Bu günlərdə "El" Hərəkatı idarə heyətinin və "Milli Şura"nın üzvü Eldəniz Quliyev mətbuata verdiyi müsahibəsində ölkə mətbuatını təhqir edən, aşağılayan ifadələr söyləyib. Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər də qurumun brifinqində ölkə jurnalistijkasına qarşı dözümsüzlüyünü ortaya qoyub. Eyni zamanda "Milli Şura" sədri Rüstəm İbrahimbəyov hakimiyyətə gələcəyi təqdirdə jurnalistlərin ağzından vuracağını iddia etmişdi. Xatırladaq ki, E.Quliyev müxalifətin zəif olmasının və kompromisə gələ bilməməsinin əsas səbəbi kimi mətbuatı günahlandırıb. Onun sözlərinə görə, Azərbaycanda ictimai rəy yoxdur və mətbuat hər zaman günahkardır.
Əslində nə E.Quliyevin, nə İ.Qəmbərin, nə də ki, R.İbrahimbəyovun mətbuat haqqında bu kimi fikirlərlə danışamğa haqları yoxdur. Çünki onun hər hansı bir siyasi təcrübəsi yoxdur ki, siyasi prosesləri dəyərləndirsin. Məsələn, E.Quliyev kifayət qədər separatçı fikirlər səsləndirən bir şəxsdir. O baxımdan, onun personası bütövlükdə mətbuat üçün hər zaman ziddiyyətli olub. O ki qaldı Azərbaycan mətbuatı ilə bağlı söylədiyi fikirlərə, şübhəsiz ki, mətbuatımızın hər hansı bir prosesdə neqativ rolundan söhbət gedə bilməz.
Bu gün Azərbaycanda ictimai rəy mövcuddur. Məhz bu ictimai rəy birinci növbədə Azərbaycanın dövlət maraqlarını ifadə edir. Əgər bu gün E.Quliyevin də təmsil olunduğu "Milli Şura", "El" hərəkatı sözün əsil mənasında, məzhəkə obyektinə çevrilibsə, bunun günahını onun özünə "liderlik" edən şəxsdə və qurumda təmsil olunan digər insanlarda axtarmaq lazımdır. Bu baxımdan mətbuatın da, ictimai rəyin də burada heç bir günahı yoxdur. Xalqı, ictimaiyyəti, mətbuatı günahlandırmaq ən asan yol, ən asan vasitədir. E.Quliyev öz fəaliyyəti ilə bağlı olan məsələləri, eyni zamanda, onun müxalifət adlandırdığı dairələrin keyfiyyətsiz fəaliyyətini təhlil etməyi bacarmırsa, bu, onun problemidir. Mətbuatımız ölkədə və dünyada gedən prosesləri obyektiv şəkildə işıqlandırır və qiymət verir. Onun dediklərinin hamısı isə əsassız mülahizələrdən başqa heç nə deyil.
Beləliklə, vurğulamaq mümkündür ki, Azərbaycanın ictimai rəyini heç bir siyasətçi, heç bir halda ittiham edə bilməz. Əgər kiminsə ictimai rəydən narazılığı varsa, o, həmin səbəbi özündə axtarmalıdır. Bəzi siyasətbazlar isə uzun illərdir eyni sözləri təkrarlamaqdan yorulmurlar. Görünür, onların fəaliyyəti yetərincə ictimai rəyi cəlb edə bilməyib. Qaldı ki, mətbuatı günahlandırmağa, ümumiyyətlə siyasi proseslərdəki uğursuzluqlarla bağlı deyilən bu söz absurd bir şeydir. Yəni bir siyasətçi, siyasi qüvvə hər hansı siyasi prosesdə uğur qazana bilmirsə, buna görə mətbuatı günahlandırmaq sadəcə olaraq onların bəhanə axtarmaq yolundan başqa bir şey deyil.
Bu səbəbdən də, yaxşı olardı ki, belə siyasi oyunbazlar mətbuatı günahlandırmaqdansa, gedib əməlli-başlı götür-qoy etsinlər ki, uğur qazana bilməmələrinin səbəbi nədədir?! Əgər bizdən soruşmuş olsalar, biz onlara deyəcəyik ki, əsil səbəb uzun illərdir təkrarladığınız boş vədlərdir. Həmçinin özünüzə inamın olmamasıdır. Ümumiyyətlə, insanları, vətəndaşları inandıra biləcək bir taktikanı ortaya qoya biləcək gücünüzün olmamağı daima uğursuzluğunuza səbəb olub. Mətbuatı ittiham etmək lap uşaq söhbətinə oxşayır. Necə ki, öz aranızda uşaq-muşaq oyunu oynayıb, cəmiyyəti üzünüzə güldürürsünüz.
RƏFİQƏ