Adıçəkilən qurum partiya rəsmilərinin qınaq obyektinə çevrilib
"Milli Şura"da baş verən olaylar qurumun təsis toplantısında daha kəskin xarakterə keçid edib. Belə ki, yaşanan ziddiyyətlər orada təmsil olunanların bir-birlərinə güzəştə getməmələri ilə yanaşı, qurumun xarici təsir dairəsində olduğunu da kifayət qədər bəlli edib. Nəticədə, işini qalmaqalla başlayan və nəticəsiz başa vuran "Milli Şura" orada təmsil olunmayan müxalifət rəsmiləri tərəfindən də qınaq obyektinə çevrilib.
ADP sədri Sərdar Cəlaloğlu: "Rüstəm İbrahimbəyovun siyasi təcrübəsi yoxdur. Onun belə təşkilatları necə yaratmaq və oraya adam cəlb etməklə bağlı anlayışı yoxdur"
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, "Milli Şura"nın yaradılmasında bir çox qaranlıq məqamlar var. Belə ki, oradakı proseslər şəffaf aparılmamaqla yanaşı, ümumiyyətlə, qeyri-milli məsələlər daha çox qabarıq görünməkdədir: "Proseslərin şəffaf getməməsi ucbatından bir çox adam bu prosesdə iştirak etmək istəmir. Mənə gəlincə isə, kimsə mənə "Milli Şura"ya qoşulmağı təklif etsə, imtina edəcəm. Çünki mənim bu təşkilatla bağlı şübhələrim var. Bundan başqa, təşkilatın məqsədləri, resursları, ideologiyası və onun fəaliyyətinə xarici təsirlə bağlı çox sayda suallarım var".
S.Cəlaloğlu eyni zamanda Rüstəm İbrahimbəyovun anlayışsız adam olduğunu bildirib: "Rüstəm İbrahimbəyovun siyasi təcrübəsi yoxdur. Onun belə təşkilatları necə yaratmaq və oraya adam cəlb etməklə bağlı anlayışı yoxdur".
VİP sədri Əli Əliyev: "Milli Şura"nın "vahid namizəd" məsələsində də razılığa gələcəyinə inanmıram"
VİP sədri Əli Əliyev isə öz növbəsində bildirib ki, "Milli Şura" ideyasının baş tutmasına inanmaq sadəlöhvlük olardı. Belə ki, adıçəkilən qurumda ən çox nəzərəçarpan amillərdən biri də "vahid namizəd" məsələsidir. Bu faktor isə heç vaxt müsbət həllini tapmayacaq: "Milli Şura"nın vahid namizəd məsələsində razılığa gələcəyinə inanmıram. Hətta bu gün "Milli Şura"elan olunmuş tərkibdə hər hansı bir namizəd üzərində dayansa belə, bu müxalifətin "vahid namizəd"i olmayacaq. Bu, "Milli Şura"da təmsil olunmuş müxalifət partiyalarının ümumi namizədi olacaq. Çünki müxalifəti təmsil edən bir sıra partiyalar, o cümlədən, biz də bu seçkilərə namizəd kimi qatılmaq niyyətindəyik".
BQP sədri Fazil Mustafa: "Xalqın bügünkü tələblərinə uyğun realist siyasət yürütmürlər"
"Milli Şura"nın prezident seçkilərində, ümumilikdə siyasətdə uğur qazanması mümkün deyil". Bu sözləri isə BQP sədri Fazil Mustafa bildirib. Onun sözlərinə görə, "Milli Şura" yaradanların ümumi ideyaları və dünyagörüşləri fərqlidir: "Bir araya gəlmək hələ o demək deyil ki, fəaliyyət göstərmək üçün real imkanları olacaq. Hələ belə bir ehtimal yoxdur. Çünki hələ strategiyaları, cəmiyyəti istiqamətləndirmək imkanları məhduddur. Ona görə ki, xalqın bugünkü tələblərinə uyğun realist siyasət yeritmirlər".
Göründüyü kimi, "Milli Şura"nın yaranması, ya da yaranmaması cəmiyyətə təsir etməyən haldır. Daha dəqiq desək, bu qurumun hər hansı siyasi perspektivi yox dərəcəsindədir. Belə olan halda xarici təsirlər nəticəsində sifarişlə elan edilən "şura" yaxın zamanlarda digər qurumlar kimi parçalanıb-dağılacaq.
Rövşən RƏSULOV