PDF Oxu

Müxalifət

  • 8

Rüstəm İbrahimbəyovun ideyası nə üçün dəstəklənmədi?

Rüstəm İbrahimbəyovun ideyası nə üçün dəstəklənmədi?

Və ya "Milli Şura" radikal müxalifəti parçaladı və bu düşərgənin gücsüzlüyünü isbatladı

Artıq uzun müddətdir ki, Azərbaycan mediasında qoca kinorejissor Rüstəm İbrahimbəyovun "Milli Şura" ideyası ətrafında müxtəlif istiqamətli fikirlər səsləndirilməkdədir. Mətbuatda xüsusilə də, "Milli Şura"nın qəbul edilməməsi haqqında mövqelər dərc olunur. Elə bir müddət əvvəl "El" hərəkatinin sədri Eldar Namazovun mətbuata açıqlamasında təsis etdikləri "Milli Şura"nın təqdimat mərasiminin mayın 28-də keçiriləcəyi barədə məlumat verməsindən sonra etirazlar daha da artdı, bəzi müxalifət partiyalarının sədrləri yeni qurumda təmsil olunmayacaqlarını açıqlamağa başladılar.

"Milli Şura" "İctimai Palata" və üstəgəl Eldar Namazov birliyidir

Burada Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbərin açıqlamalarını göstərmək olar. Hər üç partiya sədri müəyyən şərtlər irəli sürməklə "Milli Şura" barədə heç də birmənalı fikirdə olmadıqlarını bəyan ediblər. Xüsusən də, ALP sədri Ə.Temirxan rəhbərlik etdiyi siyasi təşkilatın "Milli Şura"nın təsisçisi funksiyasını icra etməyəcəyi təqdirdə, nə partiyasının, nə də Lalə Şövkətin orada olmayacağını vurğulayıb. Deyib ki, "Milli Şura"nın yaranmasını dar çərçivədə, "əvvəl biz, sonra qalanları" prinsipi ilə müzakirə etmək çox zərərlidir. Onun sözlərinə görə, əgər "Milli Şura"nın elanı vaxtı məlum olubsa, deməli, 3 partiyanın iştirakı ilə yaranır və Liberal Partiya təsisçilər sırasında yoxdur. Bu isə o deməkdir ki, Lalə Şövkət də orda yoxdur.

Ə.Temirxan belə olan halda yeni təsisatı "Milli Şura" deyil, "İctimai Palata" və üstəgəl Eldar Namazov birliyidir. Bu vəziyyəti müxalifətin bölünməsi kimi dəyərləndirən partiya sədri söyləyib ki, "Milli Şura" yaratmaq istəyənlər, tələsməməli daha geniş spektrlə danışıqlar aparmalıdırlar.

ACP sədri Sülhəddin Əkbər də şərtini açıqlayıb. Birmənalı şəkildə qeyd edib ki, danışıqlar dar çərçivədə aparılacaqsa, ayrı-ayrı şəxslərin maraqlarına xidmət edəcəksə, ACP orda iştirak etmək niyyətində deyil.

DQMM "Milli Şura" kimi qeyri-şəffaf qurumlarda iştirak etməyəcək

Bu açıqlamalardan belə qənaətə gəlmək olar ki, artıq müxalifət düşərgəsində "Milli Şura"ya heç bir inam qalmayıb. Elə buna misal olaraq Demokratik Qüvvələrin Məşvərət Məclisinin verdiyi qərarı da göstərmək olar. Bu birlikdə təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyası ali məclisinin sədri Bəybala Əbil "Milli Şura"da təmsil olunmaqdan rəsmən imtina etdiklərini bəyan edib. Bildirib ki, Məşvərət Məclisi müxalifətin demokratiya uğrunda geniş koalisiyasının yaradılmasını məqsədəuyğun hesab etsə də, "Milli Şura" kimi qeyri-şəffaf qurumlarda iştirak etməyəcək: "Məşvərət Məclisi məramı, məqsədi, prinsipləri bəlli olmayan, qeyri-şəffaf qurumlarda iştirak etməyəcəyini bəyan edərək, müxalifətin birliyinin bu cür yaranmasının ümummilli maraqlara xidmət etmədiyini düşünür".

ACP və REAL Hərəkatı da "Milli Şura"da təmsil olunmayacaq

Bununla yanaşı, KXCP və digər partiyalar da MŞ-yə qoşulmaqdan imtina ediblər. KXCP "Milli Şura" təsisçiləri qarşısında elə bir şərt qoydu ki, onlar bunu edə bilməzdilər. Digər partiyaları Müsavat və AXCP-nin qara piar maşını küsdürdü.

ADP, ALP, AMİP kimi partiyalar isə, İbrahimbəyov düşərgəsinin yanaşması doğru olmadığı üçün "Milli Şura"dan kənarda qalacaqlar. Artıq Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyası və İlqar Məmmədovun REAL Hərəkatı "Milli Şura"da təmsil olunmayacaqlarına dair açıqlama veriblər.

Açıq Cəmiyyət Partiyası sədrinin müşaviri Ağasif Şakiroğlu deyib ki, "Milli Şura" bəhs edildiyi formatda yaradılmayacaq: "Milli Şura"da, adından göründüyü kimi, özündə Azərbaycanın bütün təbəqələrini və qruplarını birləşdirməlidir. Lakin hazırkı məqamda müəyyən şəxslərin bu qurumu monopoliyaya almaq iddiaları görünməkdədir ki, bu da yaranması nəzərdə tutulan qurumun adının "Milli Şura" olmasından başqa heç nəyə təsir edə bilməyən bir qurum kimi səciyyələndirilir". REAL Hərəkatının məclis sədri Erkin Qədirli də təmsil etdiyi qurumun Milli Şuraya qatılmayacağını bəyan edib: "Milli Şura"nın təşkilində aydın olmayan məqamlar çox olduğundan, xüsusi olaraq, can atmırıq. Məsələ ondadır ki, "Milli Şura" REAL idarə heyətində müzakirə olunub, ümumi qərarımız belə oldu ki, quruma getməyək".

"Milli Şura" ideyasının ortaya atılması Konstitusiyaya ziddir

Eyni zamanda, "El" hərəkatının "Milli Şura"nın böyük güc olacağı ilə bağlı cəmiyyətə ötürdüyü mesajlar da birmənalı qarşılanmır. Vəhdət Partiyasının sədri Tahir Kərimli "Milli Şura" ideyasının ortaya atılmasını Konstitusiyaya zidd hesab etdi. O bildirdi ki, istər "El" hərəkatı, istərsə də "Ziyalılar Forumu" siyasi partiyalar haqqında qanuna uyğun fəaliyyət göstərmirlər. T.Kərimli bu gün "Milli Şura" ilə bağlı gündəmə gətirilən məsələlərin məhz müxalifət partiyalarının həddən çox zəifliyi ilə bağlı yarandığını dedi.

Onun sözlərinə görə, bu qurumlar birləşsələr də ortaya vahid bir güc çıxara bilməyəcəklər. Son zamanlar müxalifətin daha çox Moskvada yaranan "Milyarderlər İttifaqı"nın üzvü Rüstəm İbrahimbəyova ümid bəslədiyini qeyd edən T.Kərimli bu ümidlərin də qırıldığını dedi: "Rüstəm İbrahimbəyov "Milli Şura" ideyasını orataya atanda müxalifət təşkilatları, "El" hərəkatı belə düşündü ki, "Milyarderlər İttifaqı"nın maliyyə dəstəyilə Azərbaycanda təşkilatlana biləcəklər. Amma bunun mümkünsüzlüyü əvvəldən bəlli oldu. R.İbrahimbəyov prezident seçkilərində vahid namizəd olmaq istəmədiyini və müxalifətin özünün vahid güc kimi birləşəcəyi təqdirdə "Milli Şura"ya qatılacağını bildirdi. Lakin hazırda onun Azərbaycandan kənarda olması və proseslərə qatılmaması müxalifətdə növbəti pərişanlığı yaratdı" - deyə T.Kərimli müxalifətin ideya boşluğunu önə çəkdi:"Bütün bunlar müxalifəti çətin vəziyyətə salıb. Müxalifət yalnız xarizma, ayrı-ayrı şəxslərin üzərində birlik qurmaq istəyir. Bu, İsa Qəmbər, Əli Kərimli, daha sonra Rəsul Quliyev və Lalə Şövkət Hacıyeva və digərilərinin hərəkata qoşulmağa dəvət edilməsi ilə müşahidə olundu. Ona görə də məsələnin güclü hərəkatın yaranması ilə nəticələnəcəyinə əmin deyiləm",- deyə T.Kərimli söylədi.

"Milli Şura" görünüş və söz xatirinə yaradılan birlikdir

Yaşıllar partiyasının sədri Mais Güləliyev görünüş, söz xatirinə yaradılan birliklər kimi, bu qurumun da iflasa uğrayacağını dedi. Onun fikrincə, "Milli Şura" ideyası ilk baxışdan cəlbedici görünsə də, çatışmazlıqlar var. Belə ki, əgər birlik yaranmazdan əvvəl onun formatı, məqsədi, vəzifələri, orda təmsil olunan partiyalara aid layihələr və sair məsələlər ortaya qoyulmayıbsa, "Milli Şura", yaxud adının necə adlandırmasından asılı olmayaraq, heç bir birlik müvəffəiyyətə nail ola bilməz.

M.Güləliyevin sözlərinə görə, hazırda müxalifət partiyalarının mübarizə motivasiyası aydın deyil və yaxın 10 ilə aydın olmayacaq. "El" hərəkatının AXCP, Müsavat və başqa partiya liderlərinin timsalında guya birlik, güc yaratmaq istəyi heç nəyi ifadə etmir. Ümumiyyətlə, bu qüvvələrin "Milli Şura"da birləşəcəyinə inanmıram. Müsavatla AXCP-nin ideyalarında aydınlıq olmadığına görə onların birləşmək imkanları sıfıra bərabərdir. Bu qurumlar siyasi partiyalar anlamından xeyli uzaqdırlar. Əgər bir siyasi partiyanın lideri 20 il rəhbər vəzifəsində qalırsa və bir nəfər də olsun lider yetişdirə bilmirsə, o partiya yalnız məhdud məsuliyyətli cəmiyyət, biznes strukturu formasında özünü göstərə bilər", - deyə M.Güləliyev söylədi.

M.Güləliyevin sözlərinə görə, bu gün bu iki partiyanın 20 illik fəaliyyəti digər partiyalarıın siyasi arenaya buraxılmamasına sərf olunub. "Xarici təşkilatlar bu iki partiyanı monopolist partiyaya çevirib, Qərb siyasətinə müxalif olan və yaxud idarə olunmayan partiyaları arenaya buraxmaq istəmirlər. Bu partiyaların asanlıqla idarə edilməsi Qərb təşkilatlarını cəlb edir. Ona görə də bu partiyaların birləşməsinin özü formal xarakter daşıya bilər", - M.Güləliyev bildidi.

"Milli Şura" yaransa belə qeyri-işlək quruma çevriləcək

Göründüyü kimi, müxalifət düşərgəsində AXCP və Müsavatdan başqa heç bir partiya "Milli Şura" ideyasını dəstəkləmir. Çünki AXCP və Müsavatın oyuncağına çevrilmiş "İctimai Palata" təcrübəsi həmin partiyaların daha belə bir səhvə yol verməmələri anlaşılandır. Bu gün bütün partiyaların mövqeyi ortada olduğu halda yalnız AXCP və Müsavat "Milli Şura"ya cəhd göstərir. Ekspertlərin sözlərinə görə,

Müsavat partiyası kənara çəkilməsə, "Milli Şura" dörd siyasi qüvvənin birliyi kimi ortaya çıxsa, indidən bəllidir ki, qurumda Müsavat, AXCP, "El" hərəkatı və "Ziyalılar Forumu"nun əsas simaları cəmləşəcək. Siyasi partiyalar arasında baş verən intriqalar qurumun ağsaqqallıq funksiyasına mane olacaq. Böyük ehtimalla, "Milli Şura" 2003-cü ilin oktyabrında Londonda dörd partiyanın elan etdiyi Demokratik Sabitlik İttifaqına bənzər, qeyri-işlək qurum kimi təsis ediləcək. Müsavat seçkiyə köhnə müttəfiqləri ilə gedəcək, Əli Kərimli namizəd olsa, "Səkkizlər"in dəstəyinə ümid edəcək.

"Milli Şura" ideyasına nəinki daxildən, heç xaricdən də dəstək yoxdur

Göründüyü kimi, Rüstəm İbrahimbəyovun, E.Namazovun pafoslu bəyanatlar səsləndirmələrinə rəğmən vəziyyət heç də yaxşı deyil. "Milli Şura" ideyasına nəinki daxildən, heç xaricdən də dəstək yoxdur. Elə Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev də "Milli Şura"nın uğurlu prosesə çevriləcəyinə şübhə ilə yanaşdığını ifadə edib. B.Hacıyev fikirlərini əsaslandırmaq üçün deyib ki, Vaşinqtonda və Londonda olarkən "Milli Şura"ya beynəlxalq dəstəyi müşahidə etməyib: "Mənə Milli Şuraya çoxdan dəvət var idi. Sadəcə, bir müddət əvvəl düşündüm ki, ABŞ-a gedib bəzi məsələləri müzakirə edəndən sonra buna baxa bilərəm. Yəni mənim onunla söhbətdə qaldırdığım məsələlərdən biri də o oldu ki, beynəlxalq dəstək olacaqmı, ancaq Vaşinqtonda və Londonda olanda, bu beynəlxalq dəstəyi görə bilmədim. Ola bilsin ki, Milli Şuraya beynəlxalq dəstək var, amma bu dəstək Qərbdən deyil... Mən Qərbdən bu dəstəyi hiss etmədim. Elə buna görə də bir çox suallar açıq qaldı...".

Bir sözlə, vəziyyət ortadadır və "Milli Şura"nın cəmiyyətə yararlı, siyasi proseslərə təsir göstərə biləcək quruma çevrilməsi indidən absurd görünür. Proseslərin bu cür cərəyan etməsi də onu sübut edir ki, bu ideya ya reallaşmayacaq, ya da radikal müxalifətin üz qarasına çevriləcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər