Əli Kərimli "Yurd"un dükanlarını necə özünküləşdirib?
Bildiyimiz kimi, AXCP sədri Əli Kərimli yürütdüyü "siyasətini" həm də biznesə çevirməklə zaman-zaman bir çox dələduzluqlar törədib, ona inanan insanların inamından sui-istifadə edərək, müxtəlif kirli oyunlar oynayıb. Belə ki, Ə.Kərimliyə xas olan və bu kimi dələduzluqlar arxasında dayanan əsas faktlardan biri onun övladının Britaniyada illik haqqı 180 min dollara başa gələn təhsil ödənişləridir ki, AXCP sədri ona qarşı irəli sürülmüş iddiaları, sualları hələ də cavabsız qoymaqdadır. Bu amil isə ortaya çıxan digər yeni faktların nə qədər gerçəkliyə sahib olduğunu kifayət qədər təsdiq edir.
Xatırladaq ki, "Səs" qəzeti AXCP sədri Ə.Kərimi haqqında yeni dəlillər əldə edib və bu dəlillərin hər biri əsaslara söykənməkdədir. Belə ki, apardığımız araşdırmalardan və əldə etdiyimiz səhih informasiyalardan bəlli olmuşdur ki, "cəbhə" sədri metropolitenin "Elmlər Akademiyası" və "İnşaatçılar" stansiyalarına yaxın yerdə yerləşən dükanları mənimsəyib. Sözügedən dükanlar isə vaxtilə "Yurd" ictimai birliyinə məxsus olub. Adının açıqlanmasını istəməyən keçmiş "yudrçudan" aldığımız məlumata görə, bu dükanlar ayrı-ayrı şəxslərin adına olsa da, faktiki olaraq "Yurd"un şərikli mülkiyyəti kimi fəaliyyət göstəriblər. Apardığımız araşdırmalardan sonra dəqiqliklə məlum olmuşdur ki, hələ AXC hakimiyyəti dövründə yüksək dövlət postları tutan "yurdçular" maliyyə problemlərini həll etmək üçün şəhərin adışəkilən yerlərində bir neçə dükan əldə ediblər. Həmin dükanlar "Yurd"un bizneslə məşğul olan üzvləri Seymur Babayevin (bu şəxs hazırda da bizneslə məşğuldur və Ə.Kərimlinin yaxınlarından biri kimi tanınır) və 1994-cü ildə avtomobil qəzasında dünyasını dəyişmiş Əlisafa Qədirovun (Ə.Qədirov həmin illərdə "Yurd"-un sədri olub) adlarına olub. Lakin 1997-2000-ci illərdə Ə.Kərimli təşkilata məxsus dükanları S.Babayevin yardımı ilə tamamilə mənimsəyib və özünküləşdirib. Yalnız sonradan bəzi "yurdçuların" Ə.Kərimlinin bu əməlinə qarşı kəskin etirazından sonra "İnşaatçılar" metrostansiyasının yaxınlığında yerləşən dükanlardan biri sözügedən obyektlərin əldə edilməsində müstəsna xidməti olan Ə.Qədirovun qardaşı Şaxsəddin Qədirova verilib. Onu da qeyd edək ki, Ş.Qədirova verilən dükan-biznes obyektinin ən az sahəsi olub və yerləşdiyi ərazi o qədər də münasib yerdə olmayıb. Bu baxımdan, əlverişli, ticari baxımdan gəlirli yerdə yerləşən və sahəsi böyük dükanları isə istisnasız olaraq Ə.Kərimli əldə edib.
Etibarlı mənbənin sözlərinə görə, metropolitenin "Elmlər Akademiyası" stansiyasının çıxışından Bakı Dövlət Universitetinə qədər uzanan dükanlar cərgəsində "Yurd"a məxsus daha bir neçə dükan olub, ancaq sonradan həmin dükanlar da Ə.Kərimlinin şəxsi əmlakına çevrilib. Bu yaxınlarda stansiyanın yeni keçidinin tikintisi ilə bağlı dükanlar sökülüb. Ancaq söküntü zamanı Ə.Kərimli dövlət tərəfindən ödənilən və kifayət qədər münasib olan təzminat əldə edib. Nəticədə, o öz buznesini davam etdirməkdən ötrü digər yaxınlarının adına başqa yerlərdə dükanlar satın alıb. Sökülmüş dükanlardan öz paylarını istəyən "yurdçular" isə növbəti dəfə Ə.Kərimlinin yalanları və dələduzluğu ilə qarşı-qarşıya qalıblar. Hətta "hakimiyyətə gələndən sonra artıqlamasıyla payınızı verəcəyəm" deyə ironik cavab verən Ə.Kərimli "yurçuları" məsxərəyə qoymağı da unutmayıb.
Onu da xatırladaq ki, Ə.Kərimlinin adı yalnız bu kimi olaylarla başa çatmır. Bu gün heç kimə sirr deyil ki, AXCP sədri siyasəti bizneslə səhv salaraq, hətta aptek ticarətində də qoşulmağa can atır. Bu gün onun arvadı Samara Seyidovanın Fransada və İngiltərədə parfüm dükanları fəaliyyət göstərir. Söz yox ki, övladının yüksək məbləğli təhsilhaqqısının ödənilməsi məhz Ə.Kərimlinin bu kimi dələduzluqları hesabına baş tutur. Ancaq onu da yaddan çıxarmaq lazım deyil ki, "Yurd"un və AXCP-nin dağılmasının pərdəarxası səbəbləri arasında bu faktorlar xüsusi rol oynayıb. Vaxtilə ölkənin böyük təşkilatlarından olan "Yurd" və AXCP məhz Ə.Kərimlinin əmlak ehtirasları, nəfsi və nəfsindən doğan dələduzluqları, oğurluqları səbəbindən parçalanıb. Bu gün AXCP-nin fəaiyyətsiz, zəif təşkilata çevrilməsinin də arxasında Ə.Kərimlinin "siyasəti" dayanıb.
Rövşən RƏSULOV