Qüdrət Həsənquliyev: "Kimlərsə hakimiyyətə gəlmək, yaxud qisas almaq üçün xarici gücün əli ilə hakimiyyətə yiyələnmək niyyətimə düşərsə, Azərbaycan xalqı əbədilik olaraq həmin insanları lənətləyər və heç zaman bağışlamaz"
"Ziyalılar Forumu"nun baş reneqatı Rüstəm İbrahimbəyovun xarici qüvvələrin təlimatları əsasında irəli sürdüyü "Milli Şura" ideyası müxalifətin istər radikal, istərsə də konstruktiv qanadları tərəfindən birmənalı qarşılanmamaqdadır. Belə ki, "Milli Şura" ideyasını dəstəkləməyənlər sırasına daxil olan REAL hərəkatı, ACP, "Ümid" partiyası, eləcə də digərləri zaman-zaman R.İbrahimbəyova dəstək verməyəcəklərini bəyan edirlər.
Bu xüsusda BQP, BAXCP kimi siyasi təşkilatlar da "Milli Şura"nın ölü qurum olacağına dair fikirlər səsləndirməkdədirlər. Məsələn, bu günlərdə rəhbərlik etdiyi siyasi təşkilatın mətbuat xidmətinə verdiyi müsahibəsində Qüdrət Həsənquliyev bildirib ki, "Milli Şura" adlı qurum yaransa belə, bu ölkənin siyasi həyatında heç nəyi dəyişməyəcək: "Onsuz da radikal müxalifət düşərgəsində təmsil olunan insanlar zaman-zaman müxtəlif adlar altında birləşir və dağılırlar. Bu da növbəti ad dəyişikliklərindən biri olacaq".
Rüstəm İbrahimbəyovun "mənim heç bir iddiam yoxdur" deməsinə baxamayaraq, əslində, çox böyük iddiaları var və xüsusi missiya, tapşırıq yerinə yetirir
Müxalifət partiyasının sədri daha bir maraqlı məqama toxunaraq bildirib ki, "Milli Şura" əsasən yarandığı dövrdən uğursuzluğa düçar olmuş "İctimai Palata"nın üzvlərindən ibarət ola bilər və oraya yalnız Eldar Namazov da daxil olmaqla 3-4 nəfərin adı əlavə olunacaq. Eyni zamanda, R.İbrahimbəyov xarici qüvvələrdən təlimatlar alır: "İctimai Palata" onsuz da fəaliyyət göstərir. Əgər Rüstəm İbrahimbəyovun başqa məqsədləri və iddiaları olmasaydı, o, E.Namazova tövsiyə edərdi ki, sən də get qoşul "İctimai Palata"ya... Bu, onu göstərir ki,R.İbrahimbəyovun "mənim heç bir iddiam yoxdur" deməsinə baxamayaraq, əslində çox böyük iddiaları var və xüsusi missiya, tapşırıq yerinə yetirir. Göstərmək istəyir ki, baxın mən bunları səfərbər etdim, mən bunları "Milli Şura" adı altında birləşdirdim. Mənin rəhbərliyimlə, liderliyim ilə bu iş baş tutdu".
Göründüyü kimi R.İbrahimbəyovun xarici siyasi dairələr tərəfindən davamlı olaraq təlimatlar alması getdikcə özünü daha açıq formada büruzə verir. Ona görə də baş reneqatın addımı dövlətə və millətə xəyanət kimi qarşılanmaqdadır. Q.Həsənquliyev bununla bağlı deyib ki, belə xəyanətkarları xalq heç zaman bağışlamayacaq: "Kimlərsə hakimiyyətə gəlmək, yaxud qisas almaq üçün xarici gücün əli ilə hakimiyyətə yiyələnmək niyyətinə düşərsə, Azərbaycan xalqı əbədilik olaraq həmin insanları lənətləyər və heç zaman bağışlamaz"
Afət TAHİRQIZI