Cəmil Həsənlinin açıqlamaları isə Rüstəm İbrahimbəyovun bu məsələdə anti-milli mövqeyini ört-basdır etmək və piar məqsədi daşıyır
"Milli Şura"nın "Qarabağ komissiyası"nın sədri Cəmil Həsənli müxalifət mətbuatına açıqlamasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konsepsiya hazırlanacağını bildirib. Onun sözlərinə görə, "komissiya" problemin yaranması, onun tarixi mərhələləri, indiki durumu və mövcud vəziyyətdən çıxış yolu haqqında müəyyən konseptual baxışlar sistemi hazırlayacaq və s.
Lakin ilkin olaraq, C.Həsənlinin cəfəng və əsassız fikirlərinə münasibət bildiməmişdən öncə qeyd etməliyik ki, məhz onun təmsil olunduğu qondarma qurum, eləcə də sədri olduğu qondarma komissiya Azərbaycanda maraqları olan xarici qüvvələrin bu ölkədəki emissarlarıdır. Başqa tərəfdən, "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovun, eləcə də qurumda təmsil olunan funksionerlərin son günlərdə ABŞ-a, Belçikaya, Türkiyəyə etdikləri xarici səfərlərinin məqsədləri də Azərbaycanın milli-dövlətçilik maraqlarını satmağa yönəlmiş addımlar kimi qiymətləndirir. Çünki onlar bu ölkənin xalqına deyil, məhz xarici anti-Azərbaycan qüvvələrin sifarişlərinə, təlimatlarına və pullarına arxalanırlar. Ona görə də "Milli Şura"nın Qarabağla bağlı hər hansı bir konsepsiya hazırlamaq cəhdləri, sadəcə, simulyasiya xarakteri daşıyır.
"Milli Şura"dan bu ölkəyə, bu xalqa qarşı hər hansı bir dövlətçilik maraqlarından çıxış edən siyasəti gözləməyə dəyməz
Qeyd edək ki, R.İbrahimbəyov kavpolit.com-a verdiyi məlum müsahibəsində demişdi ki, guya o, iki il müddətində prezident olacaq və buna görə də Dağlıq Qarabağ münaqişəsi ilə qoy yeni seçilmiş parlament məşğul olsun (?-R.R.). O zaman sual yaranır ki, bu halda "Milli Şura" həmin "konsepsiyanı" kimin üçün hazırlayır? Çünki "Milli Şura"nın sədri hesab edir ki, guya Qarabağ probleminin həlli Azərbaycandakı daxili problemlərlə əlaqədar çətinləşir, "Biz Qarabağın erməni əhalisini sadaladıqlarıma əmin etməliyik" və ermənilər bacarıqlı və anlayan xalqdır və s.
Maraqlıdır, bir halda ki, R.İbrahimbəyov bu kimi xəyanətkar və ermənipərəst düşüncələrə malik olduğu halda, qondarma tarixçi olan C.Həsənlinin "komissiyası" Azərbaycanın milli maraqları çərçivəsində Dağlıq Qarabağ "konsepsiyasını" necə hazırlayacaq? Hətta cəmiyyət sözügedən "konsepsiyanın" milli maraqlara cavab verəcəyini zənn etsə belə, bugünkü iqtidarın dediyi, gördüyü işlərdən fərqli ortaya nə qoyacaqlar? Söz yox ki, "Milli Şura"dan bu ölkəyə, bu xalqa qarşı hər hansı bir dövlətçilik maraqlarından çıxış edən siyasəti gözləməyə dəyməz. Bunu məqalənin əvvəlində də qeyd etmişdik. Sadəcə, belə qənaətə gəlmək mümkündür ki, "Milli Şura"da Qarabağ Komissiyasının yaradılması, C.Həsənlinin simulyasiyalı açıqlamaları R.İbrahimbəyovun bu məsələdə aşırı anti-milli mövqeyini ört-basdır etmək və piar məqsədi daşıyır. Xarici dairələrin əllərində siyasi təlxəklərə çevrilmiş belə dırnaqarası siyasətçilərdən başqa heç nə gözləməyə dəyməz.
Rövşən RƏSULOV