PDF Oxu

Müxalifət

  • 26

Dağıdıcı müxalifət pessimizm əhval-ruhiyyəsindədir

Dağıdıcı müxalifət pessimizm əhval-ruhiyyəsindədir

ADP sədri Sərdar Cəlaloğlu: "Müxalifət artıq qələbə üçün birləşmə şansını əldən verib"

Artıq müxalifətin bu il keçiriləcək prezident seçkilərinə də, ötən seçkilərdə oluğu kimi, pərakəndə halda qatılacağı dəqiqləşib. Xüsusilə, dağıdıcı düşərgədəki qarşıdurmalar və həmin qarşıdurmalardan doğan "liderlərarası" kəskin ittihamlar düşərgədaxili parçalanmanın miqyasını kifayət qədər genişləndirib. Bu gün hətta eyni bloklarda və birliklərdə "müştərək fəaliyyət" göstərən siyasi təşkilatlar da "seçki birliyi" formatından uzaqlaşıblar. Buna misal kimi, ilik olaraq AXCP və Müsavatın monopoliyalarında olan "İctimai Palata"dakı vəziyyəti göstərmək mümkündür. Ancaq düşərgənin digər cinahında yaradılmış "Demokratik Qüvvələrin Məşvərət Məclisi" adlı qurumda da, "Qarabağ" blokunda da, "EL" hərəkatında da mövcud vəziyyət belə qənaətə gəlməyə əsas yaradır.

"Palata"nın iflası rəsmən elan edilməsə də, artıq hər kəsə gün kimi aydındır ki, adıçəkilən qurum sadəcə görüntü xarakteri vermək üçün quruca adından ibarətdir

Məsələn, "İP"-də "vahid namizəd" ideyasının irəli sürülməsindən sonra "cəbhə" və müsavatçılar arasında qeyri-müəyyənliyin sonradan söz atışmalarına çevrilməsi İsa Qəmbərin namizəd kimi elan olunması ilə nəticələndi. Ancaq AXCP də boş dayanmayaraq, öz namizədini may ayında elan edəcəyini bəyan etdi. Bununla da faktiki olaraq "İctimai Palata"nın 2010-ci ildən bəri nəzərdə tutduğu planları alt-üst oldu. "Palata"nın iflası rəsmən elan edilməsə də, artıq hər kəsə gün kimi aydındır ki, adıçəkilən qurum sadəcə görüntü xarakteri vermək üçün quruca adından ibarətdir.

Söz yox ki, "Məşvərət Məclisi"ndə də durum eynidir. Bir neçə müxalifət partiyasının "məclisdə" eyni iddialarda bulunmaları adıçəkilən qurumun siyasi fəaliyyətini iflic edib. Baş verən prosesləri yerdə qalan digər müxalif siyasi birliklərində də görmək çətinlik yaratmır. Artıq müxalifət düşərgəsində pərakəndə vəziyyətin hökm sürməsi partiya rəhbərliklərinin mövcud vəziyyəti etiraf etmələri ilə nəticələnir. Belə ki, bu günlərdə ADP sədri Sərdar Cəlaloğlu seçkilər mərhələsində dağıdıcı düşərgə "liderləri"ndən fəqrli olaraq, əsil həqiqəti söyləyib. Pessimist notlar üzərində verilmiş açıqlama isə yuxarıda vurğulanan fikirləri tamamlayır.

İqtidar mətbuatı, eləcə də, siyasi ekspertləri bu kimi fikirləri uzun illərdir ki, təbliğ edir və həmin fikrilər seçkilərdən-seşkilərə öz təsdiqini tapır

"Demokratlar"ın sədri bildirib ki, "Çoxnamizədli sistemdə narazı kütlə ayrı-ayrı liderlər ətrafında parçalanacaq".

Əslində, iqtidar mətbuatı, eləcə də, siyasi ekspertləri bu kimi fikirləri uzun illərdir ki, təbliğ edir və həmin fikrilər seçkilərdən-seşkilərə öz təsdiqini tapır. Ona görə də S.Cəlaloğlunun parçalanma məsələsindəki proqnozları yenilik sayıla bilməz. Sadəcə, ADP sədri burada reallığı əks etdirən fikirlərini irəli sürməklə, ekspert və jurnalist rəylərinin daha qabaq verdikləri proqnozları təsdiq edir. Ancaq həqiqəti də etiraf etmək siyasi etikanın tərkib hissəsidir.

Təbii ki, parçalanmanın baza hissəsində dayanan və görünən ən çox hadisə dağıdıcı düşərgə "liderləri"nin öz partiyaları daxilində avtoritar idarəçilik metodlarından istifadələri hallarıdır. Məsələ ondadır ki, 20 ildən artıq müddətdir ki, rəhbərlik etdikləri siyasi təşklatları uğur nöqtəsinə qaldıra bilməyən "liderlər" imkanları olsa 20 il bundan sonra da bu postlarını yeni simalara təhvil verməyəcəklər. Çünki onların siyasi baxışları məhz antidemokratik tərzə formalaşıb. Nəticədə isə, hər bir dağıdıcı müxalifət partiyasında avtoritarizm və inhisarçı mövqelər dəyişməyib.

Müxalifətin funksional əməkdaşlıqla bağlı müzakirələr aparması söz oyunudur

Bununla bağlı ADP sədri bildirib ki, son vaxtlar müxalifətdə baş verən hadisələri antidemokratik proses kimi dəyərləndirir. Onun sözlərinə görə, artıq müxalifət qələbə üçün birləşmə şansını əldən verib: "Bundan sonrakı cəhdlərin heç biri müxalifətə ciddi nailiyyətlər vəd etmir. Birlik yaratmaq istəmədilər. Müxalifətin funksional əməkdaşlıqla bağlı müzakirələr aparması söz oyunudur. Bunlar hamısı, birliyin imitasiyasına yönəlib və süni ideyalardır. Düşünürəm ki, ayrılıqda heç bir partiyanın bu seçkilərdə şansı yoxdur... "

Göründüyü kimi, müxalifətin əslində pessemist ruhda olması onların qələbə ümidlərini sıfır həddinə doğru yuvarladır. Belə sonluq həm də dağıdıcı düşərgə "liderlərin" siyasətdəki son illəri kimi də qiymətləndirilməlidir. Çünki bütövlükdə, müxalifətin demokratikləşməyə və avtoritar "lider" inhisarçılıqlarından azad olmağa ciddi ehtiyacı var.Mövcud vəziyyət məhz bu amili diktə edir.

R.RƏSULOV

Digər xəbərlər