Mais Səfərli: "Prezident seçkiləri yaxınlaşdıqca müxalifət partiya sədrləri yatıb yuxuda özlərini prezident görürlər"
Dağıdıcı müxalifət düşərgəsidə höküm sürən xaos və anarxiya fonunda blok və qurumların yaradılmasına cəhdlərin göstərilməsi təəccüblə qarşılanır. Ən azı ona görə ki, siyasi fəaliyyətləri ərzidə düşərgə təmsilçiləri çoxsaylı müxtəlif qurumlar yaradıblar. Amma həmin qurumların ömürü çox qısa olub. Yəni, siyasi arenaya çıxarılmadan tarixin arxivinə göndərilib. Heç şübhəsiz ki, "El" adlı qurum, "Məşvərət Məclisi", "Qarabağ", "İctimai Palata" və bu kimi qurumların da aqibəti qısa olacaq. "Yurddaş" partiyasının sədri Mais Səfərlinin sözlərinə görə, müxalif blokların dağılmasının başlıca səbəbi liderlərin bir-birini qəbul etməməsidir: "Müxalif qüvvələr bu il keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq "vahid namizəd" məsələsi ilə bağlı fikir mübadiləsi aparırlar. Amma bu qüvvələrin verdikləri bəyanatlarla gördükləri əməlləri düz gəlmir: "Müxalifətin "vahid namizəd" ideyası fiyaskoya uğrayıb. Müxalifətçilər bu cür bəyanatlar səsləndirməklə bir növ özlərini reklam etməyə çalışırlar. Yəni, öz varlıqlarını bu formada nümayiş etdirməyə cəhd göstərirlər. Prezident seçkiləri yaxınlaşdıqca müxalifət partiya sədrləri yatıb yuxuda özlərini prezident görürlər".
M.Səfərli onu da qeyd etdi ki, müxalifət qüvvələrinin boyunlarından böyük ambisiyaları olduğundan öz aralarında hər hansı bir məsələ ilə bağlı razılığa gələ bilmirlər. Eyni zamanda, bu qüvvələrin hər biri digər maraqlı qütblərə bağlıdır. Yəni, müxalifət qüvvələrini maliyyələşdirən və istiqamətləndirən çevrələr mövcuddur. Müxalifət düşərgəsində təmsil olunan qüvvələrin prezident seçkiləri ilə əlaqədar olaraq "vahid namizəd" ortaya qoymaq ideyaları reallığa çevrilən deyil.
"AXCP ilə Müsavat arasında diqqəti cəlb edən savaş gedir. Bu vəziyyət nəticədə həmin partiyaların yenidən parçalanmasına və kütləvi istefaların yaranmasına gətirib çıxara bilərmi" sualını cavablandıran partiya sədri bildirdi ki, 2008-ci ildə keçirilən prezident seçkiləri ilə əlaqədar olaraq müxalifət qüvvələrinin özlərinin möhtəşəmliyi və gücləri haqqında verdiyi bəyanatlar sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxdı. Ona görə də, müxalifətin 2013-cü ilin oktyabrında keçirilməsi nəzərdə tutulan seçkilərdə hər hansı bir uğur qazanması mümkün deyil. Sadəcə olaraq, bu seçkilərdə müxalifət liderləri öz aralarında bir-birləri ilə birinci olmaq uğurunda mübarizə aparacaqlar.
GÜLYANƏ