PDF Oxu

Müxalifət

  • 24

Azərbaycanın torpaqlarının işğal edilməsi üçün ermənilərə əlverişli şəraiti AXCP və Müsavat yaradıb

Azərbaycanın torpaqlarının işğal edilməsi üçün ermənilərə əlverişli şəraiti AXCP və Müsavat yaradıb

Şuşanın və Laçının işğalının birbaşa məsuliyyəti Əli Kərimli və İsa Qəmbərin üzərindədir

Çox maraqlıdır ki, hər dəfə iqtidarı ittiham edən radikal müxalifət bir dəfə də olsun görüşdükləri qüvvələrlə Ermənistanın işğalı haqqında danışmırlar

Bu gün Azərbaycan xalqı prezident seçkiləri ərəfəsindədir və milli siyasi məkanda bu prosesə total hazırlıq işləri gedir. Bir müddətdən sonra bütün qüvvələr proqramını ortaya qoyacaq və xalqdan dəstək almağa çalışacaq. Əlbəttə ki, biz konstruktiv siyasi fəaliyyəti ehtiva edən siyasi qüvvələrdən danışırıq. Amma hər şeyə güc bahasına nail olmağa alışmış radikal müxalifət partiyaları hələ ki, qanlı qarşıdurmalar yaratmaq üçün qərəzli qüvvələrlə əməkdaşlıq üçün yollar axtarırlar. Çox maraqlıdır ki, hər dəfə iqtidarı ittiham edən radikal müxalifət bir dəfə də olsun görüşdükləri qüvvələrlə Ermənistanın işğalı haqqında danışmırlar. Sual oluna bilər ki, nə üçün? Səbəb çox sadədir: axı torpaqların işğalı üçün zəmini radikal müxalifət nümayəndələri özləri yaradıblır...

Qeyd edək ki, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycanda siyasi hakimiyyətin möhkəmlənmədiyi və kreslo uğrunda mübarizələrin hər gün genişləndiyi, gücləndiyi bir vaxtda Ermənistanın silahlı qüvvələri artıq müharibəyə başlamışdılar. Onlar Azərbaycanın Xocalıya qədər Quşçular, Kosalar, Nəbilər, Malıbəyli, Kərkicahan kəndlərini yandırmışdılar, azərbaycanlılara divan tutmuşdular. Növbəti yandırılma ünvanının Xocalı olması isə artıq gün kimi aydın idi. Hətta Dağlıq Qarabağ bölgəsində yeganə aeroportun Xocalıda yerləşməsi və ətraf rayonlara gedən strateji yolların buradan keçməsi də bir daha isbatlayırdı ki, Ermənistanın növbəti hədəfi məhz Xocalıdır. Eyni zamanda, kəşfiyyat materialları da göstərirdi ki, ermənilərin ruslarla birgə Xocalıya genişmiqyaslı hücumu gözlənilir. Amma...

Bakıda prezident kürsüsündə əyləşmiş Ayaz Mütəllibov və onun kreslosuna göz dikmiş Müsavat, AXCP və digərləri əsas diqqəti Dağlıq Qarabağdan yayındırırdılar. Bu da, əlbəttə ki, məqsədli şəkildə həyata keçirilirdi. Çünki hakimiyyət hərisliyi AXCP-Müsavat cütlüyünü elə o zamandan xalqa qarşı xəyanətkar addım atmağa sövq edirdi. Məhz Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri Xocalı soyqırımının törədilməsini gözləyirdilər ki, Ayaz Mütəllibovu hakimiyyətdən salsınlar və başa keçsinlər.

Əlbəttə ki, onlar öz istəklərinə nail oldular, amma 613 Xocalı sakininin dəhşətli şəkildə qətlə yetirilməsi üzərində. Lakin AXCP və Müsavat yenidən hakimiyyəti Ayaza ötürməyə məcbur oldular. O zaman keçid hökuməti adlandırılan qondarma hakimiyyət xalqa sırınsa da, vəziyyət aprel-may aylarında daha da kəskinləşdi.

Həmin vaxt xalqın yüksək əhval-ruhiyyəsi bir qrup siyasi buqələmunun maraqlarının reallaşdırılmasına yönəldilməsi sonda ağır nəticələrə gətirib çıxardı. Bu prosesdə isə aktiv iştirak edən AXC-Müsavat, ilkin olaraq, Şuşanın işğal edilməsində səbəbkar qismində çıxış edirlər. Çünki kəşfiyyat məlumatlarından da bəlli olmuşdu ki, may ayında ermənilər Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Hətta Leninakandan Qarabağa döyüşməyə gəlmiş bir erməni əsgərindən götürülmüş sənədlərdə də göstərilirdi ki, may ayının 7-dən başlayaraq, Şuşaya 6 istiqamətdə hücum olacaq. Bu faktı, təbii ki, həm hakimiyyətdə olan qüvvələr, həm də silahlı çevrilişə hazırlıq görən AXC-Müsavat da bilirdi. Amma nə hakimiyyət nümayəndələri torpaqların müdafiə edilməsi üçün iş gördü, nə də AXC-Müsavat ölkədə nizami ordunun yaradılması prosesinə şərait yaratdı.

Artıq may ayının əvvəllərindən başlayaraq, həm respublikada, həm də Dağlıq Qarabağda vəziyyət ağırlaşmışdı. 4 il idi ki, hərbi-siyasi və ideoloji hazırlıq aparan ermənilər o zamankı hakimiyyət daxilində də xəyanətkarlarla əlaqələr qura bilmişdi. Belə ki, şahidlərin məlumatlarına görə, may ayının 3-də Azərbaycanın Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı Xankəndidə ermənilərlə naməlum planlar ətrafında müzakirələr belə aparıb.

AXC-Müsavat cütlüyünün Bakıda hakimiyyəti silahlı yolla ələ keçirmək üçün Qarabağda müdafiəyə hazırlaşan əsgərləri silahları və zirehli texnikaları ilə birgə Ali Sovetin ətrafına yığdığı, eyni zamanda, həmin dövrdə müdafiə naziri olmuş Rəhim Qazıyevin də silahlılarla birgə həmin ərazidə olduğu bir zamanda, hakimiyyət nümayəndələri məqsədli şəkildə Şuşa əhalisi arasında ajiotaj yaradaraq, onların rayonu boşaltmasını tezləşdirirdilər. Xocalı soyqırımını əsas gətirən həmin qüvvələr may ayının 7-dək demək olar ki, rayonun köçürülməsini təmin etmişdilər.

Əlbəttə ki, Şuşanı döyüşsüz ermənilərə təslim etmək istəyən xəyanətkarlar əsgərlərin və zirehli texnikaların belə ərazidən çıxarılmasını da təşkil etmişdilər. Belə ki, birbaşa olaraq, Rəhim Qazıyevin göstərişilə Şuşadakı hərbi qoşunların briqada komandirinə deyilmişdi ki, ermənilərin hücumunun qarşısını almaq üçün minalaşdırılmış Şuşa-Xankəndi yolu minasızlaşdırılmalıdır. Hətta briqada komandiri bu göstərişi yerinə yetirmədiyi halda hərbi tribunalla qarşılaşa biləcəyilə bağlı hədələnmişdi. Göstərişin səbəbi kimi isə göstərilmişdi ki, guya may ayının 7-də ATƏT-in və Qırmızı Xaç təşkilatının nümayəndələri Şuşadan keçərək, Xankəndinə gedəcəklər. Lakin həmin ildə ATƏT-ə sədrlik etmiş İtaliyanın xarici işlə naziri o zamanki Azərbaycan rəhbəliyilə İranda görüş keçirmişdi və onların Azərbaycana, ələlxüsus, Qarabağa getmək kimi planları yox idi. Buradan da göründüyü kimi, 1992-ci ildə siyasi oyunlarda iştirak etmiş bütün qüvvələr xəyanətkar əməllərin sahibləridir.

Yolun minasızlaşdırılması ilə bağlı olan göstərişdə, həmçinin, ermənilərin gözlənilən hücumunun qarşısını almaq üçün Şuşaya toplaşmış əsgərlərin və zirehli texnikaların rayondan çıxarılması öz əksini tapmışdı.

Beləliklə də, may ayının 8-dək Şuşanın müdafiəsini təşkil etmiş silahlı qüvvələrin böyük bir hissəsi rayondan çıxarılmışdı. Şuşada könüllü olaraq qalmış və ermənilərə qarşı vuruşmuş əsgərlərin sözlərinə görə, həmin vaxt döyüşən 60-a yaxın əsgər və bir ədəd işləməyən tank var idi. Qalanı isə cəmi 13 nəfər qoruyurdu. Kəşfiyyat materiallarından da bəlli idi ki, ermənilər Dağlıq Qarabağın tam işğalını həyata keçirmək üçün Şuşanın zəbtinə bütün güclərini qoyacaqlar. Şahidlərin sözlərinə görə, yüksək səviyyədə silahlanmış və hazırlıq keçmiş nizami ordu Şuşaya hər tərəfdən girməyə başladığı zaman, ermənilərin ZTR-lərinin sayı Azərbaycan əsgərlərinin sayına bərabər idi. Bundan başqa, ermənilər Şuşaya 10-a yaxın tankla hücuma keçmişdilər. Lakin bütün bunlara baxmayaraq, döyüşmüş əsgərlərin sözlərinə görə, hətta gecə üç saatlıq bombardmandan sonra belə Şuşanın müdafəsini təşkil etmək və rayonu saxlamaq olardı. Amma Bakıya vəziyyətlə bağlı məlumat ötürən əsgərlərə bir gün gözləməyi məsləhət görürdülər.

Döyüş bölgəsində tez-tez Bakıya məlumat ötürən əsgərlərimiz orada da xəyanətə uğrayırdılar. Hərəkət etdikləri istiqamətləri və mövqeləri haqqında məlumat Müdafiə Nazirliyi tərəfindən birbaşa ermənilərə ötürülürdü. Şuşada böyüşmüş əsgərlərdən bəzilərinin sözlərinə görə, ermənilər onların tutduqları mövqeləri çox dəqiqliklə vururdular. Bu səbəbdən də, Şuşada itki çox oldu.

May ayının 8-də artıq Şuşa ermənilərin tam nəzarətində idi. İnsanların kütləvi şəkildə köçürüldüyü, əsgərlərin isə xəyanət nəticəsində öldürüldüyü Şuşada ermənilərin talançılıqla məşğul olduğu vaxtda, televiziya və radio Azərbaycan əhalisinə yalançı informasiyalar verirdi. Həmin vaxt milyardlarla dollar ziyan dəymiş Şuşada daş üstə daş qalmamışdı. Respublikadakı müxtəlif qrupların siyasi maraqları naminə Şuşa ermənilərin qarşısında "diz çökdürüldü".

Bu, Ermənistan ordusunun Azərbaycan ordusu üzərində qələbəsi deyildi. Şuşanın işğalı sırf xəyanətin nəticəsi idi. Bütün bunların əsas səbəbkarları isə o zamanki hakimiyyət və dövlət idarəçiliyini silah gücünə ələ almağa çalışan AXC-Müsavat cütlüyüdür. Dağlıq Qarabağda düşmənə qarşı vuruşmalı olan qoşunlar respublikanın ayrı-ayrı bölgələrində, xüsusilə, Bakıda "bəy"lərin şəxsi sifarişlərini yerinə yetirirdilər. Şuşanın ardınca isə növbəti işğal hədəfi Laçın oldu. Bununla da, Azərbaycanın torpaqlarının işğal edilməsi üçün ermənilərə əlverişli şərait yaradıldı.

"Səs" Analitik Qrupu

Digər xəbərlər