ABŞ siyasiləri Rusiya ilə müəyyən narazılıqları və Rəsul Quliyevin Moskvaya məktub ünvanlamasını nəzərə alaraq, onu casusluqda ittiham edib ölkədən deportasiya edə bilər
Azərbaycanda pezident seçkiləri yaxınlaşdıqca, xüsusilə də, radikal müxalifət düşərgəsində sinirlər daha da gərilir. Bir müddət öncə "Milli Şura" daxilində birləşən radikal müxalifət düşərgəsi sonradan "gələn iyin kabab qoxusu" olmadığını anladığından indi yeni sponsor axtarışına çıxıb. Məsələn, "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyov Azərbaycan xalqından dəstək ala bilmədiyindən həm namizədliyindən geri çəkilməyə, həm də xarici maliyyə mənbəyi aramağa başlayıb. Onunla paralel seçkidə heç bir şansı olmayan ACP sədri Rəsul Quliyev də yeni anti-Azərbaycan sazişinə qol qoymaq istəyindədir. Belə ki, ABŞ-da Azərbaycan xalqının iradəsindən kənar fəaliyyətlərinə dəstək ala bilməyən Rəsul Quliyev düşünüb ki, belə bir "şansı" Rusiya ilə dəyərləndirə bilər. Bu səbəbdən də, Rəsul Quliyev prezident seçkilərində Rusiyanın ona dəstək verməsi üçün bu ölkənin xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb. Bununla bağlı Ukraynanın "Kievskaya Xronika" qəzeti də məlumat yayıb. Hətta onun məktublarının fotosu da yayılıb. Fotolardan da görünür ki, R.Quliyev əvvəlcə özünü təqdim edir, Azərbaycanın vaxtilə sabiq spikeri olduğunu deyir, daha sonra xaricə mühacirəti və ondan sonrakı siyasi fəaliyyəti barədə yazır. Rusiyanın Azərbaycanın dostu olduğunu da vurğulayan R.Quliyev ardınca Azərbaycanda hakimiyyətə gəlmək üçün ona dəstək verilməsini xahiş edir.
Əlbəttə ki, Rəsul Quliyevin Rusiya xarici işlər nazirinə məktub göndərməsinin hər hansı nəticəni verməyəcəyi gün kimi aydındır. Çünki Rəsul Quliyevin Azərbaycan xalqı qarşısında hər hansı xidməti olmayan və xəyanətkar kimi imici olduğunu qonşu Rusiya çoxdan bilir. Elə Rəsulun Azərbaycanda spiker olduğu müddətdə müxtəlif kəşfiyyat orqanlarının şirnikləşdirici vədlərilə ölkədə qarışıqlıq yaratmağa cəhdlər göstərməsi də hər kəsin yaddaşındadır. Hətta onun ikiüzlü olması ilə bağlı da əyani sübutlar var. Yəni, bu antimilli ünsür vəzifədə olduğu zaman Azərbaycan və xarici KİV-lərə verdiyi müsahibələrdə Ümummilli Lider Heydər Əliyevin ölkədə birləşdirici qüvvə olmasını dediyi bir zamanda, sonradan şəxsi maraqları təmin ediımədiyi üçün dövlətə qarşı çıxmağa başladı. Rəsul digər milli satqınlar kimi dövlətə xəyanətə görə, həbsə düşməsindən qorxaraq, ABŞ-a qaçdı.
Bir daha söyləmək lazımdır ki, Rəsul Quliyev kimilər yalnız şəxsi maraqlarını düşünür və ona görə də, hər bir şayiəni şans bilib dövlətin mənafeyinə zərbə vurmağa cəhd göstərir. Elə son günlər ərzində müxalifət mətbuatında və ermənilərin nəzarətində olan media orqanlarında guya Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərgin olması haqqında yazılar dərc olunmaqdadır. Yəqin ki, Rəsul Quliyev də bunları həqiqət kimi qəbul edib, Rusiya XİN-nə məktub göndərib və onun hakimiyyətə gətirilməsi üçün yalvarışlarını ortaya qoyub.
Bir sözlə, Rəsul Quliyev radikal müxalifət düşərgəsinin ən pis imicə malik nümayəndələrindəndir. Eyni zamanda, o, xarici qüvvələrin də marağında olmayan əhəmiyyətsizin birisidir. Ona görə də, düşünürük ki, Rəsul Quliyevin Rusiyadan yardım diləməsi onun çarəsiz vəziyyətdə qalması ilə bağlıdır. Lakin ən vacib xəbər o olardı ki, ABŞ siyasiləri Rusiya ilə müəyyən narazılıqları və Rəsul Quliyevin Moskvaya məktub ünvanlamasını nəzərə alaraq, onu casusluqda ittiham edib ölkədən deportasiya etsinlər. Yəqin ki, bununla, xalqına və dövlətinə hər zaman xəyanət etmiş Rəsul Quliyev kimilərin dərsi verilmiş olar.
"Səs" analitik qrupu