Sədaqət Vəliyeva: "Görünür, "Azadlıq" qəzetində çalışanlar "Seçki Məcəlləsi"ndən bixəbərdirlər"
"Azadlıq" qəzeti, hər zaman olduğu kimi, bu dəfə də qeyri-obyektiv, yalan və əsası olmayan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmağa cəhd göstərir". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva qəzetimizə açıqlama verərkən bildirib.
Rayon təşkilatı sədrinin sözlərinə görə, "Azadlıq" qəzeti YAP-ın rayon təşkilatları haqqında reallığı əks etdirməyən informasiyalar dərc etməklə, "Milli Şura"nın əhəmiyyətsiz, zəif dərnək olması haqqında olan ictimai düşüncəyə təsir etmək istəyir: "İlk olaraq, deyim ki, qəzetin müxbiri ümumiyyətlə, YAP Nizami rayon təşkilatında olmayıb. Digər tərəfən, təşkilat aparatının bütün əməkdaşları həftənin 5 günü saat 9:00-dan 18:00-dək işdə olurlar. Hazırda bütün rayon təşkilatları kimi, YAP Nizami rayon təşkilatı da partiyanın Mərkəzi Aparatının tapşırıqları əsasında seçkilərə hazırlıq işlərini sistemli şəkildə həyata keçirir. Hələ seçkilərə rəsmən start verilmədiyindən, kütləvi hazırlıq işlərinin texniki tərəfləri reallaşdırılır. Görünür, "Azadlıq" qəzetində çalışanlar "Seçki Məcəlləsi"ndən bixəbərdirlər. Bu mənada, hesab edirəm ki, qəzetin yaydığı informasiyanın əsası yoxdur, böhtandır".
"Dağlıq Qarabağı ermənilərə güzəştə getməyə hazır olanların birləşdiyi "Milli Şura" cəmiyyət tərəfindən qəbul edilməyəcək"
Sədaqət Vəliyeva, eyni zamanda xüsusi olaraq, vurğulayıb ki, bu gün dağıdıcı müxalifətin nəzarətində olan qəzetlər "Milli Şura" adlı bir qurumun "mövcudluğunu isbatlamağa" çalışırlar: "Dağlıq Qarabağı ermənilərə güzəştə getməyə hazır olanların birləşdiyi "Milli Şura" cəmiyyət tərəfindən qəbul edilməyəcək. Ona görə də, əminliklə deyə bilərəm ki, "Milli Şura"dan dəfələrlə güclü olan YAP-ın ayrı-ayrı rayon təşkilatları haqqında yalan informasiyaların yayılması onları iflasdan xilas etməyəcək".
RƏFİQƏ KAMALQIZI