Eks-prezidentin dostu Şəmil Məmmədov: "Eyni zəhərli maddə ilə indiyədək 3 nəfər zəhərlənib"
AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyin müəmmalı ölümü, daha dəqiq desək, suai-qəsd nəticəsində zəhərləndirilməsi barədə daha bir əsaslı fakt ortaya çıxıb. Belə ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, KXCP üzvü, bayraqdar Elman Türkoğlunun, eləcə də qardaşı oğlu Hürrü Əliyevin ardınca bu barədə onun yaxın dostu olmuş Şəmil Məmmədov da fikirlər səsləndirib. Xatırladaq ki, AXCP-nin keçmiş sədri, eks-prezident Əbülfəz Elçibəy Türkiyədə xəstəxanada olanda həmin vaxt həbsdə yatan Şəmil Məmmədov mərhum "cəbhə" liderinin ölümündən 5 il sonra - 2005-ci ildə Gülhanəyə gedərək, onun şəxsi həkimi ilə görüşüb. Şəmil Məmmədovun sözlərinə görə, Ə.Elçibəyi şəxsən müalicə edən həkimi deyib ki, eyni zəhərli maddə ilə indiyədək 3 nəfər zəhərlənib: "Rəhmətlik Alparslan Türkeş, Turqut Özal və Əbülfəz Elçibəy. Bu zəhər ilk öncə nitqə təsir edir, sonra orqanizmin başqa sahələrinə yayılır".
Onu da bildirək ki, Ə.Elçibəy həqiqətən də ömrünün son çağlarında danışığında qüsurlara yol verir, onun nitqində, tələffüzündə çətinlik yaranmışdı.
MMP sədri Hafiz Hacıyev: "Mən bu məsələni gündəmə gətirəndə bəziləri ona dırnaqarası baxırdılar"
Bir daha xatırladaq ki, Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə ilk dəfə 2000-ci ildə Elman Türkoğlu çıxış edib. Ötən il isə bu iddia ilə MMP sədri H.Hacıyev hüquq-mühafizə orqanlarına müraciət edib. Həmçinin, Ə.Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də bu barədə mətbuatda çıxışlar edib.
Bu arada Elçibəyin yaxın dostunun sui-qəsd barədə iddialarına münasibət bildirən MMP sədri qeyd edib ki, o, vaxtilə bu məsələni gündəmə gətirərkən, ona dırnaqarası baxırdılar: "Mən bu məsələni gündəmə gətirəndə, bəziləri ona dırnaqarası baxırdılar. Düşünürdülər ki, bütün bunlar qərəzlilikdəndir, yaxud kimi isə sevməməkdən irəli gəlir. Həmin sözləri Əbülfəz Elçibəy özü mənə demişdi. Ona görə də bu məsələni qaldırdım. Həmin vaxtlar çoxları düşünürdü ki, görəsən, belə məsələ ola bilərmi? AXCP sədri Əli Kərimlinin Elçibəyi zəhərləməsi ilə bağlı iddiam tamamilə təsdiqini tapıb. Bu xəbərlərin təsdiqlənməsinə bir tərəfdən sevinirəm, digər tərəfdən isə kədərlənirəm ki, Elçibəyi öz ətrafı zəhərləyib öldürdü. Əlinin yeməyin içində eks-prezidentə zəhər verməsi təsdiqini tapıb. Kimin nə deməsindən asılı olmayaraq, yüzlərlə insan dindirilib və şahid ifadələri zamanı bunların hamısı təsdiqini tapıb. Gözləyək məhkəmə prosesini, həmin vaxt biz üzləşəcəyik və Əlinin necə çağırılması, zəhərlənməsi məsələsinin təfərrüatları bir daha açıqlanacaq. Düşünürəm ki, Əli Kərimli qəsdən adamöldürmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub layiqli cəzasını alacaq".
Məsələ ilə bağlı görünən budur ki, hazırda AXCP sədri Ə.Kərimlinin ətrafı get-gedə daha da daralmaqdadır. Daha dəqiqi, bu daralma "cəbhə" sədrinin sui-qəsdə görə həbs ehtimalını reallaşdırmaqdadır.
Mübariz QULİYEV