Eldar Namazovun namizədliyi müxalifət "liderlərini" hərəkətə keçirib
Müxalifət düşərgəsində namizədlik iddiaları artıqca, qarşılıqlı hücumlara da start verilməkdədir. Belə ki, budəfəki hücum Eldar Namazovun rəhbərlik etdiyi "EL" hərəkatına qarşı baş verib. Son günlərədək guya adıçəkilən hərəkatla danışıqlara gedib birgə razılaşma əldə edəcəklərini deyən AXCP və Müsavat partiyalarının rəhbərlikləri son məqamda vəziyyətin onların xeyrinə doğru inkişaf etmədiyini görərək, fikirlərindən daşınmağa başlayıblar. Artıq onlar ayrı-ayrılıqda öz siyasi məqsədlərinin reallaşdırılması üçün gizli emissarları vasitəsilə "EL"-də parçalanma əməliyyatına start veriblər.
Zəfər Quliyev AXCP və Müsavat "liderlərinə" hansı anonsları verib?
Lakin bu arada hərəkatın təmsilçisi Zəfər Quliyev qurumları daxilində AXCP və Müsavatdan olan emissarlardan xəbərdar olduqlarını dolayısı ilə mətbuata açıqlayıb. O, birbaşa heç nə deməsə də, həm Ə.Kərimliyə, həm də İ.Qəmbərə müəyyən anonslarını ötürüb.
Ancaq bu arada hərəkatın daxilində də müəyyən narazılıqlar artmaqdadır. Belə ki, qurum daxilində aparılan vəzifə bölgüsü üstündə yaranmış narazılıq dava-dalaş həddinə qədər yüksəlib. Əldə etdiyimi məlumata görə hərəkat sədrinin daha bir neçə müavininin təyinatı məsələsi gözlənilsə də, oraya namizəd olmaq istəyən tərəflər bir-birləri ilə razılığa gələ bilmirlər.
Eldar Namazovu da həmin aqibət gözləyir
Məhz bu səbəbdən, E.Namazov müavini Zəfər Quliyevlə birgə hərəkatçılar arasındakı savaşı sakitləşdirmək üçün müraciət hazırlayıb. Z.Quliyev bununla bağlı deyib ki, "EL" hərəkatının tərəfdarlarına müraciət ünvanlanacaq. Buradan da görünür ki, hərəkatçılara müraciət, əsasən, AXCP və Müsavat partiyalarından olan emissarların onların arasında nifaq toxumu səpmələri ilə bağlıdır. Ona görə də müraciəti hələ ki, mətbuata sızdırmayan E.Namazov son anda nəyinsə dəyişəcəyini gözləyir. Lakin nəzərə alsaq ki, dağıdıcı müxalifət "liderlərinin" hər seçkilər ərəfəsində qarşılarına çıxan digər potensial namizədliyi olan müxalifətçiləri parçalamaları faktı bu gün də mövcuddur, bu zaman demək mümkündür ki, belə aqibət E.Namazovu da gözləyir. Çünki onun yaratdığı hərəkat tam olaraq formalaşmamış, artıq parçalanma təhlükəsindən kənara qaça bilmir.
Rəfiqə Hüseynova