PDF Oxu

Müxalifət

  • 23

Arif Hacılı sandığı açdı

Arif Hacılı sandığı açdı

Mən elə bilirdim ki, P.Hüseyn kimi sandıq açıb, pambıq tökməyi bacaran yoxdur. Arif Hacılı onun atasına "rəhmət" oxutdurdu. İllərdir, aralarında bir parça ət üstündə dalaşan "rekslər" kimi bir-birilərini yıxıb-sürüyən A.Hacılı və R.Quliyevin dava-dalaşları yeni istiqamət aldı. Bu istiqaməti də A.Hacılı açdı, özü də Müsavat-AXCP-nin əsil simasını da ortaya çıxarmaqla.

Tələsməyin, oxuyun onun dediklərini Arif Hacılı deyir: "1992 ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu, ilk növbədə cinayət qanunvericiliyi, eyni zamanda, siyasi konyuktura baxımından real idi. Rəsul Quliyev o dövrün termini ilə desək, ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi. Saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu. O dövrün ən populyar qəzeti olan "Müxalifət" qəzetində Rəsul Quliyevin iqtisadi cinayətləri barədə "Qarət" başlıqlı silsilə yazılar dərc olunmuşdu. MTN nazirinin 1- ci müavini Sülhəddin Əkbər Prezident Aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi. Rəsul Quliyev ona layiq olduğundan dəfələrlə yüksək vəzifə vermiş hökumətə minnətdar olmamış, Baş nazirin 1-ci müavini təyin olunduqdan dərhal sonra hökumətə hərbi müxalifət mövqeyində olan "OMON" birləşməsinin bir alayının Bakıda "YUJNIY" mehmanxanasında yerləşdirərək,çevriliş planının əsasını qoymuşdu. Acı həqiqətdir ki, 2003 -cü ildə Rəsul Quliyev İsa Qəmbərin müdafiəçisi olmaq, 2005-də isə artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahib oldu. 2005-ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki,nəticələri hələ də davam edir. Rəsul Quliyevin oyunbazlığı ucbatından həbs olunanların əksəriyyəti hələ də həbsxanalarda qalmaqdadır."

Buyurun, əslində A.Hacılı bununla göstərdi ki, AXCP-Müsavat hökuməti nə qədər cılız və səriştəsiz olub. Mafioz olmayan hökumətdə mafioz məmur ola bilməz axı. Odur ki, 1992-ci ildə İsgəndər Həmidovun belində tapança Qobustan həbsxanasının qabağında 7 qardaşı güllə ilə qabağına qatmasına nə deyək? Cəbhəçilərin o vaxtın müxalifət qəzetlərinin redaksiyalarına hücum edərək, divarları gülləbaran etməsinə, jurnalistləri döyüb-öldürmələrinə nə deyək? İsa Qəmbərin tapşırığı ilə vaxtilə aldatdığı adamların həbsə atılmasına, Elçibəyi içirdib, xüsusi xidmət orqanlarında dövlət xainlərini vəzifəyə təyin etmələrinə necə haqq verək? Rəhim Qazıyevin hərbi hissələrə apartdırıb gizli yerlərdə saxlatdırdığı, sonradan güllələdiyi, intihara məcbur etdiyi şəxslər haqqında faktlara nə deyək? R.Quliyevin dövlətin pulunu oğurlayıb xaricə ötürməsi də elə AXCP-Müsavat dövründə baş vermədimi? Bakının küçələrində kim kimin xətrinə dəyirdisə, yolun ortasında başına güllə vurmasına nə deyək, özbaşınalıq deyildimi bu? Hakimiyyətin səriştəsizliyi və mafioz xislətinin nümunəsi deyildimi? Hələ A.Hacılının özünün elədiyi cinayətlər haqqında da danışanlar olacaq.

Bəs görəsən, R.Quliyev bilirdimi ki, S.Əkbər o vaxt onun həbs olunması üçün ölkə rəhbərliyinə müraciət edib!? R.Quliyevi "oyunbaz" adlandıran A.Hacılının qəfil fecebookda belə bir status paylaşması da diqqətçəkəndir. Bir neçə nəfərin adını hallandırması və R.Quliyevi Elçibəyi satmaqda ittiham etməsi də təsadüfi deyil. Elçibəyin adının hallandırılması siyasi kələk də ola bilər. Çünki bu yaxınlarda Elçibəyin bir neçə qohumu, bacısı oğlu da başda olmaqla guya R.Quliyevə dəstək verəcəklərini demişdilər. Müsavat da bu "yaxınlığı" qırmaq üçün A.Hacılının dili ilə dedi ki, Rəsul Quliyev Elçibəyi satıb."

Hər halda gözləyək, seçki də yaxınlaşır, görün hələ nələr açılacaq!

Samir

Digər xəbərlər