Əli Orucov: "Milli Şura" tərkibində qaranlıq məqamlar çoxdur"
Bu gün siyasi arenada müxalif qüvvələrin bir fikirə gəlmələri artıq böyük problemə çevrilib. Bunun da səbəbi onlar arasında sözün əsil mənasında, qruplaşma getməsi və bu da fikir ayrılıqlarına səbəb olur. Əgər indi müxalifət düşərgəsinə nəzər salsaq, orada irili-xırdalı müxalifət təmsilçılərini görəcəksiniz. Yəni onlar bir-birilərinin yanında siyasi aktivliklərinə görə fərqlənirlər. Məsələn, belələrindən biri də AMİP lideri Etibar Məmmədovur. E.Məmmədov aktiv siyasətdən uzaqlaşıb və bu gün də o, olduqca passiv siyasi mövqedə dayanıb. Görəsən, bu, nə üçün belədir? Məsələyə aydınlıq gətirmək üçün AMİP-in funksionerlərindən olan Əli Orucovla əlaqə saxladıq.
- Əli bəy, Milli İstiqlal Partiyasının "Milli Şura"ya qoşulmaması ilə bu qurumda İsa Qəmbər, Əli Kərimli və digərləri ilə E.Məmmədov, eləcə də, partiya fuksionerlərinin eyni yolu getməkdən imtina etmələrini nə ilə əlaqələnirmək olar?
- Biz "Milli Şura"ya ona görə qoşulmadıq ki, istədiyimiz suallara cavab ala bilmədik. Yetərli qədər qaranlıq məqamlar var idi və biz buna görə "şura"ya qoşulmaqdan imtina etdik. AMİP sıradan bir partiya deyil ki, kiminsə diktəsi ilə oturub-dursun. Biz oturduq və müzakirələr apardıq, düşündük ki, ideyası naməlum olan, belə bir qurumda iştirak etmək fayda verməz. Deməliyik ki, "Milli Şura"ya qatılan digər müxalifyönlü partiyalar diktə altında fəaliyyət göstərirlər.
- 20 il siyasətdə olan və müəyyən qədər müxalifət düşərgəsində reytinqə sahib olan partiya sədrlərinin gözlənilmədən kinorejissor Rüstəm İbrahimbəyova güzəştə getmələri nə ilə bağlıdır? Ola bilərmi ki, bunun arxasında hansısa bir təsir rıçağı var?
- Burada zərurət və məcburiyyət amili var. Əks təqdirdə, quruma daxil olan partiyalar bir-birilərinin "vahid namizəd"liyini qəbul etmirlər və bu da namizədlərin pərakəndə şəkildə seçkilərə getmələri deməkdir. Ona görə də, R.İbrahimbəyovun namizədliyini dəstəkləmək zorunda qaldılar.
- Necə düşünürsünüz, iddialı görünən İ.Qəmbərin fikirlərini ifadə edən Arif Hacılı nəticə etibarilə Müsavat partiyasının "Milli Şura"dan getməsi ilə nəticələnəcəkmi?
- İ.Qəmbər "vahid namizəd" irəli sürüldükdən sonra, özünü yenidən qabartması o deməkdir ki, onlar alternativ varianta da hazırdırlar. Əslində, seçki proseslərinə qədər biz çox şeylərin şahidi olacağıq. Kimlərin müxalifətin birliyini istədiyini, kimlərin bunun əleyhinə olduğunu, kimlərin öz korporativ maraqlarından kənara çıxa bilmədiyini və yaxud da hansı qurumların dövlətçilik mənafeini nəzərə aldıqlarını və sairə baxımdan proseslərin gedişatında bunu görmək mümkün olacaq.
ÜLKƏR