyevin Azərbaycana qayıtması ilə bağlı hazırlanan sənədə Lalə Şövkət, Əli Kərimli imza atmasaydı belə, ilk imzanı İ.Qəmbər atmalı idi...Niyə "Talışi sədo" qəzetinin separatçı redaktorunun azadlığa buraxılması üçün İ.Qəmbər imza ata bilir, amma R.Quliyevin gəlməsi üçün imza atmaqdan imtina edir?"

Arif Hacılı: "2013-cü il seçkilərində Rəsul Quliyevi öz seçki komandamıza daxil etmək niyyətimiz yoxdur"

Bu arada Müsavat rəsmisi Arif Hacılı son sözün onda olmasından istifadə edərək, qəti şəkildə bildirib ki, Müsavat partiyası bundan sonra heç bir sahədə ACP "lideri" R.Quliyevlə əməkdaşlıq etməyəcək. A.Hacılı R.Quliyevin 2003-cü il prezident seçkilərində İ.Qəmbərə səs qazandırdığı iddialarına belə münasibət bildirib: "...Belə iddialar ortaya atırlar ki, İ.Qəmbərin yüksək səs toplamasının əhəmiyyətli hissəsi R.Quliyevlə bağlı olub".

R.Quliyevin iddialarını cavablandıran Müsavat səlahiyyətlisi eyni, zamanda, xatırladıb ki, 2003-cü ildə R.Quliyev seçkiyə 10 gün qalmış İ. Qəmbəri müdafiə edib: "Bizim 2013-cü il prezident seçkilərində Rəsul Quliyevi öz seçki komandamıza daxil etmək niyyətimiz yoxdur".

Digər müxalif partiyalar da ACP-Müsavat qarşıdurmasına bulaşıblar

ALP sədri Əvəz Temirxan: " R.Quliyev namizədliyini verməmişdi və İ.Qəmbərə səs verməyə çağırdı..."

Ancaq yuxarıda qeyd etdiyimiz kimi, ACP-Müsavat qarşıdurmasına bulaşan digər müxalifət partiyaları da var. Məsələn, əldə etdiyimiz faktlara görə, bu məsələdə ACP "liderinə" pərdəarxası dəstək verən siyasi təşkilatlardan biri də AXCP-dir. Çünki "İctimai Palata"da tək monopoliyaya sahib olmağa çalışan Əli Kərimli üçün belə bir qarşıdurmanın şiddətlənməsi kifayət qədər sərfedicidir.

Lakin AXCP ilə yanaşı, bu günlərdə ALP sədri Əvəz Temirxan "lideri" Lalə Şövkət Hacıyevanın təlimatlarına uyğun olaraq, Müsavat rəhbərliyinə onlarla əməkdaşlıq etməyəcəkləri anonsunu verib. Belə ki, Ə.Temirxan bildirib ki, İ.Qəmbərin 2003-cü ildə topladığı səslərin əhəmiyyətli hissəsi məhz R.Quliyevə görə verilmiş səslər idi: "2003-cü ildə rəsmi məlumatlara görə, Lalə Şövkət 30-dan çox partiyanın dəstəyini almış İ.Qəmbərdən sonra 3-cü yer tutub. Qeyri-rəsmi məlumatlara görə isə 2-ci yeri tutub. Yenə də 30-dan çox partiyanın səsini almış İ. Qəmbərdən səslərə görə çox da geri qalmayıb. İ.Qəmbərin 2003-cü ildə topladığı səslərin əhəmiyyətli hissəsi məhz R.Quliyevə görə verilmiş səslər idi. R.Quliyev namizədliyini verməmişdi və İ.Qəmbərə səs verməyə çağırdı...".

Arif Hacılı ALP-ni də Müsavatın "dəftərindən" sildi!

İddialara cavab olaraq, Müsavat rəsmisi A.Hacılı ALP-ni də ittiham edib və Ə.Temirxanla L.Ş.Hacıyevaya mesaj yollayıb ki, onların da siyasi təşkilatları Müsavatla əməkdaşlığa cəlb olunmayacaq: "R.Quliyev Ə.Temirxanın dediyi kimi, böyük seçici dəstəyinə malikdirsə, seçkiyə onunla bir yerdə getsinlər. Onlara kim mane olur, R.Quliyevin namizədliyini müdafiə etsinlər? Müxalifətin birliyinin olmamasından danışan o təşkilatlar əslində bir yerdədirlər. Yığışsınlar R.Quliyevin namizədliyini versinlər və dedikləri kimidirsə, seçkilərdə qalib gəlsinlər...Bu dəfə daha da çox səs toplayaraq deyilən həmin fikirlərin cəfəngiyat olduğunu bir daha təsdiq edəcəklər".

Ancaq daha bir görünən tərəf budur ki, seçkilərə qalmış hər bi gün geridə qaldıqca, pərdə arxasında mövqelərə dəstək verən tərəflər də üzə çıxmağa başlayacaqlar. Bu amil isə bütövlükdə dağıdıcı müxalifətə yaxşı heç nə vermir. Daha dəqiq desək, rüsvayçı məğlubiyyəti daha da tezləşdirir...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər