Və ya reneqat "xanım" niyə hədəyana çıxışlar edir?
Bəlli olduğu kimi, keçmiş millət vəkili Gültəkin Hacıyevanın keçmiş həyat yoldaşı Mahmud Mehdiyev mətbuat konfransı düzənləyərək, sabiq millət vəkilinin bütün fırıldaqlarını faş edib. Belə ki, keçmiş deputat ilə əri Mahmud Mehdiyevin toy mərasiminə iki həftə qalmış 2003-cü ilin mayında dövlət tərəfindən Gültəkin Hacıyevaya paytaxtın mərkəzində mənzil verilib. Həmin mənzilin təmirinə və mebelə M.Mehdiyevin köməyi ilə 50 000 dollar xərc çəkilib. G.Hacıyeva isə bildirib ki, evi təmir edəndən sonra yüksək qiymətə icarəyə verib xərci çıxarlar. Toydan sonra onlar müvəqqəti olaraq M.Mehdiyevin anasının mülkiyyətində olan 2 otaqlı mənzildə yaşayıblar. Lakin təmir qurtaran ərəfədə, yəni 2004-cü ilin avqust ayında onlar faktiki boşandıqdan sonra G.Hacıyeva nəinki evə çəkilən xərci ödəyib, hətta bildirib ki, qarşı tərəfin başına oyun açacaq. Başqa bir iddiada isə bildirilir ki, G.Hacıyeva Goranboy rayon Təhsil şöbəsinin sabiq müdirindən 5000 manat tələb edib və tələbini belə əsaslandırıb ki, həmin pula məscidi təmir etdirəcək. Lakin təhsil şöbəsinin müdiri onun bu yaxında "haqq"ını verdiyini, bu işi özü görərək, rayonda öz adına hörmət qazana biləcəyini bildirərək G.Hacıyevaya pul verməkdən imtina edib.
Gültəkinin "həya" və "həyat norması"
Deputatı olduğu rayonun ayrı-ayrı vəzifəli şəxslərindən "haqq" almaq G.Hacıyevanın "həya" və "həyat norması" imiş. Belə ki, o da bəllidir ki, Nazirlər Kabinetində məktəb və xəstəxanaların təmirinə vəsait ayrılan kimi G.Hacıyeva rayon icra hakimiyyətinin sabiq başçısının başının üstünü kəsib həmin puldan "otkat" - yəni "töycü" verilməsini tələb edirdi. Yəni, deputat olduğu dövrdə G.Hacıyevanın bir "ali məqsədi" varmış, toxunulmazlıq statusundan sui-istifadə edib çapıb talamaq və rahat şəkildə varlanmaq.
Bildiyimiz kimi, qanununa görə, deputatın kommersiya fəaliyyəti ilə məşğul olması qadağan edilir. G.Hacıyeva qısa müddət ərzində Dilarə Əliyeva küçəsi 251 ünvanında yeni tikilmiş binada da daha bir mənzil alıb, iki mənzillə kifayətlənməyərək, Milli Məclisin üzvləri üçün 20 saylı məktəbin yaxınlığında yeni tikilməkdə olan binadan mənzil "qoparmaq" üstündə deputat həmkarları ilə mübahisə edib.
Onu "mələk" kimi görənlərin özləri də şeytan xislətindən qətiyyən fərqlənməyənlərdirlər
G.Hacıyeva öz müsahibələrində guya gələcəkdə elmlə məşğul olmaq istədiyi üçün növbəti dəfə namizədliyini irəli sürmədiyi barədə qeyri-səmimi və riyakar məlumat verib. Lakin deputat olduğu 10 il ərzində gözü tərəzi olan xalq, seçicilər G.Hacıyevanın aşkar xislətini və "dəyərlərini" gördülər. Lakin fakt budur ki, keçmiş deputat, reneqat "xanım" G.Hacıyevanın dövlətə, onun siyasətinə qarşı çıxmasının bir adı var - NANKORLUQ!
Artıq bu gün hamı "mələk" donu geymiş G.Hacıyevanın hansı qanunsuz hərəkətlərlə məşğul olduğunu və yüzlərlə vətəndaşın hüquqlarının necə pozulduğunu bilir. Çünki bu gün "Ziyalılar Forumu"nun onun müdafiəsinə qalxması arxasında görünən də budur ki, onu "mələk" kimi görənlərin özləri də şeytan xislətindən qətiyyən fərqlənməyənlərdirlər.
Bu zaman sual yaranır ki...
Sonda daha bir sualdoğurucu nüansı da qeyd edək ki, sabiq millət vəkili keçmiş həyat yoldaşının ona ünvanlanmış haqlı və reallığı əks etdirən ittihamlarına cavab verməkdən nədənsə, imtina edib. Hətta jurnalistlər bununla bağlı "Ziyalılar Forumu"nun üzvünə müraciət etsə də, reneqat və dələduz "xanım" məsələyə münasibət bildirmək istəmədiyini deyib.
Təəccüblüdür, əli vəzifədən, deputat mandatından üzülən bəziləri dərhal ayrı-ayrı müxalif qurumların üzərinə qaçır, bəzi siyasi dairələr isə onların bu addımlarını "həqiqət axtarışı" kimi cəmiyyətə sırıyırlar. Axı necə olur ki, "haqq-ədalət" vəzifədə olanda yada düşmür? Hələ yüksək mənsəb sahibi olan bir çoxları vəzifələrindən uzaqlaşdırıldıqdan sonra "obyektiv insan"a çevrilirlər. Belələrinə barəsində söhbət açılan G.Hacıyeva, E.Namazov, R.İbrahimbəyov və başqaları misal ola bilər. Amma bu yolla nəsə qazanmaq olmaz. Axı keçmiş keçmişdə qalsa da, şahidlər keçmişdə qalmır. Onlar gec-tez ortaya çıxıb, belələrini ifşa edəcəklər. Oxucuların xatirindədir ki, Rafiq Əliyev işə davamiyyəti olmadığına görə işlədiyi universitetdə kafedra müdirliyindən çıxarılanda, Rüstəm İbrahimbəyovun ona məxsus bir sıra obyektləri əldən çıxdıqdan, habelə "İbRus" teatrı bağlandıqdan sonra "obyektiv" ziyalı olmağa qərar verdi? Nəticəsi isə hər kəsə gün kimi bəllidir. Bunun adına isə istər reneqatlıq, istərsə də üzüdönüklük deyirlər. üzüdönüklərə isə xalq heç zaman etibar etməyib.
Rövşən NURƏDDİNOĞLU