"Milli Şura"nın peşmançılıqla nəticələnən mitinqindən sonra müxalifətdə baş alıb gedən ziddiyyətlər pik həddə çatıb. Müxalifətçi funksionerlərin bir-birilərinin əleyhinə müxtəlif mətbu orqanlarda yazılar dərc etdirməsi, qarşılıqlı "tikanlı mesajlar", hətta bir neçə funksionerlərin açıq-aşkar əlbəyaxa davaya çıxması müxalif düşərgəsindəki vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərir. Əldə olunan informasiyaya görə, İsa Qəmbər və Əli Kərimli "Milli Şura"ya daxil olan digər qurumların rəhbəri ilə ziddiyyət yaradaraq onları mitinqə az adam gətirməkdə qınayıblar. Xüsusilə, ACP və ALP-ni hədəf seçən İsa Qəmbər bildirib ki, mitinqdə yeganə qüvvə Müsavat idi.
İndi müxalifətin bütün dərdi-səri qıraqda qalıb, bütün funksionerlər dava-dalaş edirlər ki, mitinqdə ən çox kimin partiyasından adam iştirak edib. Bu məsələdə də ən böyük canfəşanlığı İsa Qəmbər edir. Onun tapşırığı ilə "Yeni Müsavat" qəzetinin 20.08.2013-cü il sayında yazılır ki, meydanda yayılan foto və videomateriallardan belə təsəvvür yaranır ki, sanki bu mitinq Müsavat və AXCP-nin olub: "Milli Şura"nın 18 avqust mitinqinin iştirakçılarının 80 faizini Müsavat və AXCP üzvləri təşkil edib, cəmi 20 faiz "Milli Şura"da təmsil olunan digər qurumların payına düşüb. Sosial şəbəkələrdə qeyd edilir ki, "EL" Hərəkatı mitinqdə 32 nəfər, ACP isə 12 nəfərlə təmsil olunublar. Belə çıxır ki, "Milli Şura"da sinəsinə döyən bəzi qurumlar, xüsusilə də "EL", "ACP, ALP ya ciddi hazırlıq işləri həyata keçirməyiblər, ya da onların gücü elə ortaya çıxartdıqlarından ibarətdir."
Bu məqaləyə dərhal münasibət bildirən "EL" Hərəkatının nümayəndəsi Eldəniz Quliyev isə "Yeni Müsavat"da yazılanlarla razılaşmayıb. ACP sədri Sülhəddin Əkbər isə partiyasının rüsvayçı mitinq təşkilatçılığını ört-basdır etmək üçün bildirib ki, "18 avqust mitinqi ayrı-ayrı partiyaların aksiyası yox, demokratik qüvvələrin mitinqi idi."
Göründüyü kimi, "Milli Şura"ya daxil olan bütün partiyalar arasında gərgin anlar yaşanır, xüsusilə partiyaların ayrı-ayrılıqda mitinqə hər birisinin 100 nəfər belə çıxara bilməməsi və müxalifət "lider"lərinin səriştəsiz təşkilatçılıq fəaliyyəti vəziyyət o həddə çatdırıb ki, Müsavat Partiyasının qərargahında son 2 gündə 5 dəfə əlbəyaxa dava-dalaş olub. Dünən İsa Qəmbərlə Əli Kərimli arasında Müsavat Partiyasında baş tutan 20 dəqiqəlik görüş zamanı də maraqlı anlar yaşanıb. Belə ki, dəhlizdə cəbhəçilərlə müsavataçılar arasında baş verən əlbəyaxa dava Ə. Kərimlinin oranı qəzəb içində tərk etməsinə səbəb olub. Hətta İ. Qəmbərlə sağollaşmayan AXCP sədri çaşqınlıqdan maşının sürücüsünü unudub özü sükanda oturmaq istəyib.
Rüstəm İbrahimbəyovun mitinqə münasibəti isə daha böyük təəssüf doğurdu və müxalifətçilərin bütün ümidlərini bir daha qırdı: "Mən Moskavadan hər şeyi izləyirdim." Bu söz hər kəsi qıcıqlandırdı, Moskvada oturub müxalifətçiləri idarə etmək istəyən R. İbrahimbəyova qarşı son 2 gündə yaranan kin o həddə çatıb ki, artıq müxalifətçilərin əksəriyyəti onun Bakıya dönməsini belə istəmir.
"Milli Şura"nın mitinqində monitornq apara bilmədilər. Çünki baş alıb gedən pərakəndəlik və partiyaların az sayda iştirakı onların sıra ilə düzülməsini mümkün etmədi.
Müsavatla AXCP özləri nə gündədirlər ki, ətraflarında olan satellitlər də mitinqə adam çıxaraydılar. Eldəniz Quliyev deyir ki, "EL"-in mitinqdə 928 iştirakçısı qeydə alınıb. Heç o mitinqdə 928 nəfər olmayıb. Kimdir o 928 nəfər? Hünəri varsa, onların siyahısını dərc etsin. Elə ağ yalan danışırlar ki, Gebbels gorda çevrilir. Heç olmasa Sülhəddin Əkbər kimi abırına qısılıb dinməyəydi. Hələ bunların o dəyənək başçıları da deyir ki, mitinqi müsbət qiymətləndirir, bu biabırçılığı malalamaq üçün min bir səbəb gətirir. Tərəfdarları tələb edirlər ki, gəl mitinqə başçılıq elə, o da oturub Moskavada deyir mitinqi burdan izləyirəm. İmkan olsa elə Moskavada otura-otura prezident seçkilərində iştirak da edər. Mitinq "Milli Şura"ya elə güclü zərbə vurdu ki, artıq danışıq qabiliyyətini də itiriblər, normal yalan da danışa bilmirlər, özləri də süni nikbinliklərindən beziblər.
Samir