Tahir Kərimli: "Müxaliflər anormal addımlar atmaqla öz məğlubiyyətlərini tezləşdirilmiş olurlar"
Prezident seçkiləri yaxınlaşdıqca, müxalifət düşərgəsində böhranlı vəziyyətə daha da dərinləşmiş olur. Xüsusilə də, "vahid namizəd" məsələsində iddiaların sayının çox olması qarşılıqlı çəkişmələrin bir qədər də genişlənməsinə təkan olub. Müsavat başqanı İsa Qəmbər iyunun 16-da Binəqədi rayonunda qohum- əqrəbasından ibarət olan müsavatçılarla görüşündə ultimativ şəkildə bəyan etdi ki, o, heç kimə "vahid namizəd" məsələsində güzəştə getməyəcək. Eyni iddia ilə ACP lideri Rəsul Quliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, "Milli Birlik Hərəkatı"nın sədri Lalə Hacıyeva və digərləri də çıxış ediblər.
Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət düşərgəsində "vahid namizəd" məsələsi ilə bağlı bir çox qarşıdurmalar baş verib və vəziyyət seçki ərəfəsi daha da gərginləşəcək: "Müxalifət düşərgəsini təmsil edən qüvvələrin prezident seçkiləri ilə bağlı "vahid namizəd" müəyyənləşdirilməsi mümkün olmayacaq. Çünki müxalifət təmsilçiləri bir-birlərinə qarşı səmimi münasibət bəsləmirlər. Bunun da səbəbi onların şəxsi ambisiyalarını umumi maraqlardan üstün tutmalarıdır. Yəni, müxalifət qüvvələri nahaq yerə özlərini yorub bu işlərə girişməsinlər. Çünki axırda məğlubiyyətə düçar olacaqlar. Belə olan halda da, müxalifət özünü çıxılmaz bir vəziyyətə salmış olur".
Partiya sədri onu da bildirdi ki, bu günə qədər müxalifət nə isə bir uğur qazanması mümkün olmayıb və ola da bilməyəcək: "Çünki onlar xalqın gözündən düşmüş qruplardır. Əgər hər hansı bir siyasi qüvvənin arxasında xalqın dəstəyi yoxdursa, onlar necə irəli gedərək uğur qazana bilərlər? Təbii ki, bu kimi qüvvələrin arxasında xalqın dəstəyinin olmaması onların uğur qazanmasına gətirib çıxaran deyil. Bir sözlə, Azərbaycan xalqı illər öncə öz seçimini edərək uğurlu yolunu tutub. Bu gün dağıdıcı müxalifətin sifarişlərlə hərəkət etməsi inkaredilməzdir. Müxalif düşərgədə yaradılan hər hansı "birlik" xaricdən gələn sifarişdir. Şəxsi maraqlarının quluna çevrilən müxalifət qüvvələri hər zaman anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilmiş, onların hazırladıqları ssenarilərin əsas oyunçusu olmuşdur".
T.Kərimli onu da qeyd etdi ki, müxalifət qüvvələrinin hər hansı bir maraqlı qüvvələrin sifarişləri əsasında addımlar atması onları xalqın gözündən daha da salır. Əslində isə, müxalifət bu cür addımlar atmaqla öz məğlubiyyətlərini tezləşdirmiş olurlar.
GÜLYANƏ