PDF Oxu

Müxalifət

  • 27

"Milli Şura"nın "vahid namizəd"ini seçənlər bununla nəyi etiraf etdilər?

"Milli Şura"nın "vahid namizəd"ini seçənlər bununla nəyi etiraf etdilər?

Hazırda "Milli Şura"nın qərara gələrək, daha dəqiq desək, qərara gətizdirilərək "vahid namizəd"ini müəyyən etməsi ətrafında baş verən qalmaqallı olaylardan da görünür ki, Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməklə nə qədər zəif və aciz olduqlarını etiraf etmiş oldular. Belə ki, heç bir siyasi təcrübəsi olmayan, şəxsi problemlərindən doğan müəmmalı olaylar çərçivəsində iqtidara qarşı iddialar irəli sürən, bununla da reneqata çevrilən kinorejissorun "vahid namizəd" seçilməsi dağıdıcı və meydan təfəkkürlü müxalifət "liderlər"inin dalana dirənmələrini, tükəndiklərini sübuta yetirdi.

İsa Qəmbər-Əli Kərimli cütlüyü rus balalaykasının təranələri altında "vahid namizəd"lərinə çastuşkalar ithaf etməyə başlayıblar

Əslində, AXCP və Müsavat kimi şəxsi biznes obyektlərinə çevrilmiş partiyaların rəhbərliyinin başqa çıxış yolları da yox idi. Uzun illərdir ki, "ana müxalifət" adı uğrunda bir-birləri ilə didişən partiya sədrləri sonda bu ada layiq olmadıqlarını ucuz keyfiyyətlərə malik bir kinoçəkəni özlərinə "vahid namizəd" seçməklə təsdiq etdilər. Beləliklə də, Müsavat və AXCP-nin siyasi səhnədəki mövcudluqlarının üzərindən çarpaz xətlər çəkilmiş oldu. Artıq, R.İbrahimbəyovun yazdığı ssenariyə əsasən, epizodik rollar alan İ.Qəmbər-Ə.Kərimli cütlüyü rus balalaykasının təranələri altında "vahid namizədlərinə" çastuşkalar ithaf etməyə başlayıblar.

Məsələnin diqqətçəkən məqamlarından biri də budur ki, son anlara qədər "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində Ə.Kərimlini, İ.Qəmbəri böyük pafos və populizmlə "mənim liderim" statusuna mindirən müxalifət yazarları indi bunu da yazmaqdan məhrum olublar. Çünki "liderləri" sözügedən "statuslar"ını həm milli maraqlara, həm də şəxsi maraqlara sataraq, İbrahimbəyovun qoltuğuna sığınıblar. Bir qədər "Milli Şura"nın "vahid namizəd"inin üzərinə götürdüyü öhdəliklərlə bağlı məsələyə də toxunsaq hansı situasiyanı görmüş olarıq? Belə ki, "Milli Şura"nın prezidentliyə namizədinin üzərinə götürəcəyi öhdəliklərlə bağlı memorandum layihəsinə əsasən, qurumun "vahid namizədi" iki il müddətində "prezident" olacaq. O, bu müddət ərzində siyasi, iqtisadi və digər sahələrdə dəyişikliklər həyata keçirəcəyi barədə üzərinə öhdəliklər götürəcək.

Lakin görünən odur ki, müxalifətin kiçik və gücsüz kəsimini özündə zorən birləşdirən, düşdüyü ciddi böhranlı vəziyyətdən çıxış yolu tapa bilməyən "Milli Şura"nın hansı resursla hakimiyyətə gələcəyi kifayət qədər müəmmalı təsir bağşlamaqla yanaşı, eləcə də inandırıcı görünmür. Digər tərəfdən daha bir sual yaranır kİ, "Milli Şura" hansı kadr potensialına, dövlət idarəçiliyi təcrübəsinə əsaslanaraq dövləti indiki iqtidardan daha yaxşı idarə edəcəyini düşünür? Üçüncüsü, memorandumda əks olunmuş məsələlər "Milli Şura"da cəmləşmiş marginal qrupların hakimiyyətə qarşı əks-təbliğat tezislərini əks etdirir, onların siyasi maraqlarını ödəmək məqsədi güdür və reallıqla heç bir əlaqəsi yoxdur. Eyni zamanda bu qurumda təmsil olunan qruplar memorandumun müddəalarını iki il müddətində reallaşdırmağı mümkün hesab edirlərsə, onda belə anlaşılır ki, onlar ya dövlət idarəçiliyinin əsaslarını ümumiyyətlə, qavraya bilmirlər yaxud da siyasi onlar siyasi təlxəklik və dəllallıqla məşğuldurlar.

Deməli, bu memorandumla razılaşanlar bəri başdan qanunsuz əməllər törətməyə hazır olduqlarını etiraf edirlər. Əlbəttə ki, özünü "demokratik qüvvələr" adlandıran "Milli Şura" dərnəyinin özünə "vahid namizəd" seçməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı ilk olaraq siyasətçilər, politoloqlar öz fikirlərini bölüşüblər.

Məsələn, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib ki, "Milli Şura"nın bir çox istəkləri ola bilər, lakin hər şey onların sözü ilə baş tutmur: "Azərbaycanda elə bir hüquqi mexanizm yoxdur ki, parlamentin buraxılması mümkün olsun. Bunun üçün gərək deputatların bir çoxu mandatlarından imtina etsin. Elə bu səbəbdən hər hansı çağırışı hökm kimi qəbul etmək düzgün deyil. Kimi istəyirlər, onu da namizəd kimi irəli sürsünlər. Heç bir siyasi mövqe Quran ayəsi kimi qəbul olunmur". Göründüyü kimi, "Milli Şura"nın oxuduğu hava onların özlərinə xoş gəlir, ancaq onları oxuduqları Quran deyil.

Ümumiyyətlə, götürdükdə isə, "Milli Şura" oyununun tamamilə başqa səmtdən idarə edilməsi bu qurumun tezliklə çöküşünü sürətləndirəcək. Çünki sağlam düşüncəli cəmiyyət belə xəyanətkar toplumu oktyabrda siyasi arxivə göndərmək iddiasını ortaya qoyub.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər