Və ya sonradan atılan daş topuğa dəyər
Müxalifət düşərgəsində özünü "idealist siyasətçi" ampluasında göstərməyə cəhd edən Rüstəm İbrahimbəyovun gözə kül üfürməsi, deyəsən, dağıdıcı müxalifət funksionerlərini narahat etməyə başladıb. Hazırda onlar "Milli Şura"nın aqibəri haqqında düşünmürlər, daha çox belə bir çürük ideyadan can qurtarmağa çalışırlar. Amma R.İbrahimbəyov hələ ki, qarmağına keçən "liderləri" saxlamağı bacarıb. Belə ki, siyasi sabitliyin əleyhinə olan, ermənilərlə işbirliyini gizlətməyən baş reneqatın bu kimi başqatma ssenarisi müəyyən təklifləri ilə müşayiət olunmasına rəğmən, pərdəarxası oyunlarda müxalifətin növbəti uğursuzluğa düçar olunacağı gün kimi aydın görünməkdədir.
Yenə də inhisar!
Məsələn, Müsavat təmsilçiləri hesab edirlər ki, Rusiyanın müəyyən dairələri Rüstəm İbrahimbəyovla Eldar Namazovun əli ilə dağıdıcı müxalifəti öz oyunlarına cəlb etmək niyyətindədirlər. Həmin "qara qüvvələr", yaxud pərdə arxasında "suflyor"luq edənlərin heç də marağında deyil ki, dağıdıcı müxalifət öz siyasi ambisiyalarına nail olsun. Əlbəttə, bu kimi amillər müxalifət libasında özünü kütləyə sırıyan Müsavatla, AXCP rəhbərlərini üzdə olmasa da, arxada qıcıqlandırmaya bilməz. Bu, onların fikirlərində də açıq-aşkar hiss edilməkdədir.
Əli Kərimli AXCP, Müsavat və "EL"-in inhisara götürdüyü "Milli Şura" ideyasına qarşı müxalifət düşərgəsinin əsas hissəsində formalaşmış neqativ münasibətdən narahatlığını gizlətməyə çalışsa da, alınmayıb.
Xaliq Bahadır: "Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb"
Başqa tərəfdən, "İctimai Palata"nın "qapılarının çoxdan bağlandığını" və taleyinin bitdiyini bildirən narazı "cəbhəçi" Xalid Bahadır bu ərəfələrdə deyib ki, Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb: "O dəstə yenə bütünlüklə "Milli Şura"ya gedəcək, orada da "öz işini" görəcək. Əli Kərimli də o dəstəyə qoşulub. İsa Qəmbərin qruplaşması Əli Kərimlini tələyə salıb. İsa Qəmbər Müsavatdan gedən deyil. O, Müsavatı biznes partiyası kimi əlində saxlayıb. Onlar qurultay keçirməmək üçün yer söhbətini problemə çeviriblər".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də həmfikirlərinin mövqeyində dayandığını - "Milli Şura"da iştirakı doğru saymadığını bildirir: "Görürük ki, bu işlə Eldar Namazov, İsa Qəmbər və Əli Kərimov məşğul olublar. Əvvəldən verdikləri açıqlamanın əksinə olaraq müxalifət camiyəsinin böyük hissəsini təmsil edən "Məşvərət Məclisi" bu müzakirələrdən kənarda saxlanılıb. Məhz bu səbəbdən də məclis prosesin qeyri-şəffaf aparılmasını qınayır və hesab edir ki, bu formada yaradılan "Milli Şura"da iştirak etmək doğru deyil".
Budur, artıq hətta "şura"daxili ziddiyyətləri yaradan amillər də ortaya çıxmaqdadır. Belə görünür ki, millilikdən çox-çox uzaq bu qurumda təmsil olunmaqda da məqsəd siyasi ambisiyaların gerçəkləşdirilməsidir. Bu gün "vahid namizəd", yaxud da digər məsələlərdə özlərini az qala yeyib-bitirən tərəflər sabah üzüqara şəkildə "Milli Şura"nı ittiham edəcəklər. Ancaq yaxşı olardı ki, onlar öz ittihamlarını bəri başdan etsinlər. Yoxsa ki, daldan atılan daş topuğa dəyər.
Rəfiqə HÜSEYNOVA