Eks-rəsulçular bu gün də Sülhəddin Əkbərin sədrliyinə etiraz edirlər
ACP "lideri" Rəsul Quliyevin son dövrlər aktivləşməsi və müxalifət partiyalarını zaman-zaman hədəfinə alması partiya ilə bağlı maraqlı proseslərin yaranmasına səbəb olub. Hazırda isə Sülhəddin Əkbər uzun illər Müsavat partiyasında göstərdiyi fəaliyyətini ACP-də tətbiq etmək istəyir. Başqa tərəfdən, Zəminə Dünyamalıyevanın sədr müavini təyinatından sonra vaxtilə R.Quliyevin komandasında olmuş bir sıra şəxsin ACP üzvlüyünə qayıdacağı xəbəri mətbuatda yayılmışdı. Hətta bu xəbərlərin doğruluğu ACP funksionerləri tərəfindən də təsdiqlənmişdi. Lakin gözlənilən hal baş vermədi və eks "açıq cəmiyyətçilər" partiyaya geri dönmədilər. Bu amil isə S.Əkbərin partiyadakı mövcudluğuna qarşı artan narazılıqlarla bağlı olduğu məlum oldu.
Vaqif Mahmudov anti-Sülhəddin kampaniyasını bu gün də davam etdirir
Belə ki, S.Əkbərin yaxın dostları və yerliləri olan keçmiş müsavatçıları partiyada vəzifələrə təyin etməsi, onlara yaxınlığını gizlədə bilməməsi köhnə qvardiyanı narazı salıb. Bu səbəbdən keçmiş rəsulçular bir müddət gözləməyi qərara alıblar. Eyni zamanda ehtimal etmək mümkündür ki, keçmiş sədr Vaqif Mahmudov üzdə narazı olmadığı görüntüsünü yaratsa da, əslində, S.Əkbərin ACP-dəki sədrlik postunda oturmasının əleyhinədir. V.Mahmudova yaxın şəxslərin gizli olaraq apardıqları anti-Sülhəddin Əkbər təbliğatında "Sülhəddin Əkbər ACP-nin yaranmasında və formalaşmasında iştirak etməyən şəxslərdəndir, R.Quliyevə görə məhrumiyyətlərə düçar olan ACP üzvlərini qoyub kənar şəxsi sədr gətirmək doğru addım deyil" arqumentini qabardırlar.
Bu faktor isə həm də belə qənaətə gəlməyə əsas yaradır ki, köhnə qvardiya R.Quliyevlə S.Əkbərin ittifaqının pozulmasında maraqlıdır. Onların istəyinin həyata keçib-keçməyəcəyini isə bu gün üçün dəqiq proqnozlaşdırmaq asan deyil. Çünki R.Quliyev son müsahibələrində S.Əkbərdən razılığını ifadə edir. Əgər belədirsə, onda ACP-də parçalanmanın baş verməsini indidən proqnozlaşdırmaq mümkündür. Çünki hazırda mövcud olan partiyadaxili durum bu proqnozu irəli sürməyə kifayət qədər əsas verir.
Rəfiqə HÜSEYNOVA