İsa Qəmbərin parçalayıcı mövqeyi ittihamlar qarşısında aciz qaldı
Aprelin 16-da Müsavat başqanı İsa Qəmbərin oğlu ailə həyatı qurdu. Təbii ki, hər bir yeni ailə quran vətəndaşlara arzulanan ifadələr Müsavat başqanının övladına da düşür. Necə deyərlər, Allah mübarək eləsin, qoşa qarısınlar! Ancaq müxalifət düşərgəsi bu dəfə də, bütün hadisələrdə olduğu kimi, xeyir işi də siyasiləşdirib. Düzdür, burada bir neçə məqamlar mövcuddur ki, İ.Qəmbəri ittiham edənlər haqlı mövqedən çıxış edirlər. Ancaq bütövlükdə demək mümkündür ki, dağıdıcı müxalifət öz siyasi mənfəətləri naminə mənəvi dəyərlərə zidd olan hərəkətlərə də yol verirlər.
Toyun səhəri günü - aprelin 17-də "İctimai Palata"nın qalmaqallı sessiyasında AXCP və Müsavat rəhbərliyi bir-birlərini kəskin şəkildə ittiham atəşinə tutublar
Qeyd etdiyimiz kimi, "cəbhə" sədrinin İ.Qəmbərlə münasibətləri olduqca barışmaz mövqedədir. Hətta toyun səhəri günü - aprelin 17-də "İctimai Palata"nın sessiyasında AXCP və Müsavat rəhbərliyi bir-birlərini kəskin şəkildə ittiham atəşinə tutublar.
İ.Həmidovun da İ.Qəmbərlə münasibətləri yüksək səviyyədə deyil. KXCP sədri M.Mirəlioğlunun başına İ.Qəmbər tərəfindən açılan oyunları isə yəqin ki, siyasətlə maraqlananlar unutmayıblar. İ.Ağazadə-İ.Qəmbər münasibətlərindən isə, ümumiyyətlə, danışmaq olmaz. Ancaq göründüyü kimi, siyasi düşmənlərini başına toplayaraq, yerdə qalan müxalifət partiyalarına bir növ mesajlar ötürməyə səy göstərən Müsavat başqanı bununla çox yəqin ki, nə isə demək istəyib.
ACP sədri Sülhəddin Əkbər: "Sağ olsun ki, mənə qarşı münasibəti açıq şəkildə ortaya qoyub"
Lakin onun nə demək istədiyini toya dəvət olunmayan tərəflər daha yaxşı təhlil ediblər. Məsələn, İ.Qəmbər eyni hakimiyyətdə təmsil olunduğu, uzun müddət partiyada birgə çalışdığı Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbəri toya dəvət etməyib. Xatırladaq ki, S.Əkbərlə İ.Qəmbər həmçinin kirvə qohumluğu münasibətlərindədilər. Eks-müsavatçı ACP sədri İ.Qəmbərin onu toya dəvət etmədiyini bir el məsəli ilə izah edib: "Ataların bir sözü var, çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar. Çağırmayıb, özü bilər. Sağ olsun ki, mənə qarşı münasibəti açıq şəkildə ortaya qoyub".
S.Əkbərin həmin sözlərindən də aydın olur ki, İ.Qəmbər hətta öz qohumluq münasibətlərini siyasi mənafelərinə qurban verməyə hazırdır, öz oğlunun toyunda olsa belə!
Sərdar Cəlaloğlu: "Ondan heç gözləməzdim... İqbal pis adam idi, Sərdar yaxşı, indi isə Sərdar pis adam oldu, İqbal yaxşı?"
Digər maraqlı məqam isə ADP sədri Sərdar Cəlaloğlu ilə bağlıdır. Qeyd etdiyimiz kimi, İ.Qəmbər "Qarabağ" blokunda təmsil olunan, münasibətləri soyuq olan İ.Ağazadəni toya dəvət etdiyi halda, adıçəkilən blokun digər üzvü - Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu dəvətlilərin siyahısından kənarda qalıb. Ancaq ADP sədri mətbuata açıqlamasında bildirib ki, İ.Qəmbər onu siyasi münasibətlərdəki soyuqluğa görə, toya dəvət etməyib: "Hələ toydan qabaq mən İsa bəyə zəng etdim. Toy üçün şadlıq evinin icarəyə götürülməsi sahəsində yaranan problemin həllinə köməklik göstərə biləcəyimi ona dedim. Üstəlik, toya dəvət olunmamağımın səbəbini soruşdum. Dedi ki, sənə əziyyət vermək istəmirəm. Mən onu 4 övladımın birinin toyuna dəvət etmişəm. O da məni toya dəvət etməli idi...Ondan heç gözləməzdim...Vaxtilə deyirdi ki, İ.Ağazadəyə görə, Sərdarla əməkdaşlıq edə bilmərik. Yəni "Ümid" partiyasını əməkdaşlıq edəcəyi partiyaların sırasında görmək istəmirdi. Amma bu gün İqbalı toya çağırır, məni yox. Bu nə məntiqsizlikdir?...Düzdür, hədiyyəmi göndərdim. Amma belə etməməli idi. O, hakimiyyətdə olanda mən vəzifədə deyildim. Müxalifətdə olduğu müddətdə isə ən çətin məqamlarda ona dəstək olmuşam. İ.Qəmbər yaşlandıqca, uşaq kimi hərəkətlər edir.
Göründüyü kimi, öz yaxınının toyunu belə siyasiləşdirən Müsavat başqanı burada ikibaşlı oyun oynamağı da unutmayıb. Daim düşərgə daxilində parçalayıcı mövqe tutan İ.Qəmbər nəticə etibarı ilə "Qarabağ" blokunda müttəfiqlik edən iki partiya sədrini bir-birinə vurmağa nail olub. Lakin görünən tərəf odur ki, dağıdıcı müxalifət öz yaxınlarının xeyir işlərində belə həngamələrdən çıxırlarsa, görün özlərini xalqdan təcrid edənlər sadə insanların başlarına hansı oyunları aça bilərlər. Çünki faktlar belə qənaətə gəlməyə kifayət qədər əsas verir.
Mübariz QULİYEV