AXCP-nin "bölgə müşavirələrinin" həqiqi məqsədi bəlli oldu
Mayın 19-da Ağdaş rayonunda AXCP-nin yerli şöbəsinin mini-iclası zamanı şok faktlar üzə çıxıb. Belə ki, rayon sakini, "cəbhəçi" Pənah Əbilovun evində düzənlənən "tədbirin" əsas qayəsi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ifşa olunub. P.Əbilovun evindəki "müşavirədə" əxlaqsız qadınlar iştirak edib və həmin qadınların Ağdaşa aparılmasında AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlının xüsusi canfəşanlığı olub. Bütövlükdə isə rayon sakini P.Əbilovun evindəki səs-küy, ucadan səsləndirilən musiqi və qəhqəhə səsləri ətraf evlərdə yaşayan digər insanların narahatlığına və etirazlarına səbəb olub. Nəticədə, polis onlara edilmiş şikayətləri araşdırmağa gedərkən, AXCP-çinin evində tamamilə müşavirədənkənar olayın şahidi olublar.
"Cəbhəçilər" qanun keşikçilərinin tələblərinə məhəl qoymayaraq, onlara qarşı ifrat radikallıq nümayiş etdiriblər
Hadisəni görən şahidlərin məlumatına görə, P.Əbilovun həyətində açılmış yeyib-içmək masasının ətrafında milli əxlaq-ənənələrə sığmayan görüntülərlə üzləşən hüquq-mühafizə orqanlarının əməkdaşları eyş-işrət məclisinin ətraf sakinlərin istirahət hüquqlarını pozmasını əsas gətirərək, onlardan dağılışmağı tələb ediblər. Lakin sərxoşluqdan lül-qəmbər olan "cəbhəçilər" qanun keşikçilərinin bu tələblərinə məhəl qoymayaraq, onlara qarşı ifrat radikallıq nümayiş etdiriblər. Qeyd edək ki, eyş-işrət məclisində digər AXCP-lər - partiya sədrinin müavini Asəf Quliyev, sədrin müşaviri Zərifə Məhəddinova, eləcə də onun özü ilə bərabər Ağdaşa apardığı bir neçə rəfiqəsi də iştirak edib.Maraqlıdır ki, məlum hadisədən sonra özlərini təmizə çıxarmağa səy göstərən "cəbhəçilər" AXCP-yə, daha dəqiq desək, bilavasitə Əli Kərimliyə məxsus olan "Azadlıq" qəzetində qondarma bəyanat yaymaqla, hadisəni ictimai rəyə tamamilə başqa formada təqdim ediblər. Lakin görünən budur ki, Ə.Kərimlinin rəhbəri olduğu siyasi təşkilat heç də siyasətlə məşğul deyil. Onların əsas məram və məqsədləri pozğunçuluq, eyş-işrət və digər mənfi xüsusiyyətlərdən ibarətdir.
Mübariz QULİYEV