Belə bir məsəl var: hər kəs ki, etdiyi əməlin nə ilə başa çatacağını əvvəlcədən anlamırsa, onun hərəkətləri kənardan baxılanda qəribə təsir bağışlayır. Məsələn, təsəvvür edək ki, qoca bənna yuxuda görür ki, bir səda gəlir və ona bu palçıq işindən əl çəkməyi, tacirliklə məşğul olmağı məsləhət görür və deyir ki, o zaman pul əldə etməklə yanaşı, həm də hörmət, izzət yiyəsi olarsan. Qoca da bu deyilənlərlə razı olur. Bir də ayılıb görür ki, bunlar hamısı bir röyadır.
Bu gün Azərbaycan müxalifəti də hər seçkilər ərəfəsi röyalarla yaşayaraq, əndrəbadi qurumlarla seçkilərə qatılmaqla "yüksək vəzifələrdə özlərini təsəvvür edirlər və buna nail olmaq üçün "xoruz səsi eşidilməyən" əndrəbadi adlarla müxtəlif qurumlar yaradırlar. Elə oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsi də yenə də son şanslarını sınamaq qərarına gələn dağıdıcı müxalifət "Milli Şura" adlı bir qurum yaratdılar. "Milli Şura"nın rəsmi rəhbəri kinodramaturq, ssenarist Rüstəm İbrahimbəyov, onun yardımçısı isə "EL" hərəkatının rəhbəri, nomenklatur müxalifət lideri olmağa çalışan Eldar Namazov oldu. Ssenarilər yazmaqda usta olan Rüstəm İbrahimbəyov, bu dəfə kinodramaturqdan siyasətçiyə çevrilmək istədi və müxalifəti bir araya gətirə biləcəyinə ümid etdi. Üstəlik də, prezident seçkilərinə qatılaraq "qələbəyə nail olacağına" ümid bəslədi. Ancaq AXCP və Müsavat partiyalarının liderləri olan yerdə R.İbrahimbəyovun prezidentliyə namizəd göstəriləcəyi düyünə düşdü və kələfin ucunu axtara-axtara qaldı.
Siyavuş Novruzov: "Milli Şura"da "İctimai Palata"nın vəziyyətinə düşəcək, ondan da betər olacaq"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Milli Şura"nı bir dərnək hesab edərək, antimilli fəaliyyət göstərdiyini bildirib: "Müxalifət "Milli Şura"dan əvvəl bir neçə təşkilat yaratsa da, heç bir perspektivi olmayıb və "Milli Şura"nın da taleyi yaranan digər birliklərin taleyi kimi olacaq. "Milli Şura"dan əvvəl "Ziyalılar Hərəkatı", "Ziyalılar Forumu", "İctimai Palata" yarandı. "İctimai Palata" iki il fəaliyyət göstərdi. Amma nəyə nail oldu, nə ortaya çıxardı? Heç nə. Biz əvvəlcədən demişdik ki, "İctimai Palata"nın, bu təşkilatların heç bir perspektivi yoxdur. Çünki orada təmsil olunan insanları hamı tanıyır. "Milli Şura"da "İctimai Palata"nın vəziyyətinə düşəcək, ondan da betər olacaq. Çünki "Milli Şura"ya toplanan insanlar eyni insanlardır və o insanlar öz partiyaları tərəfindən nüfuzunu itirdiklərinə, partiya tərəfindən dəstək qazana bilmədiklərinə və öz siyasi partiyalarında onların namizədliyinin irəli sürülməsinə etiraz olunduğuna görə ayrı-ayrı təşkilatlar vasitəsilə istəyirlər ki, öz namizədliklərini irəli sürsünlər. Belə bir atalar misalı var: "Ördək qaz yerişi yeriyəndə, öz yerişini də itirər". İndi bunlar da istəyirlər ki, qaz yerişi yerisinlər, amma öz yerişlərini də itirəcəklər. Yəni bu insanların özlərinin heç bir ideyası, məqsədi yoxdur. Vaxtilə Ukraynada narıncı inqilab baş verəndə müxalifət nümayəndələri də paltarını dəyişərək narıncı geyinməyə başladılar və özlərini onlara oxşatdılar. Lakin heç bir nəticəsi olmadı".
S.Novruzov, həmçinin, Rüstəm İbrahimbəyovun vahid namizəd məsələsinə də toxunaraq bildirib ki, Rüstəm İbrahimbəyov heç bir saat da olsun, siyasətlə məşğul olmayıb. Bu insan olsa-olsa, ancaq rejissor, ssenarist ola bilər. O, nə dövlət xadimi, nə idarəçi, nə siyasi partiya rəhbəri olmayıb və bundan sonra da olmayacaq. Ona görə də, "Milli Şura" olmur, nə olur-olsun, bunun qəti şəkildə hakimiyyət üçün heç bir narahatçılığı yoxdur". "Milli Şura"nın antimilli olması bilavasitə göz önündədir. Sadəcə olaraq, ora toplaşanlar hansısa ölkənin təşkilatlarından 5-10 manat pul almaq istəyirlər, onun eşqinə ora toplaşıblar. Yoxsa Azərbaycan xalqının maraqlarına və s. məsələlərə heç bir aidiyyəti yoxdur".
R.HÜSEYNOVA