PDF Oxu

Müxalifət

  • 34

Rüstəm İbrahimbəyovun pasport blefi

Rüstəm İbrahimbəyovun pasport blefi

Baş reneqatın ölkəyə "möhtəşəm qayıdışı" baş tutmayacaq

Məlum olduğu kimi, xüsusilə, ermənilər qarşısında hörməti olan "Milli Şura" sədri Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı vaxtı açıqlamaqla növbəti blefini ortaya qoyub. Belə ki, onun guya bu ayın sonuncu günü respublikamızda olacağı barədə irəli sürdüyü iddidları elə özü tərəfindən də dolayısı ilə təkzib olunub. Daha dəqiq desək, qorxduğunu gizlədə bilməyən İbrahimbəyov bu və ya digər şəkildə gələ bilməməyəcəyini etiraf edib: "Həbs olunmaq üçün səbəblər göstərilməlidir. Cinayət işi açılanda bununla bağlı məlumat verilir. Mənə belə bir məlumat verilməyib". "Milli Şura"nın sədri və hələ də 100 faiz müəyyənləşməmiş "vahid namizədi" R.İbrahimbəyov haqqında vergidən yayınma ilə bağlı cinayət işi açıldığı və Bakıya gələcəyi halda həbs olunacağı barədə yayılan məlumatlara münasibət bildirərkən o, əslində, gündəlik xəbərləri izləmədiyini, ancaq Avropa və Rusiyada gəzinti işə məşğul olduğunu, əyləndiyini gizlədə bilməyib.

Onu da xatırladaq ki, "şura"da təmsil olunan ənənəvi müxalifət partiyalarının və ekspertlərin təsis etdikləri "Milli Şura"nın "vahid namizədi" elan olunan İbrahimbəyov namizədliyinin qeydə alınmasında əsas problem kimi göstərilən ikili vətəndaşlıq məsələsini həll edəcəyini iddia edib. "Şura"nın icra aparatının rəhbəri Eldar Namazov bildirib ki, "İbrahimbəyov Rusiya pasportunu artıq bu ölkənin müvafiq qurumuna təhvil verib və yaxın vaxtlarda həmin qurum onun həmin ölkə vətəndaşlığını ləğv edəcək. Bununla da R.İbrahimbəyov yalnız Azərbaycan vətəndaşı olacaq".

Politoloq Qabil Hüseynlinin fikrincə, "Milli Şura" müxalifətin birləşmək adı altında növbəti imitasiyasıdır: "Milli Şura" müxalifətin birliyinə nail ola bilmədi. Bunun bir səbəbi müxalifət liderlərinin şəxsi ambisiyaları, digər səbəbi isə müxtəlif dairələrdən təlimat almalarıdır". Onun sözlərinə görə, qarşıdakı seçkilərdə müxalifət nəinki "vahid namizəd"lə iştirak edə bilməyəcək, bu amil, həmçinin, dağıdıcı düşərgə daxilində yeni parçalanmaların əsasını qoyacaq: "Milli Şura" ilə bağlı müzakirələrin getdiyi dövrdə əksər siyasi təhliçilər iddia edirdilər ki, bu qurum ya formalaşa bilməyəcək, ya da ömrü çox qısa olacaq. Müxalifət liderləri məcburiyyət qarşısında qalıb, "Milli Şura"nın ətrafında birləşsə də, artıq qarşıdurma meyilləri hiss olunmaqdadır. Müsavat başqanı İsa Qəmbərin faktiki olaraq Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə etməməsi, İsa Qəmbər-Rəsul Quliyev, Əli Kərimli-Mirmahmud Mirəlioğlu arasında yaşanan gərginliklər bunun bariz nümunəsidir. Düşünürəm ki, seçkilərədək "Milli Şura" dağılacaq. Əslində, "Milli Şura"nın özündə də qurumun perspektivinə ümid etmirlər. "Milli Şura" müxalifətin birləşmək adı altında növbəti imitasiyasıdır və bu da öz növbəsində cəmiyyətə ciddi mesaj sayıla bilər".

Göründüyü kimi, R.İbrahimbəyovun guya Gürcüstan vasitəsilə Azərbaycana gəlməsi haqqında səsləndirdiyi iddiaları bundan öncə də irəli sürülmüşdü. Hətta onun may ayında, sonradan isə iyunun 25-də ölkəyə qayıdacağı haqqında müxtəlif mülahizələr irəli sürülürdü. Lakin nə R.İbrahimbəyov Bakıya gəldi, nə də ki, "Milli Şura"da "vahid namizədlik" məsələsi 100 faizlik çərçivədə həll olundu. Məhz bu səbəbdən də uzun illərdir ki, müxalifətdə aparıcılıq rolunu oynayan Müsavat başqanı onun geri qayıtmayacağına tam əmin olduğuna görə qurum daxilində ehtiyat namizədlik məsələsini qaldırdı. Bu faktor isə, əlbəttə ki, "Milli Şura"ya yaxşı heç nə vəd edmir. Vəd etmədiyinə görə də onun aqibətinin məhz "İctimai Palata"da olduğu kimi uğursuz olmasını yəqin etmək mümkündür. Daha dəqiq desək, bir çox politoloqların dediyi kimi, "şura" seçkilərə qədər tamamilə dağılmaq təhlükəsini günü-gündən daha çox yaşamaqdadır. Bir sözlə, R. İbrahimbəyovun pasport blefi baş reneqatın ölkəyə "möhtəşəm qayıdışını" heç də təmin etməyəcək.

Qismət RƏSULOV

Digər xəbərlər