AMİP, ALP, ACP "dəstək verməyəcəyik" bəyanatını qüvvədə saxladı
Ötən həftənin şənbə günü Müsavat partiyasının qərargahında başqan İsa Qəmbər, "EL" hərəkatının rəhbəri Eldar Namazov və AXCP sədri Əli Kərimli arasında görüş keçirilib. "Milli Şura"nın yaradılması ətrafında baş tutan görüş növbəti dəfə uğursuzluğu ilə yadda qalıb. E.Namazovun müxalifət mediasına verdiyi müsahibəsindən də bəlli olub ki, əslində, proses tamamilə əks istiqamətdə inkişaf edir. Daha dəqiq desək, nəticələr heç də xarici qüvvələrin onların qarşısında qoyduğu vəzifələr kimi getmir. Məhz bu səbəbdən də E.Namazov guya görüş detallarını açıqlamamaq adı altında "uğur tandemini" ortaya atmaqla dolayısı ilə qarşılaşdıqları fiaskonu etiraf edib.
Belə ki, E.Namazov AMİP-in baş katibi Arzuxan Əlizadə, ALP sədri Əvəz Temirxan və ACP sədri Sülhəddin Əkbərlə ayrı-ayrılıqda 2 saat danışıqlar apardığını bildirib. Məhz buradan da aydın olub ki, aparılan danışıqlar öz səmərəsizliyi ilə yadda qalıb. Yəni AMİP, ALP, ACP "dəstək verməyəcəyik" bəyanatını qüvvədə saxladıqlarını bəyan ediblər.
Qarşılaşdığı uğursuzluğu ört-basdır etməyə çalışan E.Namazov isə "Milli Şura"nın yaradılması ətrafındakı pessimistliyini gizlədə bilməyib: "Bu görüşdən əvvəl mən ACP sədri Sülhəddin Əkbər, AMİP-in baş katibi Arzuxan Əlizadə və ALP sədri Əvəz Temirxanla görüşmüşdüm. Bu üç partiyanın rəhbərləri ilə görüşdən sonra Müsavat və AXCP rəhbərləri ilə bir araya gəldik. Hər görüş ayrılıqda iki saat çəkdi. Danışıqların gedişatından hansısa detalları açıqlamağı düzgün saymıram".
Qeyd edək ki, son günlərə qədər guya Azərbaycana dönəcəyini və "Milli Şura"nın təsisində iştirak edəcəyini deyən Rüstəm İbrahimbəyov bu dəfə də geriyə addım atıb. Özündən qondarma siyasi dissident obrazını yaratmağa cəhd edən, lakin bunu bacarmayan baş reneqat E.Namazova Azərbaycana dönməyəcəyi mesajını göndərib. Bunu E.Namazovun özü də təsdiq edir: "Rüstəm müəllim hələ Moskvadadır, ancaq onun xarici səfərlər proqramı da var".
Belə hesab etmək mümkündür ki, "xarici səfər proqramı" deməklə, "EL" rəhbəri R.İbrahimbəyovun özündə cürət taparaq ölkəyə qayıtmayacağını etiraf edib. Bu zaman belə qənaətə gəlmək mümkündür ki, "hərəkat"ın və AXCP-Müsavat cütlüyünün inhisarında yaranacaq qurum heç bir uğur əldə etməyərək, uzağı bir neçə ay ömür sürə biləcək ki, ölkə ictimaiyyəti son 20 ildə müxalifət düşərgəsində çox belə qurumların arxivə gömüldüyünün şahidi olub.
Afət TAHİRQIZI