"İctimai Palata"dakı inhisarçılıq "Milli Şura"da davam edir
Rüstəm İbrahimbəyovun irəli sürdüyü "Milli Şura" ideyası reallaşacağı halda dağıdıcı müxalifətin digər qurumlarının taleyi indidən bəlli olmağa başlayıb. Xatırladaq ki, sözügedən ideya yenicə irəli sürülərkən Müsavat rəsmisi Arif Hacılı və AXP sədri Pənah Hüseyn "Milli Şura"nın yaradılması ilə bağlı narahatlıqlarını müxtəlif formalarda bildirirdilər. Məsələb, P.Hüseyn iddia etmişdi ki, "İctimai Palata" tamam başqa bir qurumdur və buraxıla bilməz, onun öz missiyası var. A.Hacılı isə öz açıqlamasında "Milli Şura"nın siyasi istiqamətinə şübhə ilə yanaşmış, qurumun ideya müəlliflərini dolayısı ilə Rusiyanın qaranlıq siyasi dairələri ilə əlaqələndirmişdir. Adlarıçəkilən müxalifət funksionerləri ilə yanaşı, daha bir fərd - vaxtilə Müsavat partiyasında təmsil olunan İbrahim İbrahimli də qoşulub. İ.İbrahimli bildirib ki, hər bir təşkilatın ayrıca missiyası var və ayrılıqda da fəaliyyət göstərməlidirlər.
Dağıdıcı müxalifət "liderləri" "yeni qüvvənin" ortaya çıxmasından təlaş keçirirlər
Lakin belə bəyanatlara rəğmən, "EL" hərəkatının "lideri" Eldar Namazov da rəhbərlik etdiyi qurumun buraxılmayacağını bəyan edib. Bütün bu kimi bəyanatlardan da görünür ki, "Milli Şura" elan ediləcək, amma indiyədək mövcud olan qurum və birliklər də saxlanacaq. Bu zaman sual yaranır ki, belə olan vəziyyətdə yeni yaranan qurumun gücü nə qədər olacaq? Bu, yeni yaranan qurumun fəaliyyətinə əngəl yaratmayacaqmı? Dağıdıcı müxalifət "liderləri" hazırda nə qədər ört-basdır etməyə çalışsalar da, "yeni qüvvə"nin ortaya çıxmasından təlaş keçirirlər. Öz övladlarını siyasi qurumlara, QHT-lərə yerləşdirən ənənəvi müxalifət "liderləri" "yeni qüvvə"nin ortaya çıxmasından narahatdırlar. "Yeni qüvvə"nin ənənəvi müxalifəti əvəz etməsi isə, təbii ki, P.Hüseyn və A.Hacılı kimi şəxslər üçün tamamilə qəbuledilməzdir. Məhz buna görə də "Milli Şura"nın yaradılması ideyasına barmaqarası baxılır.
"Milli Şura" heç də uzun ömür sürməyəcək
Ənənəvi müxalifət başbilənləri "Milli Şura"nın yaranmasına olduqca pessimist ruhlu dəstək verirlər. Onlar "Milli Şura"nın ilk büdrəməsini, yıxılma anını səbirsizliklə gözləyirlər. Belə ki, belə proqnozlaşdırmaq mümkündür ki, adıçəkilən qurum ilk büdrəyişindəcə "Milli Şura"ya qarşı qara piar başladacaqlar. Bu baxımdan ola bilsin ki, mayın 28-də Novxanıda elan ediləcək "Milli Şura" heç də uzun ömür sürməyəcək. Çünki başqa tərəfdən, istər "Ziyalılar Forumu"nun, istərsə də "EL" hərəkatının yerlərdə strukturları, sosial bazası yoxdur. Bu baxımdan, "Milli Şura"nın da əsasını Müsavat və AXCP təşkil edəcək. Yəni "İctimai Palata"dakı inhisarçılıq "Milli Şura"ya da trensfer olunacaq. Proseslər məhz bu istiqamətdə davam etməkdədir.
RƏFİQƏ