Açıq Cəmiyyət Partiyasının (ACP) "lideri" Rəsul Quliyev seçkiöncəsi müxalifət partiyalarından bəzilərinin başlarının oktyabr marafonuna qarışdığını görüb, yenidən siyasi gündəmə gəlmək üçün müxtəlif blef xarakterli vasitələrdən istifadə etməyə cəhd göstərirlər. Məsələ ondadır ki, R.Quliyev seçkiöncəsi müxalifət-iqtidar dialoqunun qurulmasına qarşı çıxdığını bəyan edib. Xatırladaq ki, "Milli Şura" funksionerləri ötən günlərdə dialoq təklifi ilə çıxış edərək, müəyyən məsələləri müzakirə etmək istəklərini ortaya qoymuşdular. Lakin ACP "lideri" "Milli Şura"nın təklifini tənqid etmişdi.
"Böyük əksəriyyət düşünür ki, "Milli Şura" yunan mifologiyasında olan qəhrəmanlardan biridir və o, insanları xilas edəcək"
Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunlar R.Quliyevin seçkiöncəsi manevrləridir. Bunu eks-spikerin qarşıdan gələn prezident seçkilər barəsində dediyi sözləri də sübut edir. O bildirib ki, seçkilərə sayılı aylar qalsa da hələ də müxalifət düşərgəsində seçki aktivliyi formalaşmayıb: "...Müxalif insanların passivliyi, biganəliyi, taleləri ilə barışmaları adamın gözünə girsə belə, biz bunu görmək istəmirik. Böyük əksəriyyət düşünür ki, "Milli Şura" yunan mifologiyasında olan qəhrəmanlardan biridir və o, insanları xilas edəcək. Özünün iştirakını ya görmür, ya da evində oturub həmin qurumu tərifləməyi dəstək hesab edir".
ACP "lideri" Rüstəm İbrahimbəyovun yeni siyasi klubunun da bostanına daş atıb. Onun sözlərinə görə, "Milli Şura"da nizam-intizam yox dərəcəsindədir: "Belə bir vəziyyətdə kim "Milli Şura"nın dialoqa hazır olduğunu elan edirsə bu anormallıqdır. Yəqin ki, belə bir bəyanatın ziyanını anlamayırlar. Bununla "Milli Şura"da nizam-intizamın olmadığını nümayiş etdirirlər.
Rəsul Quliyevin müxalifəti ciddi şəkildə ittiham etməsi onun həm də bəzi partiya sədrlərini, o cümlədən AXCP sədri Əli Kərimlini, Müsavat başqanı İsa Qəmbəri hədəfə almaq istəyindən irəli gəlir
Qeyd edək ki, eks-spikerin "Milli Şura" ilə bağlı səsləndirdiyi ittihamlara qarşı tərəfin cavabı özünü çox gözlətməyib. Qurumun üzvü Zəfər Quliyev eks-spikerə "no komment"- deyə lakonik cavab verərək deyib ki, müəyyən vaxtdan sonra o, ACP "lideri" haqqında fikirlərini elan edəcək.
Beləliklə, belə qənaətə gəlmək mümkündür ki, R.Quliyevin müxalifəti ciddi şəkildə ittiham etməsi onun AXCP sədri Əli Kərimlini, Müsavat başqanı İsa Qəmbəri hədəfə almaq istəyindən irəli gəlir. Bu şəxslərin heç bir elektoratlarının olmadığına eyham vuran eks-spiker onların xalq tərəfindən dəstəklənmədiyini vurğulayır. İnsanların diqqətini 2013-cü il seçkilərinə yönəltmək istədiyini deyən R.Quliyev 2005-ci ildə onun ölkəyə qayıtmadığını üzünə vuranlara cavab verib: "Sizin bir hissəniz hadisələri 2005-ci il parlament seçkiləri, daha doğrusu, mənim Azərbaycana qayıda bilməməyimə yönəldirsiniz. Əlbəttə, bu məsələ də müzakirə olunmalıdır. Ancaq müzakirə 2013-cü ildəki seçkiyə pozitiv bir şey verəcəksə... Söhbət mənim qəhrəmanlığımdan və ya qorxaqlığımdan getmir. Mənim Azərbaycana dönə bilməməyim faktdır, ancaq yerdə qalan bütün müxalifət liderləri Bakıda idi və biz uduzduq və ağır məğlubiyyətə uğradıq. Söhbət ondan gedir ki, 2008 və 2010-cu ildə ümumiyyətlə, heç bir müqavimət göstərə bilmədik".
Mübariz QULİYEV