PDF Oxu

Müxalifət

  • 24

Radikal müxalifətin idarəçiliyi dövrünün sosial-iqtisadi vəziyyəti...

Radikal müxalifətin idarəçiliyi dövrünün sosial-iqtisadi vəziyyəti...

AXCP sədri Əli Kərimlinin etirafları əsasında bəlli olur ki, AXC-Müsavat hakimiyyəti Azərbaycanı yalnız talayıb

Bu gün siyasi dividend qazanmaq üçün hakimiyyəti sosial-iqtisadi və siyasi ittihatlarla şərləməyə çalışan radikal müxalifət, görünür, 20 il öncəsi hadisələri, vəziyyəti yaddaşından çıxarıb. Düşünürük ki, həmin hadisələri və real vəziyyəti əks etdirən fikirləri bir daha xatırlatmaqla, radikal müxalifətin əsil simasını ortaya qoymaq lazımdır.

Qeyd edək ki, hələ 1993-cü il may ayının 25-də Prezidentin İcra Aparatında Əbülfəz Elçibəyin rəhbərliyi ilə keçirilən müşavirədə səslənən fikirlər, qarşılıqlı ittihamlar iflas ərəfəsində olan iqtidarın siyasi süqutunu şərtləndirən səbəbləri müzakirə edərkən, onların xalq və dövlət qarşısında xəyanətlərini, səriştəsizliyini bütünlüklə etiraf edir.

Müşavirəni Prezident Əbülfəz Elçibəy açaraq bəyan edir ki, "Biz bir ildən çoxdur hakimiyyətdəyik. Təəssüf ki, dövlət quruculuğunu nəzərdə tutduğumuz kimi yerinə yetirə bilmirik". Prezident dövlətin inzibati-siyasi orqanlarının quruculuğunun ləng getməsi və bu sahədə böyük çatışmazlıqların olmasını ən böyük problemlərdən biri kimi xarakterizə edir və bildirirdi ki, "Bunların üstündə təbii olaraq bizi tənqid edirlər. Düz tənqid edirlər. Kadr siyasətimizdə çoxlu nöqsanlar baş verir və bizim hüquq-mühafizə orqanlarımız bu məsələdə səriştə və bacarıq nümayiş etdirmir".

Daha sonra söz alan dövlət katibi Əli Kərimli prezidentin toxunduğu problemlərə faktların dili ilə nəzər salır və ondan başlayır ki, "Hüquq-mühafizə orqanlarının fəaliyyəti lazımi səviyyədə əlaqələndirilmir. Bəzi orqanların nəinki bir-birinə kömək etməməsi, əksinə, ayrı-ayrı orqanları təmsil edən vəzifəli şəxslər arasında yaranan qarşıdurmalar, bütövlükdə, ölkəmizdə qanunçuluğun səviyyəsinə xələl gətirir və bizim hamımızın qarşımızda duran işin müvəffəqiyyətlə yerinə yetirilməsinə imkan vermir".

Dövlət katibi problemlər silsiləsini ilk olaraq Müdafiə Nazirliyindən və ordu quruculuğundan başlayır: "Bu sahədə bizim fəaliyyətimiz çox zəif olub. Milli Orduda nəzarətsizliklər nəticəsində heç bir intizamın olmaması, silahın, şəxsi heyətin, texnikanın uçotunun olmaması ona şərait yaratmışdır ki, Azərbaycan Respublikasının Milli Ordusunda külli miqdarda dövlət əmlakının mənimsənilməsinə şərait yaradılmış, külli miqdarda cinayətlər törədilmiş və bir sıra hərbi cinayətlər artıq cəzasızlıqdan adi hala çevrilmiş, ümumiyyətlə, cinayət kateqoriyası sırasından çıxmışdır. Məsələn, fərarilik o qədər geniş yayılmışdır ki, bu tipli cinayətlərə görə cəza verilməsi artıq mümkün olmur. Bütövlükdə, Müdafiə Nazirliyi sistemində, ümumiyyətlə, nəyin harada olduğu haqqında, şəxsi heyət haqqında heç bir dəqiq məlumat olmamış, hər cür cinayət əməllərinə imkan yaranmışdır".

Əli Kərimli müşavirənin iştirakçısı olan hüquq-mühafizə orqanları əməkdaşlarının nəzərinə hərbi sahədə baş verən cinayətkarlığa qarşı mübarizənin qənaətbəxş olmadığını da çatdırır. Əlavə edir ki, Xocalı, Şuşa, Laçın, Ağdərə və digər hadisələr üzrə qaldırılmış və artıq neçə müddətdir ki, aparılan cinayət işlərinin taleyi naməlum qalıb: "Bir il ərzində xalq haqlı olaraq bu suallara bizdən cavab istədi və biz bir il ərzində o sualların cavabını verə bilmədik. Çox təəssüf ki, həmin istiqamətdə işlər bu gün də ləng gedir."

Ə.Kərimli hakimiyyətlərinin nəinki həll edə bilmədiyi, hələ genişləndirdiyi problemlər sırasında iqtisadi cinayətkarlığa da geniş yer ayırır: "Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. Biz bunu etiraf etməliyik. On milyonlarla dollar (mən hələ ən azını deyirəm - Ə.K.) hələ də xaricdə, ayrı-ayrı adamların hesabında saxlanılır və biz yaddan çıxarmamalıyıq ki, bu, dövlət əmlakıdır və dövlət əmlakının mühafizəsi bizə tapşırılıb. Ona görə də bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq".

Müşavirədə Əli Kərimli Azərbaycanda iqtidar mənsublarının iştirakı ilə həyata keçirilən qeyri-qanuni özəlləşdirmə prosesində rast gəlinən cinayətkarlıq hallarına da toxunur: "Respublikada hələ rəsmi özəlləşdirmə başlamamış qeyri-qanuni yolla dövlət əmlakının özəlləşdirilməsi adı ilə mənimsənilməsi prosesi kütləvi şəkildə gedir. Zavodların, müəssisələrin, əsas istehsal fondlarının zavod və müəssisələr yanında yaradılmış dövlət kiçik müəssisələri vasitəsilə dövriyyədən çıxarılması və mənimsənilməsini xüsusilə qeyd etmək istəyirəm. Respublikada xidməti maşınların özəlləşdirilməsi kütləvi hal alıb, 3 mindən artıq xidməti maşın özəlləşdirilərək mənimsənilib. Məmurların qorxusuzluğu o səviyyəyə gəlib çatıb ki, rayonlarda mənzil fonduna daxil olmayan xidməti, qonaq evlərinin özəlləşdirilməsi adi hal alıb".

Ə.Kərimli iqtisadi cinayətkarlıqda dövlətin yüksək vəzifəli məmurlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakta malik olduqlarını da deyir: "İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq-mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla artıq dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır. Bir misal çəkim: dəmir yolunda bir cinayət işi qaldırılıb və məlum olub ki, 198 sisternə qədər şərab məmulatı qeyri-qanuni şəkildə respublikadan kənara çıxarılıb. Görün neçə orqan bununla əlaqəlidir: şərab zavodundan başlamış dəmir yoluna, gömrük, sərhəd, polis orqanlarına qədər və s. və i. a.

Bütün şəbəkədən 198 sistern keçir və heç bir pillədə bu məsələ açılmır. Son vaxtlar xüsusilə sosial gərginlik yaradan və xalqın haqlı narazılığına səbəb olan məsələlərdən biri də vəzifə cinayətkarlığının artması və vəzifə cinayətkarlığının artmasına baxmayaraq, məhkum olunanların, belə əməllərin cinayət kimi rəsmiləşdirilməsinin olduqca azalmasıdır. Çox yaxşı bilirsiniz ki, bu tipli cinayətlər Azərbaycanda indi çox geniş yayılıb. Ancaq vəzifə cinayətkarlığına qarşı mübarizə bizim respublikada qənaətbəxş səviyyədə deyil".

Əli Kərimli AXC-Müsavat hakimiyyətinin ölkədə yaratdığı yüzlərlə problemdən ən başlıcaları sırasında qaçaqmalçılığa qarşı mübarizənin təşkil olunmamasını, ümumiyyətlə, bu prosesin bilavasitə dövlət adamlarının nəzarəti altında baş verdiyini etiraf edir: "Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə iribuynuzlu mal-qarası, minlərlə texnikası və digər maddi sərvətləri sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilir. Bu, respublikanın iqtisadiyyatına sarsıdıcı zərbə vurur".

Dövlət rəsmisi Azərbaycanda qanunsuz silahların çoxalmasını vacib problemlər sırasında qeyd edirdi: "Hərbi hissələrdə apardığımız yoxlamalar nəticəsində məlum olub ki, təkcə Müdafiə Nazirliyi xətti ilə bu hissələrdən minlərlə odlu silah çıxarılıb və onlar indi əllərdədir. Tək Müdafiə Nazirliyi sistemindən bizim vətəndaşların əlinə qanunsuz olaraq minlərlə silah keçibsə və ötən müddət qanunsuz silah əldə etmək üçün olduqca əlverişli olubsa, deməli, vətəndaşlarda qanunsuz silahların sayı külli miqdardadır. Qanunsuz saxlanan silahlar respublikada siyasi sabitliyin təminatsızlığına da təsir edən ciddi faktordur. Əhalidən toplanan qanunsuz silahlar ölkədə olan silahların heç onda biri də deyil".

Əli Kərimli hakimiyyət daxilində "bespredel"in artmasını da xüsusi vurğulayır və bildirir ki, dövlət məmurları hətta prezidentin fərmanlarını da ayaqları altına atırlar. "Respublikada bütövlükdə nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezident Fərman və sərəncamlarının icrası qənaətbəxş səviyyədə deyil. Bəzən elə ab-hava yaradırıq ki, qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik demokratiya ilə eyniləşdirilir. Çox təəssüf ki, hətta fərmanlar icra olunduğu təqdirdə belə istənilən nəticəni vermir. Qarşıya qoyulan nəticəyə nail olunmur. Müzakirə edib həm fərmanların, həm bütövlükdə qanunların icrasına nəzarət mexanizmi yaratmalıyıq" - göründüyü kimi, dövlətçiliyin bu elementar prinsipini Əli Kərimli hakimiyyətlərinin yalnız birillik fəaliyyətindən sonra anlayır.

Birillik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyünün yaratdığı problemlər isə bitmək bilmirdi. "Prezident Aparatına daxil olan ərizə və şikayətlərin təhlilindən göründüyü kimi, yerlərdə ərizə və şikayətlərə baxılması hələ də lazımi səviyyədə deyil. Yerlərdə məmurlar elementar ədaləti, hüquqları təmin etmirlər. Son vaxtlar cəmiyyətdə yaranmış haqlı narazılıqların böyük bir qismi məhz məhkəmə orqanlarının fəaliyyəti ilə bağlıdır. Son vaxtlar ayrı-ayrı vəzifəli şəxsləri, yaxud da öz statusuna görə vəzifəli şəxslər hesab olunmayan, lakin dövlət əmlakının talan edilməsində əli olan şəxsləri məhkəmələrin çox həvəslə işə bərpa etmək cəhdləri böyük gərginlik yaradır və ayrı-ayrı rayonlarda qeyri-sabitliyin əsas şərtinə çevrilir. Ali Məhkəmə tərəfindən nəzarət qaydasında baxılmış 61 vəzifəyə bərpaetmə işinin 59-u Ali Məhkəmə tərəfindən ləğv edilib. Təkcə bu fakt sübut etmirmi ki, birinci instansiya xalq məhkəmələrində bu işə necə yanaşılır?! Xüsusi icraatlarda beş aylarla, altı aylarla işlərin yatıb qaldığı məhkəmələrin imkanlı adamları, dövlət əmlakının talan edilməsinin iştirakçısı olan adamları belə operativliklə işə bərpa etməsi camaatın arasında haqlı narazılığa və neqativ söz-söhbətə səbəb olur" - Əli Kərimli bu fikri ilə məhkəmə sistemini total rüşvətxorluqda birbaşa ittiham edirdi.

Dövlət katibi Azərbaycanda mövcud olan problemlərin yaradıcılarından biri kimi Ədliyyə Nazirliyinin "xüsusi rolunu" da müşavirə iştirakçılarının nəzərinə çatdırır. O bildirir ki, Ədliyyə Nazirliyinin məhkəmələrə nəzarət statusundan məhrum edilməsi bu sahədə böyük qanun pozuntularının yaranmasına səbəb olmuşdur: "Bu sahədə mövcud olan cinayətlərin iştirakçılarından biri də notarius və ZAQS-lardır. Bəzi məmurların cinayətkar fəaliyyəti nəticəsində minlərlə adamın mənzil hüququnu bərpa edə bilməmişik və bununla da minlərlə adamın mənzil hüququ məhdudlaşıb. Amma həmin minlərlə adamın hüquqlarını cinayətkar üsullarla pozan adamlar bu gün də vəzifələrində qalırlar".

Əli Kərimli bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyətini əsas sayırdı: "Bu sahədə vəziyyətimiz ürəkaçan deyil, nə rayonlarda ərazi-müdafiə qərargahlarının fəaliyyəti ilə hüquq-mühafizə orqanlarının fəaliyyəti kifayət qədər koordinasiya olunur, nə də ki, hələ biz özümüz prezident aparatında bu işi lazımi səviyyədə qura bilmişik. Fövqəladə vəziyyəti elan etməklə ölkəmizdə sabitliyin bərqərar olunmasına, ordu quruculuğunun başa çatdırılmasına, qanunsuz silahlı dəstələrin, şəxslərin tərksilah olunmasına, bir sözlə, qanunçuluğun səviyyəsinin yüksəlməsinə şərait yaratmalı idik. Ancaq... Fövqəladə vəziyyətdə bizim görə bildiklərimiz görməli olduqlarımızdan xeyli azdır. Və biz, əslində, heç də bütün imkanlarımızdan istifadə edə bilmədik".

Bir sözlə, bu da Əli Kərimlinin, İsa Qəmbərin respublikaya rəhbərlik etdikləri zaman müşahidə olunmuş tendensiya və formalaşmış mənzərə göz qabağındadır. Düşünürük ki, bu cür xəyanətkar fəaliyyətlərini göz qabağına gətirən Əli Kərimlinin və İsa Qəmbərin xalq qarşısına çıxıb Dağlıq Qarabağdan, dövlətçilikdən danışması heç bir mənəvi-əxlaqi çərçivəyə sığmır. Əminik ki, hər şeyi görən və bilən kamil xalqımız radikal müxalifəti təmsil edən AXC-yə və Müsavata yenidən bu cür qanlı tarix yazmalarına heç vaxt imkan verməyəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər