PDF Oxu

Müxalifət

  • 10

AXCP-Müsavat qarşıdurması açıq mərhələdə

AXCP-Müsavat qarşıdurması açıq mərhələdə

Arif Hacılı Əli Kərimliyə barmaq silkələdi

AXCP ilə Müsavat partiyaları arasında baş verən qarşıdurmalar yeni və açıq mərhələyə qədəm qoyub. Belə ki, daha öncələr tərəflərin bir-birlərinə qarşı yönələn pərdəarxası hazırda daha çox sərt xəbərdarlıq qismində nəzərə çarpmaqdadır. Məsələ ondadır ki, bu ərəfələrdə Müsavat partiyası Ali Məclisinin sədri Arif Hacılı "cəbhə" sədrinə barmaq silkələyərək, ona İsa Qəmbərin xeyrinə geri çəkilmək məsləhəti verib.

Müsavat partiyası Ali Məclisinin sədri Arif Hacılı: "Nə qədər ki, gec deyil AXCP Müsavatın yolundan çəkilsin. Yoxsa... "

Müsavat yetkilisi mətbuata çıxaraq bəyanat səsləndirib və bildirib ki, AXCP sədri Ə.Kərimli Müsavat başqanı İ.Qəmbərlə müqayisə oluna biləcək səviyyədə deyil: "Mən təkcə Müsavat Partiyasının üzvü kimi yox, həm də uzun illər Azərbaycanda seçki ilə məşğul olan bir şəxs kimi deyirəm. İsa Qəmbərlə müqayisə olunacaq hər hansı bir kimsə görmürəm. Nə qədər ki, gec deyil AXCP Müsavatın yolundan çəkilsin. Yoxsa... ".

Bəlli olduğu kimi, artıq hədə dili ilə danışmağa başlayan Müsavat səlahiyyətliləri "cəbhəyə" qarşı genişmiqyaslı hücum traektoriyaları cızmaqdadırlar ki, bu dəfə baş verənlər hər iki siyasi təşkilat arasındakı münasibətləri birdəfəlik yekunlaşdıracaq.

ADP sədri Sərdar Cəlaloğlu: "Bunların heç biri heç kimin xeyrinə namizədliklərini geri götürməzlər"

Bu arada, düşərgənin müxtəlif qanadlarında təmsil olunan partiya rəhbərləri də bütövlükdə dağıdıcı müxalifətin qeyri-səmimi "liderlərini" ittiham atəşinə tutmaqda davam edirlər. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu partiyalar arasındakı intriqalarla bağlı deyib ki, İ.Qəmbər, Ə. Kərimli üzdə mehriban görünsələr də, onların münasibətləri qeyri-səmimidir. ADP sədri aparıcı "liderləri" qınayaraq bildirib ki, onlar yalnız öz maraqları naminə mübarizə aparırlar: "...Azərbaycanda siyasi nəticələrin əldə edilməməsinin ən böyük səbəbi "liderlərin" qeyri-səmimi münasibətidir. Sadəcə olaraq, indiki halda maraqlar üst-üstə düşdüyünə görə, bir yerdədilər. Bu da müəyyən yerə qədərdir. Maraqları toqquşan anda da ayrılacaqlar".

Göründüyü kimi, S.Cəlaloğlu zənnində yanılmayıb. Yəni sözügedən proses özünü kifayət qədər qabartmaqdadır. Başqa tərəfdən, S.Cəlaloğlu AXCP sədri Ə.Kərimlinin nəinki İ.Qəmbərin, eləcə də, "EL" adlı "hərəkat"ın rəhbəri Eldar Namazovun da xeyrinə namizədliyini geri götürəcəyinə inanmadığını deyib: "Qətiyyən inanmıram ki, Ə.Kərimli öz namizədliyini kiminsə xeyrinə geri götürsün. Bunların heç biri heç kimin xeyrinə namizədliklərini geri götürməzlər...".

Post-seçki ərəfəsində belə hadisələrin sürəkli və daha kəskin müstəviyə keçməsi isə, artıq siyasi-ictimai rəyin gözləntilərini, proqnozlarını təsbit etməkdədir. Daha dəqiqi, dağıdıcı düşərgədəki son situasiya məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.

Afət TAHİRQIZI

Digər xəbərlər