PDF Oxu

Müxalifət

  • 8

Müsavatın "Milli Şura"dan getməsi Eldar Namazova sərf edir

Müsavatın "Milli Şura"dan getməsi Eldar Namazova sərf edir

İsa Qəmbər "EL" hərəkatı rəhbərinə yaşıl işıq yandırdı

Yarandığı gündən "Milli Şura"nın tezliklə dağılacağı barədə verilən proqnozlar özünü doğruldur. Ayrı-ayrı dairələrdən aldıqları sifarişləri yerinə yetirməyə çalışanlar özlərini ifşa ediblər. Hələ də qondarma "Milli Şura"nın "ehtiyat namizəd" məsələsi həll olunmayıb. Kiçik məsələləri belə yoluna qoya bilməyən dağıdıcı müxalifətin və reneqatların bu məsələdə razılığa gələcəyi, şübhəsiz ki, mümkün deyil. Çünki nə AXCP sədri Əli Kərimli, nə Müsavat başqanı İsa Qəmbər özünü ikinci və ya üçüncü statusda görmək istəyir. Əslində, bu adamların namizədliyini heç "Milli Şura" ideyasının müəllifləri də dəstəkləmir.

"Milli Şura"dakıları nə milli maraqlar, nə demokratiya, nə də "vahid namizəd"i müəyyənləşdirmək maraqlandırır

Prezident seçkilərinin vaxtı daraldıqca "Milli Şura"nın çirkin niyyətləri üzə çıxır. Belə ki, mövcud vəziyyət təxminən 2 il bundan əvvəl "İctimai Palata"nın durumunu və ondan da bir qədər öncə aqressiv müxalifətin "vahid namizəd" siyahısı yönündəki vəziyyətini xatırladır. İfrat radikal, barışmaz mövqedə dayanan Eldar Namazov və Rüstəm İbrahimbəyov kimi reneqatların hər birinin məqsədi əslində "müttəfiqlik" etdikləri siyasi partiyaların sosial bazasını ələ keçirməkdir. Onları, xüsusən də "Milli Şura"dakıları nə milli maraqlar, nə demokratiya, nə də "vahid namizəd"i müəyyənləşdirmək maraqlandırır. Həmin qüvvələrin hər biri yalnız və yalnız öz namizədinin müxalifətin "vahid namizəd"i olmasına çalışır. Həmçinin, Azərbaycanın sürətli inkişafından ciddi narahatlıq keçirən qüvvələr indi ölkəmizdə ermənipərəst kinorejissorun prezident seçilməsi üçün pul xərcləyirlər. Bu reneqatlar hakimiyyət əleyhinə ifrat radikal çıxışlar edərək seçkiqabağı siyasi şou göstərmək üçün istifadə edirlər. "İnkarçılar"ın toplaşdığı bir qurumun nümayəndələri qeyri-obyektiv bəyanatlar verərək ölkə ictimaiyyətini çaşdırmaq istəyirlər. Öz şəxsi problemlərini qabartmaqla bunu xalqın problemi kimi qələmə verməyə cəhd göstərən bu reneqatların antiazərbaycançı şəbəkənin təsiri altına düşərək heç bir normaya sığmayan hərəkətləri yalnız ikrah doğurur.

"Milli Şura" Müsavatın lokad hücumu qarşısında

"Milli Şura"nın "vahid namizəd" axtarışı müxalifət liderlərini tamamilə hədəqədən çıxarıb. Müsavat Partiyasının üzvləri səbr kasalarının daşdığını və "Milli Şura"da qalmağın mümkünsüz olduğunu bildiriblər. Müsavat üzvü Aqil Qeybulla bildirib ki, "Milli Şura" kimi avantürist qurumda olmaq qəbuledilməz partiya üzvlərinə təhqirdir: "Çünki "Milli Şura"da olanların bəzilərinin cilovu müxtəlif əcnəbi əllərdədir. "MŞ" üzvlərinin Rüstəm İbrahimbəyovun namizədliyinin üzərində təkid etməsi və alternativ namizədin irəli sürülməməsi şübhəlidir. Bunu Müsavatın seçkilərdən kənarda saxlanılması kimi də qəbul etmək olar. Müsavat "Milli Şura"da qala bilməz. Partiya öz mövqeyini bildirib, seçkilərdə tək iştirak etməlidir". Ancaq ALP, AXCP, ACP və "EL" Hərəkatı Müsavatın seçkilərdə öz namizədi ilə iştirak etməsinə qarşı çıxdı. Bu isə o deməkdir ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə "Milli Şura"nı təşkil edən həmin qurumlar İsa Qəmbərin namizədliyini dəstəkləməyəcəklər. Müsavat başqanı İsa Qəmbər isə "Milli Şura"nın dəstəyini qazanmaq üçün Tbilisidə Rüstəm İbrahimbəyovun razılığını alsa da, sonradan məlum oldu ki, əslində, Rüstəm İbrahimbəyov "Milli Şura"da o qədər də əhəmiyyətli fiqur deyil. Bütün idarəçilik isə Eldar Namazovun əlində cəmləşib. Qurumun icra aparatının sədri İsa Qəmbərin namizədliyinin qarşısında "yaşıl işıq" yandırsa, Müsavat başqanı "Milli Şura"nın vahid namizədi kimi seçkilərdə iştirak edəcək. Lakin bu ehtimalın doğrulması sıfıra bərabərdir. Çünki E.Namazovun əsas məqsədi məhz İsa Qəmbərin namizədliyinin qarşısını almaqdır. Bu işdə E.Namazovun əsas ortağı Əli Kərimli olduğundan AXCP sədrinin də şuranın vahid namizədi olacağı inandırıcı deyil. Eyni zamanda, İsa Qəmbərin namizədliyi AXCP - "EL" Hərəkatı tandeminə ayaq uydurmağa çalışan ACP və ALP-nin də ideoloji-siyasi xəttinə uyğun gəlmir.

Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli də A.Qeybullanın təklif ilə razı olduğunu bildirib: "Əgər Rüstəm İbrahimbəyovun Bakıya gəlməsi və namizədliyinin qeydə alınması mümkün olmursa, İsa Qəmbərin namizədliyi irəli sürülməlidir". Onu da qeyd edək ki, Hacıbəylinin açıq şəkildə deyə bilmədiyi şəxsi ambisiyalardan geri çəkilməyən şəxslər ACP sədri Sülhəddin Əkbər, lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət, sədri Əvəz Temirxan və AXCP sədri Əli Kərimlidir.

Qoca rejissordan hesabat tələb olunur

"Milli Şura" İsa Qəmbərin namizədliyinə qarşı çıxaraq, məsələni avqustun 18-də keçirilməsi planlaşdırılan mitinqlə ört-basdır etməyə çalışdı. Beləliklə, "Milli Şura" daxilində yaranan ikitirəlik və mitinq keçirmək qərarı bu qurumun iflasa doğru irəlilədiyini bir daha sübut etdi. Sözsüz ki, keçirmək istədikləri aksiyanın baş tutmayacağı qabaqcadan bəllidir. Əslində, məhz belə də olacaq. Ancaq məsələ ondadır ki, mitinq baş tutmadığı halda bəs sponsurların verdiyi o "çirkli pulları" necə yuyacaqlar? Çünki özləri də yaxşı bilir ki, böyük pullar xərclənməsinə baxmayaraq budəfəki mitinqin əvvəlkilərdən də zəif olacağı gözlənilir. Hələ də Eldar Namazov başa düşmür ki, antiazərbaycançı şəbəkənin maliyyəsi ilə sabitliyi pozmağa cəhd göstərmək, mitinq keçirərək boş, faydası olmayan, reallığı əks etdirməyən fikirlər səsləndirərək xalqın etimadını qazanmaq şansı sıfıra bərabərdir. Bu ifrat radikal qüvvələr öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairənin iç üzü artıq xalqa yaxşı məlumdur. Çünki ölkə ictimaiyyəti də kimin kim olduğunu yaxşı bilir və sağlam düşüncəli cəmiyyət bir daha anarxiya, özbaşınalıq, dərəbəylik dövrünü yaşamaq istəmədiyini kifayət qədər etiraf edir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər