Aydın Mirzəzadə: "Bunun başlıca səbəbi cəmiyyətin həmin təşkilatlara sosial sifarişinin olmaması ilə bağlıdır"
Qüdrət Həsənquliyev: "Milli Şura"nın heç bir nəticəsi olmayacaq. Çünki bu siyasi düşərgəni formalaşdıran insanlar eyni şəxslərdir"
Məlum olduğu kimi, 1993-cü ildən ötən 20 il ərzində müxalifətin çoxlu sayda birlikləri, siyasi və ya seçki blokları yaranıb, müxtəlif adlar daşıyan birlik modelləri mövcud olub. Onlardan bəzilərinin adlarını xatırlatmaq yerinə düşər: "Demokratik Konqres", "Demokratik Blok", "Seçki İslahatı və Demokratik Seçki Uğrunda Hərəkat" ("SİDSUH"), "Bizim Azərbaycan" bloku, "Yeni Siyasət" seçki bloku, "Azadlıq" (əvvəlcə seçki, daha sonra siyasi blok kimi), "Məşvərət Məclisi", "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı", "İctimai Palata"... Siyahını uzatmaq da mümkündür. Xüsusilə vurğulayaq ki, bunlar əsas müxalifət partiyalarının yaratdıqları nisbətən iri birliklərdir. 2, yaxud 3 və ya 5 partiyanın birləşərək çoxsaylı birlik yaratması da yaxın siyasi tariximizin gerçəkliyidir. Ancaq bu birliklərin hamısının son nəticəsi məlumdur. Eyni ilə, cari ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə bağlı yaranan "Milli Şura"nın da rüsvayçı sonluqla başa vuracağı danılmazdır. Bəs, son 20 il ərzində yaradılan bu birliklərin aqibəti niyə bu cür sonluqla yekunlaşıb? Onların uğursuzluğa düçar olmasının səbəbi nədir?
Siyasi politoloqlar belə fikirləşirlər ki, cəmiyyətin həmin təşkilatlara sosial sifarişi yoxdur. Onların hamısı şəxsi təşəbbüslə, şəxsi maraqlar, yaxud birlik yaratmaq məqsədilə deyil, digərinin sosial bazasını ələ keçirmək üçün qurulan təşkilatlardır. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, nə qədər ki, cəmiyyətin həmin təşkilatlara sosial sifarişi yoxdur, onların aqibəti biabırçı tərzdə uğursuz olacaqdır: "Azərbaycan müxalifəti cəmiyyətə vaxtaşırı müxtəlif birliklər və strukturlar təqdim edir. Ancaq bu birlik və strukturların hamısı birmənalı olaraq uğursuzluqla nəticələnir. Bunun başlıca səbəbi odur ki, cəmiyyətin həmin təşkilatlara sosial sifarişi yoxdur. Bu gün iqtidar üçün üzərinə düşən vəzifəni yerinə yetirdiyi üçün cəmiyyət də iqtidarı dəstəkləyir. Cəmiyyətin iqtidarın dəyişilməsində marağı yoxdur. Müxalifət isə o vaxt güclü olur ki, iqtidar işləmir, zəif olur. Bu zaman cəmiyyətin böyük bir hissəsi müxalifəti dəstəkləyir, onun şüarlarının, siyasi xəttinin arxasınca gedir. Yaradılan həmin birliklər də üstdən yaradılan, cəmiyyətin daxilində sosial kökləri olmayan, cəmiyyətin istəyi ilə yaradılmayan strukturlardır. Kiçik bir qrupun onları dəstəkləməsi isə hələ sosial baza demək deyil. Müxalifət də bunu bildiyinə və gördüyünə görə qısa bir müddətə dekorasiya kimi onu yaradan cəmiyyətə yenilik kimi təqdim etməyə çalışır. Sonradan isə daxili çəkişmələr, həmçinin, yeni strukturun üçünün gözdən düşməsi qısa bir zamanda həmin brenddən imtina edərək, yeni brend axtarışına gətirib çıxarır".
A.Mirzəzadə qeyd edib ki, reallıq milli qüvvənin Yeni Azərbaycan Partiyası olmasından ibarətdir: "Cəmiyyətin böyük bir hissəsini üç sıralarında birləşdirmək, Azərbaycanın bütün coğrafiyası üzrə güclü ərazi təşkilatlarına malik olmaq, cəmiyyətin bütün problemlərinin həlli üzrə səmərəli fəaliyyət proqramlarını təqdim etmək bir reallıqdır. Yeni Azərbaycan Partiyası bu gün politologiya kateqoriyalarına görə ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyası ancaq bir sosial təbəqəyə, yaxud bir regionun maraqlarına söykənmir. Bu, ümummilli maraqları üçündə əks etdirən, milli köklərə söykənən, milli maraqları beynəlxalq aləmdə müdafiə edən bir siyasi partiyadır. 21 il ərzində bu təşkilat müxalifətdən iqtidaradək gəlib çıxıb. Eyni zamanda, artıq 20 ildir ki, hər seçkidən-seçkiyə qalib gəlir. Bu, sözün əsil mənasında, güclü, nüfuzlu, cəmiyyətin onun mövcudluğunda marağı olan böyük bir qüvvədir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də "Milli Şura"nın heç bir nəticəsi olmayacağını bildirib: "Çünki bu siyasi düşərgəni formalaşdıran insanlar eyni şəxslərdir. "Milli Şura"nı yaratmağa çalışan insanlar düz 20 ildir ki, seçki ərəfəsində dəfələrə bu və ya digər adlar altında birləşiblər. Seçkidən sonra isə bir-birlərini xəyanətdə, satqınçılıqda ittiham edərək dağılıblar. Daha sonra fərqli ad altında müxtəlif partiyalarda bir araya gəliblər. Amma bu birləşmə və parçalanma heç nəyi dəyişmir. Çunki bu siyasi düşərgə xalq kütlələrinin dəstəyini qazana bilmir. Hesab edirəm ki, "Milli Şura" ideyası da onların növbəti uğursuz cəhdlərindən biridir. "Milli Şura"nın yaranması heç bir nəticə verməyəcək".
Q.Həsənquliyevin sözlərinə görə, istər radikal müxalifət, istərsə də konstruktiv müxalifət nümayəndələrinin prezident seçkilərində qalib gəlmək şansları çox məhduddur: "Azərbaycanda geniş xalq kütlələri siyasi proseslərə qatılmır. Müxalifətə isə ciddi dəstək vermirlər. Həmçinin, müxalifətin beynəlxalq dəstəyi yoxdur. Hesab edirəm ki, bütün bunlara baxmayaraq, müxalifət seçkilərə qatılmalıdır. O cümlədən, Azərbaycan müxalifəti hər bir imkandan, şansdan istifadə edərək ideyalarını cəmiyyətə yaymalıdır. Çalışmalıdır ki, tərəfdarlarının sayı çoxalsın. Sədri olduğum BAXCP də seçkilərə qatılacaq. Mübarizə aparacağıq, amma müxalifətin xeyrinə heç nə əldə olunmayacağının da fərqindəyik".
R.HÜSEYNOVA