PDF Oxu

Müxalifət

  • 24

"Milli Şura"nın uğursuz teatr mövsümü

"Milli Şura"nın uğursuz teatr mövsümü

Rüstəm İbrahimbəyovun "vahid namizəd"lik şousu ajiotaj yaratmadı

"Milli Şura" deyilən qurum qeyri-ciddi quruma çevrilməkdədir. Qurum daxilində çəkişmələr və böhranlar yaşanması isə keçirilən sonuncu iclasda özünü daha çox büruzə verdi. Bunu "şura" üzvlərinin bir-birlərini təkzib edən ziddiyyətli fikirləri, "vahid namizəd" məsələsinin hətta Rüstəm İbrahimbəyovun seçilməsinə baxmayaraq, yenə də yarımçıq qalması da sübut etdi. Belə ki, R.İbrahimbəyovun şuranın sədri olaraq seçki ərəfəsi ölkəyə gəlməkdən, tutulmaqdan qorxduğunu bir neçə müsahibəsində açıq şəkildə bildirməsi, qurumdakı digər şəxsləri "liderlik" üstündə çəkişməyə vadar etmişdi ki, bu amil hazırda da həmin çəkişmələri gündəmdən silməyib.

"Vahid namizəd" məsələsinin reallaşdığını iddia edən tərəflər əllərinə imkan düşən kimi R.İbrahimbəyovu həmin addan məhrum etmək üçün hərəkətə keçəcəklər

Bütün bunlar isə "Milli Şura" adlı anormal müxalif qurumun müxalifət üçün vecsizliyini bir daha sübut edir. Baş verənlər təsdiq edir ki, nəinki dağıdıcı müxalifət, ümumiyyətlə, onun hər hansı bir hissəsi belə, seçkidə birləşməyə çətinlik çəkir. "Milli Şura"nın teatr tamaşasına bənzəyən sessiyası da məhz belə qənaətə gəlməyə əsas verir. Hazırda "vahid namizəd" məsələsinin reallaşdığını iddia edən tərəflər əllərinə imkan düşən kimi R.İbrahimbəyovu həmin addan məhrum etmək üçün hərəkətə keçəcəklər.

"Milli Şura"da təmsil olunan bəzi partiya sədrləri bildirirlər ki, şura ilə əməkdaşlıq perspektivləri görünmür. Baxmayaraq ki, kənarda qalmamaq üçün onlar zorən bu quruma üzv yazılıblar. Çünki onların mövqeyi ilə siyasi təşkilatların maraqları üst-üstə düşmür. Bu səbəbdən də, hələlik, "Milli Şura"da olanlar bir sıra məsələlərə aydınlıq gətirməlidirlər. Aydınlığın ortaya çıxması isə qurumdaxili böhranı daha da dərinləşdirəcək.

Baş verən qarşıdurmalar açıq-aydın göstərir ki, R.İbrahimbəyovun siyasi dərnəyi ilə seçkidə hara qədər getmək olar. Başqa tərəfdən, "Milli Şura"nın bu tərkibdə təşkil olunması əvvəlcədən onun perspektivsizliyinə dəlalət edir. Cəmi 3 ay ərzində "şura"nın perspekticsizliyi bir daha özünü göstərəcək. R.İbrahimbəyovun böyük oyunbazlar tərəfindən "vahid namizəd" qismində ortaya atılması isə alqışlar qazanmayan tamaşanın uğursuz pərdə bağlanışı ilə sona çatacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər