"Artıq o yaşım deyil ki, nə barədəsə gopa basım..."
Seçkilər yaxınlaşdıqca, düşərgədəki situasiya daha kritik vəziyyət almaqdadır. Xüsuslə, qarşılıqlı ittihamlar çərçivəsində inkişaf edən ziddiyyətlər daha çox xatırlatmalarla diqqəti cəlb edir. Daha dəqiq desək, bu gün seçkilərdə qələbə çalmaq uğrunda bir-birlərinə güzəştə getməyən "liderlər" vaxtilə onlarla hərəkatda olmuş şəxslər tərəfindən haqlı qınaq obyektinə çevrilməkdədirlər.
Bu dəfə "liderlərə" qarşı çıxan keçmiş müdafiə naziri, "Şuşa işğal olunarsa, başıma güllə çaxacam" bəyanatını verən, lakin bu sözünə əməl etməyə cürəti, iradəsi çatmayan Rəhim Qazıyev olub. Belə ki, R.Qazıyev Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin ünvanına ağır ittihamlar irəli sürüb, onları bir sıra günahlarda ittiham edib. O, eyni zamanda, "liderləri" debata da dəvət edib. "Cəbhə" və Müsavat rəhbərlərini debata dəvət edən eks-nazir iddialarını sübuta yetirməsə, hətta qulaqlarını da kəsəcəyini vəd edib: "Mən nə İsa Qəmbəri, nə də Əli Kərimlini dəstəkləyirəm. Bu insalar ancaq öz maraqları naminə çalışırlar, onları nə xalq, nə də millət düşündürür. Problemlər qalıb qıraqda, bunlar aralarında bir-birlərini qırırlar ki, birinci mənəm. Əlini tərifləyən kimi Müsavat başlayır qırğın salmağa, İsanı tərifləyən kimi cəbhəçilər başlayırlar. Bu insanlar heç vaxt bir olmayıblar, olan da deyillər".
Hər iki müxalifət "liderinə" tarixi həqiqətləri xatırladan R.Qazıyev onları vaxtilə öz liderlərinə qarşı xəyanətdə suşlayıb: " İsa Qəmbər də, Əli Kərimli də Əbülfəz Elçibəyi özlərinə müəllim, yol göstərən seçmişdilər. Əlinin də, İsanın da, Mirmahmudun da başının üstündə Elçibəyin şəkli var. İsa Qəmbər 2000-ci ildə Elçibəyin tabutunun qarşısında baş əyirdi, amma 1998-ci ildə seçkilərdə geri durmadı ki, Əbülfəz bəy, gəl, sən önə keç. İsa Qəmbər vahid komandanı parçaladı. Gəlsinlər, oturaq bir yerdə görüşək, bu sözləri üzlərinə də deməsəm, sübut eləməsəm, qulaqlarımı kəsərəm. Bunlar 20 ildir millətdən nə istəyirlər? 2003-cü ildə mən həbsxanada olanda, İsa Qəmbər xalqın qarşısında bildirdi ki, "siz mənə səs verin, sizi müdafiə eləmək mənlikdir". Camaat meydana çıxanda İsa getdi, evində oturdu. Mənim o yaşım deyil ki, nəyisə gopa basım".
Göründüyü kimi, R.Qazıyev bu dəfə həqiqətləri söyəliyb. Məhz ona görə də belə qənaətə gəlmək olar ki, əgər hər iki "lider" onunla debata getsə, qulaqlarını kəsməyə ehtiyac qalmayacaq.
R.Rəsulov