Tahir Kərimli: "Xalq arasında nüfuzu və sosial bazası olmayan müxalifət ciddi təşviş keçirir"
Zaman-zaman müxalifət daxilində partiyalar arasında qarşıdurmalar baş verir. Həmin qarşıdurmalar da müxalifətin parçalanmasına gətirib çıxarır. Bu baxımdan demək olar ki, bugünkü müxalifət partiyaları dəfələrlə bir neçə yerə parçalanmış partiyalardır. Səbəb isə hər zaman eyni olub. Partiya sədrləri səhv siyasət aparıb və ya daxili quruplar iddialarını reallaşdırmqda çətinlik çəkdiklərindən, sonda ən asan yolu- partiyanı parçalamaqla yeni təşkilatlar yaratmaqla siyasi arenaya çıxıblar. Bu gün də eyni mübarizə və eyni dava partiya daxili çəkişmələrin ana xəttini təşkil etməkdədir. Bütün bunlara əsaslanaraq demək olar ki, bu il keçiriləcək prezident seçkiləri ərəfəsi bu qarşıdurmalar daha da dərinləşəcəkdir. Nəticədə yenidən müxalifət partiyalarının parçalanması baş verəcək. Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, hər zaman müxalifət düşərgəsini təmsil edən partiyalardan istefa verən şəxslər olub və olacaq: "Həmin şəxslərin də müxalifət partiyalarından ayrılmasının əsas səbəbi adıçəkilən düşərgədə irəliyə doğru heç bir addımın atılmamasıdır. Demək olar ki, bu da müxalifətin özünün iflasının göstəricisidir. Müxalifət liderlərinin doğru-düzgün siyasət qurmamalarının və aparmamasının əsaslarıdır ki, bu gün müxalifət düşərgəsində vəziyyət gərginlik içərsindədir. Müxalifət düşdüyü gərginlikdən çıxış yolunu axtarsa da, tapa bilmir. Bu gün bu uğursuz siyasət özünün açıq şəkildə büruzə verir. Ümumiyyətlə, müxalifət qüvvələri biri-birini qəbul etmək istəmirlər. Bu da müxalifət liderlərinin şəxsi ambisiyalarının olmasından irəli gəlir".
Partiya sədri onu da vurğuladı ki, prezident seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində narahatçılıq daha da artır: "Xalq arasında nüfuzu və sosial bazası olmayan müxalifətin ciddi təşviş keçirməsi səbəbsiz deyil. Çünki müxalifət bəri başdan çox gözəl bilir ki, onlar bu il keçiriləcək seçkilərdə uğur qazanması mümkün deyil. Tam əminliklə demək olar ki, hazırkı müxalif partiyaların bəzliləri seçkiyə qədər, bəziləri isə seçkidən sonra parçalanmaya məruz qalacaqlar".
T. Kərimlinin sözlərinə görə, iki gün öncə, AXCP sədrinin müşaviri Fəhmin Hacıyevin partiyadan istefası artıq partiyaların parçalanacağı ilə bağlı irəli sürülən praqnozların reallığa doğru istiqamət aldığını nümayiş etdirir".
GÜLYANƏ