"Aydınlar" partiyasının sədri: "İctimai Palata" qarşısına qoyduğu məqsədə çata bilməyib"
Dağıdıcı müxalifət düşərgəsinin qarşıdan gələn prezident seçkilərinə "birlik" formatında getməyəcəkləri aşkar görünən partiyaları qarşılıqlı ittihamlarını davam etdirməkdədirlər. Yəni seçkilər yaxınlaşdıqca, bu kimi hədəfəalmaların da sayı artmaqdadır. Bu dəfə ənənəvi müxalifət "liderləri"ni kəskin tənqid edənlər sırasına "Aydınlar" partiyasının sədri Qulamhüseyn Əlibəyli də qoşulub. Müxalifət partiyasının sədri mətbuata açıqladığı fikirlərində düşərgədə yaranan çoxsaylı qurumlara, eləcə də, "İctimai Palata" təmsilçisinə iradlarını bildirib. "Aydınlar"ın sədri prezident seçkilərinə heç bir qrupda, yaxud "birlikdə" getməyəcəyini deməklə, yaxınlarda öz namizədliyini də irəli sürəcəyini istisna etməyib: "Biz prinsip etibarı ilə seçkilərdə iştirakın tərəfdarıyıq və qarşıdan gələn seçkilərdə də iştirak etmək niyyətindəyik. Bu günə olan mövqeyimiz partiyanın seçkilərdə təkbaşına iştirak etməsindən ibarətdir...Rəsmi seçki kampaniyası başlayandan sonra bizim qərarımız açıqlanacaq. Ümumiyyətlə, partiyanın siyasi şurasının qərarı var ki, seçkilərdə iştirak edək".
"İki siyasi partiya və yeni yaradılan bir "hərəkat" arasında inhisarçı mövqedən danışıqlar aparılır... Eyni adamlardan ibarət olan müxtəlif qurumların təsisi gülüş yaradır"
Təmsil olunduğu "Demokratik Qüvvələrin Məşvərət Məclisi"nin ("DQMM") seçki, yaxud siyasi blok olması barədə mətbuatda yer alan fikirlərin yanlış olduğunu deyən Q.Əlibəyli eyni zamanda bildirib ki, "DQMM"-in "Milli Şura" ideyası ətrafında müzakirələr aparması həqiqətəuyğun deyil və orada inhisarçılıq mövcuddur: "Biz bu prosesdə iştirak etmirik. "Mili Şura"nın formalaşdırılması istiqamətində aparılan danışıqlarda iştirak etmək bizə təklif edilməyib. Yəni iki siyasi partiya və yeni yaradılan bir "hərəkat" arasında inhisarçı mövqedən danışıqlar aparılır. Bu isə "Milli Şura" ideyasını bir qədər qeyri-ciddi göstərir...İndi iki siyasi partiya və bir hərəkat ortaya düşərək, bu prosesi həyata keçirir. Əslində, bu adamlar bir vaxtlar "İctimai Palata"nı yaratmışdılar. Bunlar elə eyni adamlardır...Görünür, bunu siyasi fəaliyyətin bir növü hesab edirlər. Təxminən eyni adamlardan ibarət olan müxtəlif qurumların yaranması normal cəmiyyətlər üçün o qədər də keçərli deyil və gülüşə səbəb ola bilər."
"İctimai Palata"nın qarşısına qoyduğu məqsədə nail olmadığını, bununla yanaşı, "Milli Şura"nın da eyni aqibəti yaşayacağını bildirən "Aydınlar" sədri məsuliyyətin məhz ənənəvi mxalifət "liderləri"də olduğunu bildirib: "Mən bildiyim qədər "palata" qarşısına yeni parlament seçkilərini keçirmək tapşırığı qoymuşdu. Amma bu məqsədə nail olunmadı. Az sonra isə elan etdilər ki, demokratik seçki mühiti yaratmaq niyyətindədirlər. Bu istiqamətdə də hər hansı bir fəaliyyət göz önündə deyil. Bu baxımdan, hesab edirəm ki, "İctimai Palata" qarşısına qoyduğu məqsədə nail ola bilməyib."
Afət TAHİRQIZI