"Milli Şura"da böhranlı vəziyyətin gərginləşməsi fonunda baş verən hadisələr o qədər tez-tez dəyişir ki, artıq həmin hadisələrdən doğan kəskin ittihamlar da qurumun seçkilərə qədər ayaqda qalacağına şübhələr yaradır. Belə ki, Müsavat başqanının məlum qərarının hələ də qüvvədə qalması "şura"nın parçalanmasında başlıca rollardan birini oynamaqdadır. Cəmiyyət isə artıq "Milli Şura"nı birləşmiş müxaifət qismində qəbul etməməklə yanaşı, adıçəkilən təşkilatın perspektivsizliyinə, seçkilərdə hər hansı nailiyyət qazana bilməsinə barmaqarası baxır.
Belə bir vəziyyətdə "Milli Şura"nın tərkibində olan yerdə qalan təşkilatlar da qurumdan çıxmaları haqqında qərar vermək ərəfəsindədirlər. Daha dəqiq desək, Müsavat başqanının ardınca, KXCP-nin də "şura"da eyni mövqedən çıxış etməsi narazı təşkilatların qurumdaxili olaylara sərt münasibətləri ilə müşahidə olunmaqdadır.
Söz vermişdik ki...
Artıq "REAL" hərəkatı da "Milli Şura"da qalmayacağı ilə bağlı bəyanatlar səsləndirməkdədir. Hərəkatın sədri, hazırda həbsdə olan İlqar Məmmədovun mediaforum.az saytına verdiyi müsahibəsindən də aydın görünür ki, tez-tez dəyişən hadisələr, xüsusilə, "vahid namizəd", yaxud da "ehtiyat namizəd" ətrafındakı qalmaqallar "REAL"-ın bu qurumu tərk etməsi ilə nəticəsini tapacaq. Daha öncədən verilən sözlərə, vədlərə əməl olunmamasını önə sürən İ.Məmmədov fikirlərini belə izah edib: "Söz vermişdik ki, əgər Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər vahid namizəd haqqında razılığa gəlsələr, biz mütləq belə birliyə dəstək verəcəyik. Ancaq "vahid namizəd" haqqında razılıq nə deməkdir? Bu təkcə "Milli Şura"nın Rüstəm müəllimin şəxsində "vahid namizəd" müəyyən etməsi deyil, həm də "Milli Şura"nın hər hansı digər üzvünün öz namizədliyini qeydə aldırmaq cəhdindən imtinasıdır. Əks halda "REAL" seçkiyə doğru öz namizədi ilə davam edəcək".
Görünür bu dəfə heç bir ay da çəkməz
Göründüyü kimi, hadisələr "Milli Şura"nı yaradan xarici qaranlıq dairələrin qurduqları plan əsasında inkişaf etmir və belə olan təqdirdə hər hansı uğurdan, qələbədən, siyasi nailiyyətdən pafosla danışan ümumiyyətlə, yersiz təsir bağışlayır. Nəticədə belə bir arqument ortaya çıxır ki, bu gün Müsavat başqanı İ.Qəmbər AXCP, "EL" rəhbərliyi ilə bərabər həmçinin, İ.Məmmədov tərəfindən şantaja məruz qalır. Yəni biriləri siyasi nəfslərinə sahib dura bilmir, o biriləri isə özlərini Napaleon kimi hiss edirlər. Bu zaman həm də belə bir mənzərə canlanır: Təsəvvür edək ki, "Milli Şura" hakimiyyətə gəlib. Onun başında həqiqi artist dayanıb, yanında isə acgözlər, "bonapartlar", reneqatlar, ipə-sapa yatmayanlar...Bunlar 1992-ci ildə hakimiyyəti zəbt etdilər və 1 ildə dövləti talayıb məhv etdilər. Görünür bu dəfə heç bir ay da çəkməz...
Rövşən RƏSULOV