PDF Oxu

Müxalifət

  • 8

Müsavatın geri çəkilməyəcəyi bəlli oldu

Müsavatın geri çəkilməyəcəyi bəlli oldu

Və ya Rüstəm İbrahimbəyov İsa Qəmbərin tələsində

Bəlli olduğu kimi, Müsavat partiyası özünə sərf edən müəyyən səbəblərdən dolayı "Milli Şura"nın yaradılması prosesinə qatılsa da, görünən budur ki, hər iki qurum arasında baş verən zidiyyətli məqamlar hələ də qalmaqdadır. Xatırladaq ki, ötən həftədən başlayaraq, Müsavat partiyasının müxtəlif çaplı funksionerləri "şura"ya "vahid namizəd" kimi məhz İ.Qəmbəri gördüklərini mətbuatda bəuan etməkdədirlər. Bu günlərdə İ.Qəmbərin müavini Gülağa Aslanlının isə daha sərt şəkildə açıqlamalar verməsi arxasında məhz Müsavat başqanının təlimatlarının dayanması sərgilənməkdədir. Belə ki, G.Aslanlı öz başqanının "Milli Şura"da daha şanslı namizəd kimi gördüyünü dilə gətirib.

Müsavat qruplaşması ilə R.İbrahimbəyov qruplaşmasından heç biri öz maraqlarından geri çıkilmək niyyətində deyillər

Qeyd edək ki, onsuz da bu prosesdə heç bir irəliləyiş əldə edə bilməyən partiyalar "Milli Şura" ətrafındakı baxışlarında haçalanıblar. AXCP, ALP, ACP, "EL" hərəkatı R.İbrahimbəyovu dəstəkləsələr də, qurumda təmsil olunan Müsavat, KXCP, VHP və bir neçə "cırtdan" partiyaları son anda İ.Qəmbərin namizədliyinə dəstək verəcəklərini iddia etməkdədirlər. Bu amil isə onsuz da Azərbaycana dönməyən R.İbrahimbəyovun dalana sıxışdırılması mənasını verən amillərdəndir.

Siyasi müşahidəçilər bunu onunla əlaqələndirirlər ki, iki qurumdan, daha dəqiq desək, Müsavat qruplaşması ilə R.İbrahimbəyov qruplaşmasından heç biri öz maraqlarından geri çəkilmək niyyətində deyillər. Xatırladaq ki, Müsavatla "Milli Şura"nın əsas təşəbbüsçülərinin mövqeləri yuxarıdakı fikirlərlə yanaşı, həm də daha bir neçə məsələdə haçalanır. "Milli Şura"dan gələn məlumatlardan isə bəlli olur ki, burada İsa Qəmbəri favorit hesab etmirlər və onun "vahid namizəd"liyə iddiasının təmin olunacağı ehtimalı çox azdır. Müsavatla "Milli Şura"nı bir-birlərindən narazı salan digər bir məqam tərəflərdən hər birinin bağlı olduqları dairələrin maraqlarından çıxış etmələri ilə bağlıdır. Belə ki, Müsavat Avropaya inteqrasiya xəttində israr edir. "Milli Şura"da "əsas güc" sayılan R.İbrahimbəyov və Eldar Namazovun, Lalə Şövkət Hacıyevanın timsalında onun tərəfdarları isə Rusiyapərəst mövqe sərgiləyirlər. Düzdür, müsavatçıların israrlı tələblərindən sonra bu məsələ "Milli Şura"nın əsasnaməsinə salındı. Lakin həm "Milli Şura"dan, həm də Müsavatdan verilən açıqlamalardan belə məlum olur ki, məsələ prinsipial şəkildə həllini tapmayıb. Tapmadığına görə də, böhranlı situasya dərinləşməkdə davam edir.

Sərdar Cəlaloğlu: "Əks təqdirdə İsa Qəmbər nəinki geri çəkiləcək, hətta "Milli Şura"da qalmayacaq"

Məsələn, politoloq Elxan Şahinoğlu İ.Qəmbərin R.İbrahimbəyovla müqayisədə məğlub durumda olduğu qənaətindədir. O, fikrini belə əsaslandırıb ki, İ.Qəmbərlə müqayisədə R.İbrahimbəyov müəyyən maliyyə imkanlarına malikdir və və o, seçki kampaniyasına daha artıq vəsait yönəldə bilər: "Rüstəm İbrahimbəyov daha bic hərəkət edərək müxalifəti siyasi iddialarının olmadığına inandıra bilib".

ADP sədri Sərdar Cəlaloğlu isə fərqli fikir ifadə edib. Onun proqnozlarına görə, İ.Qəmbərin təklifləri yerinə yetirilməzsə, Müsavat "Milli Şura"nın əsas rəqibinə çevriləcək: "İlk toplantıda bir daha əmin olduq ki, "Milli Şura" ilə Müsavat partiyası arasında razılaşdırılmayan məqamlar var. Xüsusən də, Avroatlantik məkana inteqrasiya məsələsi hələ də açıq qalır. Əgər Rüstəm İbrahimbəyov İsa Qəmbərin təklifini qəbul edərsə, Müsavat başqanı seçkilərdə onu dəstəkləyəcək və geri çəkiləcək. Əks təqdirdə İsa Qəmbər nəinki geri çəkiləcək, hətta "Milli Şura"da qalmayacaq".

E.Namazov Müsavat başqanı ilə gizli sövdələşmələrə gedərək, R.İbrahimbəyovu "vahid namizəd"likdən uzaqlaşdırılmasına razılıq verib

Qeyd edək ki, bəzi informasiyalara görə, artıq "EL" hərəkatının rəhbəri E.Namazov da Müsavat başqanı ilə gizli sövdələşmələrə gedərək, R.İbrahimbəyovu "vahid namizəd"likdən uzaqlaşdırılmasına razılıq verib. Lakin bu gizli razılaşma hələlik geniş ictimaiyyətə açıqlanmır. Yəni bu məsələ daha çox seçkilərə bir ay qalmış qaldırılacaq. Əgər R.İbrahimbəyov seçkilər ərəfəsində Azərbaycana geri dönməyəcəksə, E.Namazov "Milli Şura"da öz namizədliyini verəcək. Son anda isə E.Namazov İ.Qəmbərin xeyrinə namizədliyini geri götürə bilər. Amma bu da son deyil. Çünki bütün seçkilərdə olduğu kimi, müxalifət "liderləri"nin son məqamda şəxsi maraqlarını başqalarına qurban verməyəcəkləri dəfələrlə sübuta yetirilib.

Rövşən RƏSULOV

Digər xəbərlər