PDF Oxu

Müxalifət

  • 22

İsa Qəmbərin sonuncu və pessimist şansı

İsa Qəmbərin sonuncu və pessimist şansı

Müsavat başqanı çıxış yolu tapa bilmir

Oktyabrda baş tutacaq prezident seçkiləri yaxınlaşdıqca, Müsavat partiyasının başqanı İsa Qəmbərin də siyasi çərçivəsi get-gedə daralmağa başlayıb. Bununla da uzun illərdir ki, siyasətdə olan başqanın sonuncu perspektivləri də puç olmaqdadır. Artıq sözügedən reallığı Müsavat yetkililəri də istisna etmirlər. Partiyadan sızan məlumatlara görə, İ.Qəmbərin partiya rəhbərliyində uzun müddət qalması bir çox suallar doğurmaqdadır. Artıq bir neçə aydır ki, təşkilat daxilində onun yeniləşmənin qarşısını aldığını dilə gətirən qüvvələr xüsusilə Arif Hacılı, Qubad İbadoğlu qruplaşması baş qaldırıb. Bu qruplaşmaların gətirdikləri ilkin arqument isə budur ki, Müsavatda İ.Qəmbərin günahından və idarəçiliyindəki avtoritarizmə görə, yeniləşmə getmir. Belə ki, İ.Qəmbər partiyanın içində ona qarşı çıxanları və onun kimi düşünməyənləri müxtəlif hədələr və təhdidlərlə kənarlaşdırır.

Belə olan halda İsa Qəmbər çıxılmaz durumda qalır

Digər məsələ isə ondan ibarətdir ki, Müsavat başqanı seçkilərə namizəd kimi qatılmaqda israrlıdır. Lakin "Milli Şura"nın onu "ehtiyatat namizəd" kimi dəstəkləyəcəyi heç bir cəhətdən inandırıcı görünmür. Çünki burada prezidentliyə namizədliyə iddialı başqa şəxslər də mövcuddur. Yəni R.İbrahimbəyobun ölkəyə qaytmayacağı təqdirdə, ortada AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ALP "lideri" Lalə Şövkət və ACP sədri Sülhəddin Əkbər faktorları dayanıb ki, onlar heç biri bir-birlərinə güzəştə getmək fikrində deyillər. Belə olan halda İ.Qəmbər çıxılmaz durumda qalır. Başqanın durumunu çətinləşdirən həm də onun əvvəlki prezident seçkilərində də uğursuzluğa düçar olmasıdır. Əslində isə təmsil olunduqları birliklərdə yola getməyərək bir-birlərini ittiham etmələri ənənəvi müxalifət partiyalarının köhnə xasiyyətləridir.

O, bilirdi ki, birləşmə ideyası reallığa çevrilsə, Əli Kərimli başqan ola bilər

Hazırda AXCP ilə Müsavatın təmsil olunduqları digər bir ölü qurumun - "İctimai Palata"nın perspektivlərinin olmaması hələ bir neçə il bundan qabaq iddia edilirdi. Bu qurumun ömrünün uzanmasının yeganə səbəbi Müsavat başqanı İ.Qəmbər idi. Xatırlayırsınızsa, o zamanlar Müsavat ilə AXCP-nin birləşməsi məsələsi gündəmdə idi. Bununla bağlı ciddi müzakirələr gedirdi. Artıq hər iki partiyadan birləşmə ideyasını dəstəkləyənlər çoxluq təşkil edirdi. Partiyaların birləşəcəkləri tədqirdə, onların loqoları da müəyyənləşmişdi. Məhz belə bir məqamda Müsavat başqanı çıxılmaz vəziyyətə düşdü. O bilirdi ki, birləşmə ideyası reallığa çevrilsə, Ə.Kərimli başqan ola bilər. Nəticədə, o, buna imkan verməmək üçün daha ciddi birliyin yaradılması təklifini irəli sürdü. "İctimai Palata"nın fəaliyyətini davam etdirməsinin səbəbi də məhz bu idi. O zamanlar Müsavatda bunun əleyhinə gedənlər oldu. İ.Qəmbərin müavinləri olan Sülhəddin Əkbər, İbrahim İbrahimli və digər partiya funksionerləri buna etiraz adı ilə partiyanı tərk etdilər. Əgər birləşmə ideyası olmasaydı, "İctimai Palata" daha əvvəlcədən parçalanardı.

Qondarma qurum yaradılarkən, önə sürülən planların heç biri realizə olunmayıb

Nəticədə, ötən günlərdə "İctimai Palata"nın sonuncu sessiyasında bir daha bəlli oldu ki, bu qurumun həm siyasi, həm də psixoloji durumu olduqca ağır vəziyyətdədir. Belə ki, son vaxtlar bu radikal birliyinin keçirmək istədiyi icazəsiz aksiyaların uğursuz nəticələri, eləcə də, həmin nəticələrdən dolayı, qurum rəhbərlərinin bir-birlərini ittihamlandırmaları "palata"nın sağalmaz xəstəliyə mübtəla olduğunu bir daha sübuta yetirdi. Artıq belə qənaətə gəlmək mümkündür ki, daha öncələr, yəni qondarma qurum yaradılarkən, önə sürülən planların heç biri realizə olunmayıb, nəticədə, "İctimai Palata" möhkəmlənmək əvəzinə, sıradan çıxıb.

Bu baxımdan, demək mümkündür ki, inhisarçılıq və avtoritar sistem idarəçiliyində yaşayan qurum, əslində, son günlərini yaşamaqdadır. Daha dəqiq desək, "İctimai Palata"nın diaqnozu əsası qoyulduğu zamandan qoyulub. Və maraqlı cəhətlərdən biri də odur ki, öz daxili ziddiyyətlərini, qalmaqallarını, intriqalarını aradan qaldırmağa acizlik göstərən partiya rəhbərləri yenidən öz günahlarını hökumətdə axtarmağa səy göstərirlər.

AXCP sədri Əli Kərimlinin və Müsavat başqanı İsa Qəmbərin çıxılmaz vəziyyətdə qalaraq, guya iqtidarın "son dayaqlarını itirmək" təhlükəsində qalmasını iddia etmələri isə onların özlərinin çıxlmaz vəziyyətdə qalmasını etiraf etmələri kimi başa düşülür. Çünki ötən 20 illik dövr ərzində heç bir şans əldə edə bilməyən siyasilərin sağalmaq inamları çoxdan itirilib.

Beləliklə, İ.Qəmbərin siyasi karyerasının son günü də məlumdir - 2013-cü ilin payızında radikalizmdən dağıdıcılığa qədər sürüklənməyi bacarmış müxalifət bundan o yana gedə bilməyərək, düşdüyü şəraitdən xilas ola bilməyəcək. Bundan sonra isə partiyanın qurultayını keçirib, siyasətdən birdəfəlik uzaqlaşmağı bəyan etmək lazım gələcək. Əgər həmin qurulayı keçirməyə gücləri çatarsa...

Mübariz QULİYEV

Digər xəbərlər