PDF Oxu

Müxalifət

  • 9

Artıq çox gecdir...

Artıq çox gecdir...

Sərdar Cəlaloğlu: "Bəzi müxalifət liderlərinin hakimiyyət ehtiraslarının milli və dövlət maraqlarından üstün tutması bizi çox acınacaqlı bir vəziyyətə gətirib çıxara bilər"

Müxalifətin bir araya gələ bilməməsi fonunda cərəyan edən və tez-tez dəyişən hadisələr bir daha belə qənaətə gəlməyə əsas yaradır ki, "liderlərin" qeyri-razılıqlarının əsas səbəblərindən biri də partiyalar və fərdlər tərəfindən irəi sürülən "ideyaların" digərləri tərəfindən qəbul olunmamasıdır. Eyni zamanda ortada daha ilginc hadisələr baş verməkdədir ki, bütün bunların arxasında fərdi mənfəət, eləcə də siyasi biznes maraqları dayanıb. Maraqlıdır ki, müxtəlif kontekstlərdən doğan bu kimi hadisələr, elə müxalifət rəhbərləri tərəfibndən də etiraf olunmaqdadır. Eləcə də bu etiraflar seçkilər öncəsi vəziyyətin daha da mürəkkəbləşməsinə kifayət qədər zəmin yaradır. Belə ki, bununla bağlı Azərbaycan Demokrat Parityasının (ADP) sədri Sərdar Cəlaloğlu bir sıra ittihamlarla çıxış edib. Onun budəfəki hədəfi də AXCP və Müsavat partiyaları, eləcə də "İctimai Palata" olsa da əsas nişangah "Ziyalilar Forumu"nun təsisçisi, Rusiyanın ermənipərəst siyasi dairələri tərəfindən təlimatlar alaraq "Milli Şura" "ideyasını" ortaya atan Rüstəm İbrahimbəyovdur.

"Heç bir demokratik prinsipi qəbul etmirlər"

"Demokratların" sədri bildirib ki, bütövlükdə siyasi müxalifətdə keyfiyyət problemləri yaşanmaqdadır və "liderlərdə" demokratik dəyərlərə sadiqik yox dərəcəsindədir: "Mən bunu, ümumiyyətlə, müxalifətin keyfiyyət problemi kimi görürəm. Hesab edirəm ki, faktiki olaraq müxalifətin problemlərinin özü demokratik dəyərlərə bir o qədər sadiq qalmaması və ya demokratik prosedurlara meyİl etməməsi, demokratik prinsipləri rəhbər tutmaması ilə bağlıdır".

Söz yox ki, burada "vahid namizəd" məsələsinin də həll olunmaması faktoru dayanıb və əgər düşərgədə demokratik amillər mövcud olsaydı, bu ideya həll oluna bilərdi. Ancaq göründüyü kimi, "liderlərin" ziddiyyətləri də onu göstərir ki, adıçəkilən "ideya" həll olunmamış qalacaq: "Misal üçün, indi deyirlər ki, vahid namizədi necə müəyyən etmək olar? Namizədin müəyyən edilməsi üçün o qədər demokratik prosedurlar var. Amma heç kim yaxına gəlmir. Niyə? Çünki bu prosedurlara heç kimin inamı yoxdur...Heç bir demokratik prinsipi qəbul etmirlər".

"İctimai Palata"nın yaradılması birgə fəaliyyət göstərməyən müxalifəti daha da dərindən parçalamasına xidmət etdiyini deyən S.Cəlaloğlu gözləntilərin əks təsir verdiyini deyib: "İctimai Palata"nın özü o vaxtkı şərtlər daxilində müxalifət nəyisə yaratmalı, hansısa addım atmalı idisə, məhz o zəruri addımların qarşısını almaq üçün yaradılmış bir qurum kimi meydana çıxdı...Tələm-tələsik AXCP ilə Müsavat əvvəlcə həmin ideyanı, amma "İctimai Palata" adı altında bir ideya kimi irəli sürdülər, sonra da getdikcə bunu özlərinin siyasi blokuna çevirdilər...Bu baxımdan "İctimai Palata" çox böyük yanlış bir ideya kimi meydana çıxdı. Cəmiyyətin "yeganə güc mərkəzi" kimi təqdim edilsə də, "İctimai Palata" yaranandan sonra heç bir addım ata bilmədi, heç bir nailiyyət əldə edə bilmədi".

"1988-ci ildə "yurdçularla" müsavatçılar arasında başlanmış o məşhur intriqa bu gün də davam edir və istəyirlər adını "Milli Şura" qoysunlar"

Xarici qüvvələr tərəfindən irəli atılan " Milli Şura" məsələsinin də eyni aqibət yaşayacağını bildirən "demokrat" sədr elə də uzaq olmayan tarixə nəzər salıb və maraqlı nüanslara toxunub: "İctimai Palata" "vahid namizəd" iddiası ilə çıxış etsə də, Müsavat funksionerləri İsa Qəmbərin, AXCP funksionerləri isə Əli Kərimlinin ən şanslı namizəd olduğunu bəyan edirlər. Əgər onlar arasında səmimi müttəfiqlik varsa, biz mütləq belə bir fakta rast gələcəydik ki, Müsavat funksionerləri deyəcəkdi ki, Azərbaycan müxalifətinin ən şanslı namizədi Əli Kərimlidir, AXCP funksionerləri isə deyəcəkdi ki, ən şanslı namizəd İsa Qəmbərdir. Onda onlar özləri də şanslı görünərdilər. Amma 1988-ci ildə "yurdçularla" müsavatçılar arasında başlanmış o məşhur intriqa bu gün də davam edir və istəyirlər, adını "Milli Şura" qoysunlar. Nə qoyurlarsa qoysunlar, bu iki "qüvvənin" hər hansı bir vaxtda bir-birilərinə güzəştə gedəcəklərini gözləməyə dəyməz".

"Milli Şura"nın yaradılması prosesinin ləngidiyini və nəticəsizliyini önə sürən ADP sədri bunu belə izah edib ki, bu gün R.İbrahimbəyovun ətrafında olanların əksəriyyəti siyasətdən bixəbər adamlardır: "Belə götürəndə, Eldəniz Quliyevin və digərlərinin hansı potensialı var ki, bu işi yerinə yetirsin? Axı biz bilirik ki, E.Quliyev nə siyasi, nə də ictimai xadimdir. Ən yaxşı halda bir yaradıcı adamdır və siyasi qüvvələr arasında heç bir təsiri, nüfuzu yoxdur. O adam belə işləri görə bilər ki, onun özünün nüfuzu olsun, sözünün çəkisi olsun. Yoxsa elə-belə mənə, sənə tapşırsınlar ki, get, siyasi partiya liderlərini yığ bir araya, nəsə yarat. Elə bunun özünü düşünmək o deməkdir ki, siz o ideyanın nə olduğunu bilmirsiniz. Yəni belə çıxır ki, R.İbrahimbəyov Azərbaycanda siyasi qüvvələri bir araya gətirməyin mahiyyətini özü üçün hələ aydınlaşdırmayıb ki, bu işi tapşırıb E.Quliyevə. Ümumilikdə işin mahiyyəti düzgün deyil.

"Mən sənə kələk gəlmək istəyirəm, mən də bilirəm ki, sən mənə kələk gəlmək istəyirsən"

"R.İbrahimbəyovun arxayın şəkildə səsləndirdiyi fikirləri təhlil edərkən, onun real gücü və potensialına uyğun olmayan iddialar ortalığa qoyduğu görünür" deyə bildirən ADP sədri onun bu iddialarının gülülnc göründüyünü deyib: "R.İbrahimbəyovun indiki gücü və potensialını nəzərə alsaq, bu fikirlər yalnız gülüncdür. "Milli Şura"nın yaradılmasının ləngiməsinin əsas səbəblərindən biri də prosesdə iştirak edən adamların çox dividend götürmək məqsədi güdməsidir. Bilirsiniz, adamlar bir-birinə kələk gəlmək istəyəndə çox çətin olur, iş irəli getmir. Misal üçün, sən bilirsən ki, mən sənə kələk gəlmək istəyirəm, mən də bilirəm ki, sən mənə kələk gəlmək istəyirsən...Niyyət sağlam olmayanda ortalığa nəsə çıxmır...Amma məqsəd o deyil axı, məqsəd odur ki, mən olum prezident, mənim partiyam olsun hakimiyyətdə, mən hamıdan çox yer alım, mən hamıdan çox qabağa gedim, məni hamıdan çox tərifləyin, mənə hamıdan çox əl çalın. Bu məqsəd olanda artıq hamı öz merkantilist məqsədlərini qoyur, onda da ideyanı reallaşdırmaq mümkün olmur".

R.İbrahimbəyovun Rusiyanın qaranlıq siyasi dairələrindən tapşırıqlar aldığını bir daha önə sürən S.Cəlaloğlu bildirib ki, "od olmasa, tüstü çıxmaz": "Mətbuatda gedən fikirlərdən görünür ki, cəmiyyətdə müəyyən qədər həm "Milli Şura" ilə bağlı, həm də R.İbrahimbəyovun Rusiya ilə əlaqələri ilə bağlı çox ciddi narahatlıqlar var. İnsanın özünün kifayət qədər gücü olmayanda xarici qüvvələrin dəstəyinə xidmət edir. Mən tövsiyə edərdim ki, iddialarınızı gücünüzə uyğunlaşdırın, çünki sizin iddialarınız Azərbaycan xalqının məhvinə aparır. Müxalifət də dövlətin və xalqın taleyini düşünməlidir. Çünki bizim üçün birinci vətən, dövlət, müstəqillik, ondan sonra hakimiyyət məsələsi gəlir. Bəzi müxalifət liderlərinin hakimiyyət ehtiraslarının milli və dövlət maraqlarından üstün tutması bizi çox acınacaqlı bir vəziyyətə gətirib çıxara bilər".

Afət TAHİRQIZI

Digər xəbərlər