Sərdar Cəlaloğlu: "AXCP, ALP, ACP, Müsavat kimi partiyalar da İbrahimbəyovun mövqeyini dəstəkləməklə, milli məsələdə ciddi səhvə yol veriblər"
"Rüstəm İbrahimbəyov Dağlıq Qarabağ məsələsində, demək olar ki, Rusiyanın mövqeyini nümayiş etdirir". Bu barədə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovun Rusiya mətbuatına müsahibəsində Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
ADP sədri vurğulayıb ki, R.İbrahimbəyovun Dağlıq Qarabağı mübahisəli bir torpaq kimi nəzərdə tutması tamamilə yanlışdır: "Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın ərazisinə aiddir, Azərbaycanın işğal olunmuş torpaqlarıdır. Yəni burada mübahisəli bir məqam yoxdur. Amma Rüstəm İbrahimbəyovun bir müxalif lider kimi bu cür düşünməsi tamamilə yanlışdır".
"İbrahimbəyovun ritorikası demokratik bir ritorika deyil"
S.Cəlaloğlunun haqlı iradlarından həm də belə nəticəyə gəlmək mümkündür ki, "Milli Şura" bütövlükdə böyük yanlışlığa yol verib, çünki əgər R.İbrahimbəyov "Milli Şura"nın "vahid namizədidirsə", onda o, milli məsələlərlə bağlı öz mövqeyini yox, "Milli Şura"nın mövqeyini ifadə etməlidir. ADP sədri eyni zamanda bildirib ki, AXCP, ALP, ACP, Müsavat kimi partiyalar da İbrahimbəyovun mövqeyini dəstəkləməklə, milli məsələdə ciddi səhvə yol veriblər: "Misal üçün, elə "Milli Şura"da təmsil olunan partiyalar Dağlıq Qarabağın xalqın gözü qarşısında mübahisəli ərazi kimi tanınmasına razılıq verməzdilər və yaxud da bunu düzgün hesab etməzdilər. Yəni əgər Qarabağ məsələsi "Milli Şura"da müzakirə olunsaydı, fərqli mövqe ortalığa qoyulardı. Eləcə də digər məsələlərdə".
ADP sədri hesab edir ki, gərək "Milli Şura" bu məsələyə yenidən qayıda və mümkün qədər çalışa ki, Qarabağla bağlı və digər ciddi siyasi məsələlərlə bağlı Rüstəm İbrahimbəyov öz mövqeyini yox, bütünlükdə "Milli Şura"nın mövqeyini ifadə etsin. Eyni zamanda partiya sədrinin fikrincə, R.İbrahimbəyovun ritorikası demokratik bir ritorika deyil: "Bu, ola bilsin ki, onun təcrübəsizliyindən irəli gəlir, ola bilsin ki, sovet dövründə püxtələşib, keçmiş sovet rejminin təsiri ilə bağlıdır. Yəni çox səbəblər var, amma hər halda düşünürəm ki, "Milli Şura" üzvlərinin günahıdır. Onlar öz liderlərinin hər bir sözünü filtrasiya etməlidir, ən azı, demokratik reallıqlardan çıxış edib o məsələləri uyğunlaşdırmalıdırlar".
"Milli Şura"da hər şey tərsinədir"
S.Cəlaloğlunun fikrincə, əvvəlcə "Milli Şura"nın müvafiq komissiyaları mövqe ortaya qoymalıdırlar, sonra R.İbrahimbəyov onları nümayiş etdirməlidir: "Amma biz görürük ki, tərsinədir. Əvvəlcə Rüstəm İbrahimbəyov müəyyən bir mövqe nümayiş etdirir, sonra "Milli Şura" həmin mövqenin əsirinə çevrilir. Bu da təcrübəsizlikdən və Rüstəm İbrahimbəyov ilə onun komandası arasında işin düzgün qurulmamasından irəli gəlir".
Göründüyü kimi, ADP sədri bu kimi açıqlaması ilə "Milli Şura"nın milli deyil, anti-milli xüsusiyyətlərini ortaya qoymaqla, həm R.İbrahimbəyovu, həm də onu siyasi dividentləri xatirinə dəstəkləyən ənənəvi müxalifət partiya rəhbərlərini ifşa etmiş olub. Nəticədə "şura"nın seçkilərə qədər iflasa uğraması da öz təsdiqini tapmaqdadır. Çünki qurumda problem olan yalnız R.İbrahimbəyov deyil, başqa partiya rəhbərləri də mövcuddur.
RƏFİQƏ